Qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyərək geri çəkilən işğalçı Ermənistan silahlı qüvvələrinin birləşmələri bir zamanlar qəsb etdikləri ərazilərin hər yerində özlərindən sonra rüsvayçı izlər qoyublar.
Teleqraf.com xəbər verir ki, Ermənistanın işğalından azad edilmiş Füzuli ərazisində olan jurnalistlər düşmənə məxsus olmuş minaatan batareyasında erməni əsgərlərinin qoyub qaçdığı silah-sursatı və hərbi əşyaları, konservləşdirilmiş qida məhsullarını, həmçinin onların xidmət etdiyi məntəqənin necə şəraitdə olduğunu videokameranın yaddaşına həkk ediblər.
Azərbaycan Ordusunun düşmənin təxribatına cavab olaraq sentyabrın 27-də başladığı əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş texnikalarını, silah-sursatlarını və hətta bəzi şəxsi əşyalarını da burada qoyaraq, döyüş postlarından qaçıblar.