“Ermənistan rəhbərliyinin sülh gündəmində və planında Qarabağ məsələsi yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Metaxe Akopyan deyib.
“Hələ bir neçə ay əvvəldən rəsmilər tərəfindən verilən bəyanatlardan və ictimaiyyət qarşısındakı çıxışlarından belə nəticəyə gəlinir ki, Ermənistan rəhbərliyi Qarabağ məsələsini əlindən buraxıb. İndi bu barədə hakimiyyət təmsilçilərindən açıq bəyanatlar verilir”, - deputat bildirib.
Akopyan vurğulayıb ki, 10 noyabr üçtərəfli bəyanatı imzalamaqla Ermənistan hakimiyyəti faktiki olaraq Qarabağ məsələsindən imtina edib:
“Təbii ki, bunun davamı olmalı idi. İki il ərzində əvvəlcə birbaşa eyhamlarla, sonra daha açıq şəkildə Ermənistan başçısı (Nikol Paşinyan) möhürünü vuraraq dedi ki, Ermənistanın 29.8 min kvadrat kilometrlik ərazisi üçün mübarizə aparırlar. Bununla sübut etdi ki, Qarabağ onların planlarında yoxdur”.
Akopyanın sözlərinə görə, Paşinyan addım-addım Qarabağı ermənilərin yaddaşından uzaqlaşdırmağa çalışır:
“Çıxışları ictimaiyyəti buna hazırlaşdırmaq məqsədi daşıyırdı ki, Praqada baş tutan görüşlərin nəticələri insanlar üçün bu qədər gözlənilməz olmasın. O, nə etdiyini yaxşı bilir”.