Otuz il müddətində işğalçı Ermənistan Qarabağda və işğal olunmuş rayonlarda kiçik istisnalarla bütün kəndləri, şəhərləri, tarixi abidələri yer üzündən silib. Azərbaycan şanlı Zəfərə imza atdığı 44 günlük Vətən müharibəsindən sonra Qarabağda sürətli bərpa-quruculuq işləri aparılır.
Hazırda müşahidə edilən proses bundan ibarətdir ki, ərazilər dağıntılardan təmizlənir, köhnə, yarasız tikililər sökülür. Əvəzində müasir şəhərlər və kəndlər salınır. Təklif olunur ki, yenidən bərpa olunan ərazilərdə işğal dövrünü xatırladacaq dağıntılar tarixi sübut kimi saxlansın.
Fəlsəfə və Sosiologiya institutun aparıcı elmi işçisi, Fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov Teleqraf.com-a açıqlamasında bərpa-quruculuq işləri ilə bağlı təkliflərini səsləndirib.
O, təklifinin şəhər və kəndlərin layihələndirilməsi ilə bağlı olmadığın bildirib: “Dağıntının miqyası o qədər böyükdür ki, yenidən bərpa etməyə illər lazımdır. Hazırda yüksək səviyyəli layihələndirmə işlərinin getdiyini görürük. Şərqi Zəngəzur bölgəsində çox sürətli bərpa-tikinti işləri davam edir. Bu bizi çox sevindirir.
Ümumi işə müsbət tövhəmizi, fikirlərimizi təklif etməyi vətəndaşlıq borcu bilirəm. Düşünürəm ki, hər bir işğaldan azad olunmuş rayonda otuz illik işğalın ən azı bir göstəricisi qalmalıdır. Erməni vandalizminin izlərini şəhərin bir guşəsində saxlamaq çox məqsədəuyğundur.
Keçmiş məcburi köçkünlərin geri dönüşü ilə bağlı ən çox qayıdış və məskunlaşmanın baş verdiyi rayonlardan biri də Laçındır. Onların həm şəhərə, həm də Zabux kəndinə mərhələli şəkildə daimi məskunlaşması təmin olunub. Konkret bir fakt üzərində dayanıb, fikrimi izah edim. Məlum məsələdir ki, Laçının Zabux kəndi otuz il işğal dönəmində 1-2 ev istisna olmaqla demək olar ki, yer üzündən silinmişdi. Ermənilər orada daimi qalacaqlarını düşünərək, bir qəsəbə də tikmişdi.
İşğaldan azad olunduqdan sonra həmin qəsəbə ləğv edilərək yerində müasir qəsəbə salınıb. Artıq sakinlərimiz öz doğma yurdlarına köçüb yaşamağa davam edirlər. Diqqətimi çəkən məqamlardan biri odur ki, keçmiş Zabux kəndini xatırladan heç nə qalmayıb. Zabuxda yeganə salamat qalmış ev rəhmətlik babam İmran kişinin evidir. Fikrimcə, həmin evi bərpa edib, keçmiş Zabuxun yadigarı kimi saxlamaq lazımdır. Doğmam olduğu üçün bu qərara gəlməmişəm, başqasının da olsa, yenə eyni düşüncədə olardım. Bu, həm kənd sakinləri, həm yeni doğulacaq nəsillər, həm də xarici turistlər üçün tarixi sübut olar”.
Ağasəlim Həsənov hesab edir ki, tarixi keçmişlə müasir gələcək rabitəli olduqda möhtəşəm olur:
“Müasir düşüncələr dəyişir. İndi insanlar mətn oxumaqdan çox hər hansı fotoya, maddi sübutlara baxmağa önəm verirlər. Nəzərə almaq lazımdır ki, Laçın şəhərinin ərazisi turizm potensialına malikdir. Burada yeraltı və yerüstü sərvətlər var. Bu baxımdan yaxın gələcəkdə buraya yerli və xarici turistlərin axını da qaçılmazdır.
Təbii ki, yeni tikilmiş abad qəsəbələr, müasir şəhər göz oxşayacaq. Burada keçmiş kənd və ya şəhərdən qalan hansısa bir obyektin dağıntılarını saxlamaq çox məntiqli və tarixi baxımdan əhəmiyyətli olardı.
Hesab edirəm ki, dövlət qurumları da bu məsələyə biganə qalmayacaq. Eynilə buna oxşar digər yaşayış məntəqələrimiz də mümkün olduğu qədər erməni vandalizmin izini saxlamağa çalışmalıyıq. Bununla da tarixi yaddaşımızı möhkəmləndirmiş olarıq”.