29 Noyabr 2017 09:36
2 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

…əgər Hrant Dinkin həyat yoldaşı Rakel Dink ilə qalmaqallı sovet “dissident” erməni Yelena Bonner (Köçəryan-Alixanyan) arasında paralellər axtarsaq, hər ikisinin çıxışlarında antitürk meyilləri təhlil etməyə çalışsaq, zənnimizcə, kobudluğa və ya siyasi yanlışlığa yol vermiş olmarıq. Y.Bonner ərinin – hüquq müdafiəçisi, siyasi dissident, akademik Andrey Saxarovun ölümündən sonra onun adına fond yaradaraq SSRİ-də etnik separatizm zəminində qarşıdurmalara “millətlərin öz müqəddəratını həll etmə hüququ» donunu geydirənlərdən, Qarabağın Ermənistan tərəfindən işğalına haqq qazandıranlardan, anti-Azərbaycan təbliğatının istiqamətvericilərindən biri olmuşdu. Məqalələrinin birində həyasızcasına bu barədə yazırdı: “Aydın şəkildə dərk etməliyik ki, müstəqil Azərbaycan və müstəqil Ermənistan arasında münaqişə yoxdur. Reallıq isə Azərbaycan ərazisində erməni əhalisinin hüquqlarının pozulması, Qarabağın erməni konklavının özünümüdafiəsi və mövcudluğunu qorumaq uğrunda mübarizəsidir”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

Əvvəli burada

Maraqlıdır ki, bu gün Hrant Dinkin qətlinin əsl sifarişçiləri hələ də arxa plandadırlar. Cinayətdə müxtəlif ehtimallarla adları hallandırılan tərəflər – ifrat millətçilər, «ergenekonçular», FETO-çular, radikal dinçilər isə, əslində, sifarişçi və qatil - Türkiyənin «Eduard Qriqoryanı» olmuş Ogün Samast adlı məhdud dünyagörüşünə malik gənc arasında vasitəçilərdir. O.Samastın istintaqa verdiyi ifadəyə diqqət yetirək: «Məni bu vəziyyətə salanlar indi haradadır, kimdir onlar? Damarlarımda cahilliyin axdığı ilk gənclik illərində mən «Aqos» qəzetini haradan bilirdim? Hrant Dinki haradan tanıyırdım? Erməni nədir, tarix nədir heç bilməzdim».

Cinayətdən dərhal sonra Türkiyənin aparıcı qəzetləri də özəl araşdırmalara başlamış, aralarındakı siyasi mövqe müxtəlifliyinə baxmayaraq, terrorun bilavasitə xaricdən qaynaqlanması qənaətinə gəlmişdilər. Məsələn:

«Radikal» qəzeti: «Hrant Dinki öldürənlər Türkiyəyə və türklüyə ən böyük zərbə vurdular».

«Sabah» qəzeti: «Hrant Dinki vuran silahın tətiyini çəkən barmaq Türkiyədəki sabitliyi və təhlükəsizliyi hədəfə almaq istəmişdirsə, öz məqsədinə çatmışdır».

«Vətən» qəzeti: «Cinayətin sadəcə erməni diasporunun, millətçi erməni təşkilatlarının məqsədlərinə uyğun vəziyyət yaratdığını zənn edənlər yanılırlar. Bu cinayət Türkiyənin Qərb ilə münasibətlərini korlamaq, Avropa İttifaqına daxil olmasına mane olmaq istəyənlərin məqsədlərinə də uyğundur».

«Milliyət» qəzeti: «Hrant Dink «erməni məsələsi»ndə Türkiyədəki çoxluqdan, fanatik erməni diasporasından fərqli düşünürdü. Ermənistanda erməni fanatikləri ilə mübahisə edərək qarşıdurmaya da gedirdi. Hrant Dink erməni diasporasının fanatikləri kimi düşünən və danışan olsaydı belə, bu cinayətin iyrəncliyi dəyişməzdi».

«Hürriyyət» qəzeti: «Bu cinayət vaxtında törədildi. Erməni iddialarına qarşı Türkiyənin bütün haqlı mövqelərini zəiflətdi. Türkiyənin «soyqırımı» iftiralarına qarşı apardığı mübarizədə gücünü yox etdi, Türkiyənin «törətməkdə» damğalanmasında erməni diasporasının işini çox asanlaşdırdı».

Beləliklə, Hrant Dinkin qətlində erməni diasporunun da əlinin olması ehtimalı getdikcə öz təsdiqini tapmaqdadır. Təsadüfi deyildir ki, məhz bu terror aktından sonra «xəcalətli» Türkiyədə qondarma «erməni soyqırımı», müsəlman ermənilərin «etnik və dini kimliklərinə qayıdışı» məsələlərinin ictimailəşməsinə geniş imkanlar açılmışdı. Məsələn, Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyan cinayətdən dərhal sonra bildirmişdir:

«Xalqlar arasında dialoqun qurulmasına inanan Hrant Dinkin öldürülməsi bizi çox üzmüşdür. Bu cinayəti lənətləyir və Türkiyədən qatillərin müəyyən edilməsini tələb edirik». 1960-cı ildə Tuncelidə doğulmuş və ömrünün əlli ili ərzində özünü «müsəlman» və «türk» kimi təqdim etmiş erməni əsilli Selahattin Gültekin də Vardan Oskanyanın fikirlərini bölüşməkdədir. Diyarbəkir kilsəsində vəftiz olunduqdan, dinini, etnik mənsubiyyətini dəyişdikdən sonra o, «Miran Pirgiç» adına götürmüş və Ermənistan meyilli «Dərsim Ermənilərinin İnanc və Sosial Yardım Dərnəyi»ni təsis etmişdir. Özünün etirafına görə, etnik və dini kimliyinə qayıdışdan sonra «bizi de-şifrə edirsən» deyən digər gizli ermənilərin təzyiqinə məruz qalmışdı. O, müsahibəsində bildirmişdi: «Türkiyəni və dünyanı sarsıdan Hrant Dink cinayəti ardından erməni kimliyinin qorunması və saxlanılması deyil, erməni kimliyinin təhlükəsizliyinin təmin olunması daha vacibdir. Hrant Dinkin qətlindən sonra başlanan erməni kimliyi mücadiləsi, «Kürd məsələsi» ilə davam edən kimlik mücadiləsi bizləri də mübarizə aparmağa, bir olmağa ruhlandırdı». Erməni əsilli jurnalist Yetvart Danzikyan da «Hrant Dink niyə öldürüldü?» məqaləsində Türkiyə dövlətini ittiham edərək bunları yazırdı: «Bu cinayətin ölkənin şüuraltı qatınadək uzandığını söyləmişdim. Bu, ölkədə hakim (türk – A.Q.) çoxluğun və dövlətin erməni əhalisi ilə problemlərinin olduğunu göstərdi… Bu etnik təmizləmənin ən böyük iki hədəfi isə yunanlar və ermənilərdir».

Bununla da Hrant Dinkin adı Türkiyədə və Ermənistanda siyasi spekulyasiya, hətta bəzən qazanc vasitəsinə çevrildi. Hrant Dink Vəqfinin ardıcıl olaraq təşkil etdiyi konfrans və simpoziumlarda təkcə «erməni məsələsi» deyil, Türkiyədə yunanların, suryanilərin, kürdlərin, yezidilərin, ələvilərin və s. üzləşdikləri «etnik və dini problemlər» müzakirəyə çıxarılır, «tarixən bu torpaqlarda sivilizasiyanın özəyini təşkil etmiş erməni mədəniyyətinin təqibi» geniş təbliğ olunur, bu iddiaların yayılmasında fərqlənən jurnalistlərə Hrant Dink adına mükafat verilir. Vəqfin nəzdində fəaliyyət göstərən səyahət bürosu isə Ermənistana müntəzəm turist səfərləri təşkil edir. Qondarma «erməni soyqırımı»nı tanıyan və Türkiyəni «etnik və dini ayrı-seçkilikdə ittiham edən professor İsmayıl Beşikçinin fərəhlə yazdığı kimi, «Hrant Dink öz ölümü ilə ölkədə ermənilərə münasibəti dəyişdi. 1980-ci ildən sonra doğulmuş ermənilər öz keçmişlərindən açıq danışmağa başladılar». Hrant Dinkin qətlindən sonra sürətlə radikallaşan, «erməni məsələsi»nə qondarma «soyqırımın» tanınması, təzminat və «Qərbi Ermənistan» iddiaları ilə İrəvanın və erməni diasporasının rəğbətini qazanan «Aqos» qəzeti isə cəzasızlıq sindromundan bəhrələrərək Türkiyə və Azərbaycan əleyhinə separatizm ideyalarının açıq təbliğində, ərazi bütövlüyünə qarşı çıxış etməkdə xüsusi fəallıq göstərməkdədir.

Əgər Hrant Dinkin həyat yoldaşı Rakel Dink ilə qalmaqallı sovet «dissidenti» erməni Yelena Bonner (Köçəryan-Alixanyan) arasında paralellər axtarsaq, hər ikisinin çıxışlarında antitürk meyilləri təhlil etməyə çalışsaq, zənnimizcə, kobudluğa və ya siyasi yanlışlığa yol vermiş olmarıq. Y.Bonner ərinin – hüquq müdafiəçisi, siyasi dissident, akademik Andrey Saxarovun ölümündən sonra onun adına fond yaradaraq SSRİ-də etnik separatizm zəminində qarşıdurmalara «millətlərin öz müqəddəratını həll etmə hüququ» donunu geydirənlərdən, Qarabağın Ermənistan tərəfindən işğalına haqq qazandıranlardan, anti-Azərbaycan təbliğatının istiqamətvericilərindən biri olmuşdu. Məqalələrinin birində həyasızcasına bu barədə yazırdı: «Aydın şəkildə dərk etməliyik ki, müstəqil Azərbaycan və müstəqil Ermənistan arasında münaqişə yoxdur. Reallıq isə Azərbaycan ərazisində erməni əhalisinin hüquqlarının pozulması, Qarabağın erməni konklavının özünümüdafiəsi və mövcudluğunu qorumaq uğrunda mübarizəsidir».

«Yelena Bonnerin türkiyəli xələfi» sayıla biləcək Rakel Dink mərhum ərinin adı ilə bağlı olan Hrant Dink Fondunun rəhbəri kimi eyni mövqeyi bölüşür. Lakin fərq burada «Azərbaycan» sözünün «Türkiyə» kəlməsi ilə əvəz edilməsidir. O da Y.Bonner kimi mərhum ərinin ideyalarını, demokratiya, insan haqları barədə fikirlərini saxtalaşdıraraq onları siyasi spekulyasiya və biznes vasitəsinə çevirməkdədir. Məsələn, 2013-cü ildə İstanbulda «Müsəlmanlaş(dırıl)mış ermənilər» mövzusunda keçirilmiş beynəlxalq konfransın açılışında etdiyi çıxışda bir məqam yuxarıda göstərilən paralelliyi təsdiqləyir. Konfransın qayəsini «Dilimizin əzbəri olan «Əslini danan haramzadadır» sözlərinin təşkil etdiyini vurğulayan R.Dink Türkiyəni ermənilərin hüquqlarını pozmaqda günahlandıraraq əlavə etmişdir: «Biz bu ifadəni hər şəraitdə deməyi məharət sayırıq. Lakin «haramzada» (müsəlman ermənilər nəzərdə tutulur – A.Q.) dediklərimiz adamların nələr yaşadıqlarını, əsillərini nə üçün inkar ermək məcburiyyətində qaldıqlarını bilməyə çalışmırıq… Əslində, onlar yenidən yaşamaq üçün yox oldular, silindilər, həyatda ikən öldülər. İndi artıq onların pıçıltıları güclü bir hayqırtıya çevrilməkdədir». Sonra isə eynilə Yelena Bonerin gedişini təkrar edərək, həm Ermənistanın, erməni diasporasının, Türkiyədəki separatçı erməni dərnəklərinin, həm də Türkiyənin parçalanmasında maraqlı olan xarici qüvvələrin məqsədlərini «Hrant Dinkin fikirləri» kim yozmağa çılışmış, «Kimiliyə dönüş» planının həqiqi məqsədlərini belə etiraf etmişdir: «O, (Hrant Dink) «erməni məsələsi»ni heç də ölüm üzərində deyil, həyat üzərində, ölülər üzərində deyil, yaşayan insanlar (müsəlman ermənilər – A.Q.) üzərində müzakirə edildiyinin vacibliyini düşünür və deyirdi. Bu gün isə onun nə dərəcədə haqlı olduğunu görürük».

Lakin Türkiyədə Hrant Dinkin ölümündən sonra bütün siyasi spekulyasiyaları rədd edib onun həqiqi barış ideyalarını bölüşən və yaşadan ermənilər də çoxdur. Onlar qondarma «erməni məsələsi»nin türk və erməni xalqlarının arasında düşmənçilik, qarşıdurma yaradılmasına yönəldiyini yaxşı anlayır və soydaşlarını təxribatlara uymamağa çağırırlar. Belə insanların sırasında türk pop musiqisinin ulduzlarından sayılan bəstəkar və aranjemançı Garo Mafyanın da adı çəkilməkdədir. Müsahibələrinin birində xristian erməni ailəsində doğulduğunu, bununla belə, böyük qardaşının könüllü islam dinini seçdiyini, özünün qriqorian, həyat yoldaşının isə müsəlman olduğunu vurğulayan bəstəkar din fərqinə münasibətini belə ifadə etmişdi: «İnanc məsələsini hər şeydən ayrı tuturam. Ramazan ayında həyat yoldaşım oruc tutur, mən isə yox. Hər kəsin din haqqında bir anlayışı var və insanlar inancları ilə yaşamlarını ayırmalıdırlar». 2008-ci ilin aprel ayında – qondarma «erməni soyqırımı»nın ildönümü ərəfəsində tanınmış televiziya aparıcısı Səba Tümerin gecə proqramlarının birinə dəvət olunan Garo Mafiyan Türkiyədəki «Ermənilərdən üzür diləyirəm» kampaniyasına münasibət bildirərkən «Heç kəs mənim əvəzimə üzr istəyə bilməz! Mən də kimsənin adından üzr istəmərəm!» – demiş, fikirlərini sərt şəkildə belə ifadə etmişdi: «Bu məsələ tarixçilərin, hüquqşünasların işidir… Türkiyədə yaşayan erməniləri narahat edə biləcək hər hansı bir məsələ yoxdur. Öz tarixlərini bilməyən xarici dairələrin oyunu ilə hərəkət edən bir qrup insanın əməllərinə ölkəmizdə yaşayan erməni əsilli vətəndaşlarımız dəstək verməməlidirlər… Mən bu bayrağın (Türkiyə bayrağının) altında yaşayıram. «Həqiqi» və «qondarma» kəlmələrinin nə olduğunu da anlamıram. Bəli, mən erməniyəm. Amma bunu fürsət düşən kimi mənə xatırlatmaq axmaqlıqdır. Mən bundan rahatsız oluram. Türkiyədə «erməni olmaq» heç də istisnada olmaq deyildir».

(Ardı var)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər