…Hrant Dinkin Türkiyəyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, 1915-ci ildə baş vermiş hadisələrin manipulyasiyasına, Ermənistan Respublikasının işğalçılıq siyasətinə, ən nəhayət, Qərb dövlətlərinin «erməni məsələsi»ndə tutduqları birtərəfli mövqeyə dair fikirləri də ona xeyli əleyhdar qazandırmışdı. Məsələn:
- «Türkiyəliyəm… erməniyəm… iliklərimə qədər anadoluluyam».
- «Mən «soyqırım» deyəndə bunun türklərin etdiyini söyləmədim. Əslində, kürdlər çox sayda erməni öldürmüşlər».
- «Əgər bu qanun layihəsi (Fransada qondarma «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılması) keçərsə və bu, gerçək kimi görünür, mən Fransaya gedərək, əksini düşünsəm belə, içim yansa da, erməni soyqırımının olmadığını söyləyəcəyəm».
- «İlk növbədə Qarabağ məsələsinin çözülməsi lazımdır. Açıq və qəti şəkildə söyləyirəm: Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməlidir».
- «Sənin (Qərb dövlətlərinə xitabən) erməni soyqırımını tanımağın və ya tanımamağın mənim üçün beş paraya dəyməz!.. Bəs bu məsələni kim çözəcək, qərarı ABŞ senatımı verəcək?»
- Türkiyənin, ya da dünyanın bu olayları tanıması və ya tanımaması heç bir şeyi dəyişməyəcəkdir. Ermənilərin hədəfi bu olayları Türkiyəyə və ya dünyaya qəbul etdirmək olmamalıdır! Erməni kimliyinin mövcudluğu başqa ölkələrin soyqırımı qəbul edib-etməməsinə bağlanmamalıdır. Bu, zərərli yanaşmadır və tərk edilməlidir».
- «Türkiyəni Avropa İttifaqına qəbul etməmək üçün «erməni məsələsi»ndən istifadə edirlər. İşin mahiyyəti də budur. Mən erməni olaraq bütün bunlardan utanıram. Axı bu tamaşa, bu fəlakət, bu qədər siyasi oyunlar nə üçün olmalıdır?»
İslam dininə tapınan ermənilərə münasibətdə də Hrant Dinkin mövqeyi «erməni məsələsi»ndən kənarda idi.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.
Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.
Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:
Bir qədər də Türkiyə şirkətləri ilə rəsmi müqavilələr əsasında fəaliyyət göstərən həmin turizm firmalarının «ermənilərin müqəddəs dağı» kimi təqdim etdikləri Ağrı dağına alpinist yürüşlərinin təşkili haqqında. Türkiyə tərəfi 2015-ci ildən təhlükəsizlik mülahizələrinə görə Ağrı dağına yürüşləri dayandırsa da, «Ermənistan tarixini bilən hər bir erməni üçün müqəddəs arzu olan Ararat dağına» («Apeks-tur» şirkəti) «partizan səfərləri» hələ də təşkil olunmaqdadır və bu turlardan «Qərbi Ermənistan»ın və «Dağlıq Qarabağ Respublikası»nın təbliğatı məqsədilə istifadə edilir.
Bu yerdə qardaş və tərəfdaş Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinə kiçik bir xatırlatma ünvanlamaq yerinə düşər. Yuxarıda adları çəkilən və Türkiyəyə açıq şəkildə ərazi iddiaları irəli sürən şirkətlərin hər biri beynəlxalq hüquq normalarını pozaraq, Ermənistanın və bir sıra xarici ölkə vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə – qondarma «Dağlıq Qarabağ Respublikasına» da turist səfərlərini təşkil edirlər. Azərbaycan Respublikası onların qanunsuz fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatlara dəfələrlə öz etirazını bildirmişdir…
Residiv terror aktları. Sumqayıt hadisələri və Hrant Dinkin qətli. Türkiyədəki Xalqların Demokratik Partiyasından (HDP) erməni əsilli millət vəkili seçilmiş Karo Paylan bir məsələdə tamamilə haqlıdır. Həqiqətən də, «cəzasız qalan istənilən cinayət onun təkrarlanmasına səbəb olur». Təcrübə göstərir ki, siyasi məqsədlərə çatmaq üçün qəsdən törədilən cinayətlər təkcə əlahiddə kriminal hadisələr xarakteri daşımır, həm də qarşıdurmaların daha da dərinləşməsində detonator rolunu oynaya bilən ideoloji təsir effektinə malikdir. Məsələn, 1988-ci ildə Moskva və İrəvanın əli ilə törədilmiş, onlarca insanın ölümünə səbəb olmuş Sumqayıt hadisələri erməni separatçılarının əlində Azərbaycana qarşı yönəldilən güclü informasiya silahına çevrilmişdi. Bu sözləri digər cinayətin – 2007-ci ildə İstanbulda «Aqos» qəzetinin baş redaktoru, erməni əsilli Hrant Dinkin qətlinin Türkiyə əleyhinə geniş istifadə edilməsinə də aid etmək olar. Əlbəttə, həm Sumqayıt hadisələrinin, həm də Hrant Dinkin qətli zaman, məkan və miqyasına görə fərqlidir. Lakin aralarındakı fərqlərə baxmayaraq, hər iki olayın strateji məqsədləri və «informasiya effektləri» arasında paralellər vardır və «Pandoranın açıq mücrüsü» kimi Azərbaycana və Türkiyəyə qarşı analoji ittihamların irəli sürülməsinə zəmin yaratmışdı.
Əvvəlcə Sumqayıt hadisələri haqqında. Həmin ərəfədə Dağlıq Qarbağda və İrəvanda Azərbaycan və azərbaycanlılar əleyhinə mitinqlər intensivləşmiş, şüar və çağırışlar getdikcə radikal xarakter almağa başlamışdı. Diqqəti Ermənistandan qovulan, qətl və işgəncələrə, talana məruz qalan yüz minlərlə azərbaycanlıdan yayındırmaq, dünya ictimaiyyətini Azərbaycana qarşı kökləmək məqsədilə 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində kütləvi ixtişaşlar təşkil edilmiş, nəticədə 32 nəfər öldürülmüş, 400 nəfər bədən xəsarəti almış, 200 mənzil qarət olunmuş, 50 mədəni-məişət obyekti dağıdılmışdır. Qətlə yetirilənlərin 26 nəfəri etnik erməni, beş nəfəri Azərbaycan türkü, bir nəfəri isə ləzgi idi. İxtişaşçı qrupların əsas rəhbərlərindən biri olmuş Eduard Qriqoryan şəxsən 6 ermənini qətlə yetirmişdir.
Sumqayıt hadisələrinin istintaqı cinayətin SSRİ və Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsi, Qarabağ Komitəsi, «Krunk» təşkilatı, Daşnaksütyun Partiyasının gizli ekstremist qrupları tərəfindən təşkil olunması, qarət və qətllərdə Azərbaycan dilini mükəmməl bilən etnik ermənilərin xüsusi fəallıq göstərməsi sübuta yetirmişdir. İxtişaşları yatırtmaq məqsədilə şəhərə yeridilən SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri isə hadisələrə müdaxilə etmək əvəzinə gözləmə mövqeyi tutmuş, yalnız fevral ayının 29-da Sumqayıta daxil olmuşdur. Bu hadisələrin Moskva tərəfindən qabaqcadan təşkil olunmasını həmin dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləmiş general Nikolay Kryuçkov, Ermənistanın populist siyasətçilərindən Paruyr Ayrikyan da etiraf etmişlər. O da məlum olmuşdur ki, Ermənistan SSR və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin «Nalyotçik» kod adı altında birgə planlaşdırdıqları əməliyyatın icrasına xüsusi xidmət orqanlarının əməkdaşları ilə yanaşı erməni millətçiləri, əvvəllər məhkum olunmuş kriminal elementlər də cəlb edilmişdir, məsələn: Albert Qriqoryan, Ernest Qriqoryan və Tiqran Qriqoryan (Eduard Qriqoryanın qardaşları), Levon Saturyan (Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı. Qarabağ Komitəsinin üzvü), Aram Zaxaryan, Suren Sərkisyan, Rudik Ambartsumyan, Albert Minasyan (Qarabağ Komitəsinin üzvləri), Qriqori Aqadlanyan, Artur Qriqoryan və Eduard Mosesov (erməni dilində çıxan «Kommunist» qəzetinin müxbirləri), Engels Qriqoryan, Valeri Ambartsumyan, Mixail Gevorkyan, Zoya Maryan, Slvik Asatryan və Benik Qriqoryan («Krunk» təşkilatının üzvləri) və başqaları.
Müəyyən olunmuşdur ki, cinayətdən on gün əvvəl Sumqayıtın imkanlı erməniləri, o cümlədən «Krunk» təşkilatının üzvləri banklardakı əmanətlərini çıxarmış, ailələri ilə birlikdə şəhəri təcili tərk etmişlər. Bundan başqa, planlaşdırılan erməni qırğınlarını və talanlarının videolentə alınması məqsədilə qabaqcadan Ermənistandan kinooperatorlar, fotoqraflar, jurnalistlər gətirlmiş, gizli çəkilişlər üçün yerlər (əsasən çoxmərtəbəli binaların damlarında) müəyyən olunmuş, gələcək erməni qurbanlarının yaşadıqları ünvanlar dəqiqləşdirilmişdir. Zərərçəkənlərin istintaq orqanlarına verdikləri ifadələrdən o da məlum olmuşdur ki, ixtişaş qurbanları və onların ailə üzvləri əsasən «Krunk» təşkilatına maddi yardım göstərməkdən imtina edənlərdir. İxtişaşların qabaqcadan planlaşdırılmasını təsdiqləyən digər sübut isə Sumqayıt hadisələrindən iki gün əvvəl Dağlıq Qarabağ Muxtar Respublikasında, Xankəndi şəhərində «Sumqayıt qurbanlarına həsr olunmuş» abidənin hazılanması və onun qoyulacağı ərazidə təcili abadlıq işlərinin aparılmasıdır.
İndi isə Sumqayıtdan xeyli uzaqda, İstanbulda törədilmiş analoji cinayətə diqqət yetirək. 2007-ci il dekabr ayının 19-da erməni dilində çıxan həftəlik «Aqos» qəzetinin ofisi qarşısında nəşrin baş redaktoru Hrant Dink arxadan başına vurulan üç güllə ilə qətlə yetirilmişdi. Az keçməmiş cinayətin törədilməsində şübhəli bilinən Ogün Samast yaxalanmış və məsuliyyətə cəlb olunmuşdu. Ölümündən sonra «demokratiya şəhidi» kimi tanıdılan Hrant Dink Türkiyə mətbuatının ünlü simalarından olmamışdı. O, yüzlərlə jurnalistdən biri, sıradan olan qəzetin redaktoru idi. «Aqos» qəzeti isə yalnız baş redaktorun qətlindən sonra sürətlə populyarlaşmış, tirajı artmış və radikallaşmışdır. Odur ki, Hrant Dinkin ölümündən düz on il vaxt keçsə də, əsas sual hələ də açıq olaraq qalır: «Onun qətli kimə lazım idi?» Bu sual ətrafında həm Türkiyədə, həm Ermənistanda, həm də bəzi Qərb dövlətlərində siyasi spekulyasiyalar bu gün də davam etməkdədir. Lakin tam əminliklə deyə bilərik ki, Hrant Dinkin qətlində heç bir marağı olmayan yeganə tərəf Türkiyə dövləti idi. Bu məsələ ilə bağlı yayılan informasiyaların, rəsmi mövqelərin təhlili göstərdi ki, Hrant Dinkin terror obyekti kimi seçilməsi təsadüfi deyildir. Bu, qabaqcadan düşünülmüş, planlaşdırılmış və siyasi hədəflərə tuşlanmış cinayət idi. Belə ki, qətl sifarişçilərinin düşüncəsinə görə:
1. «Hrant Dink jurnalist idi». Kütləvi informasiya vasitəsinin rəhbəri olan, bir sıra məsələlərdə Türkiyə hakimiyyətinin mövqeyini bölüşməyən qəzet redaktorunun öldürülməsi rəsmi Ankaranı «mətbuat azadlığını boğmaqda» ittiham etməyə əlverişli imkanlar yaradacaqdır.
2. «Hrant Dink erməni idi». Onun qətli «erməni məsələsi»nin həllində Türkiyəyə təzyiqləri artırmağa, burada etnik azlıqların insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair ittihamları kəskinləşdirməyə əlverişli şanslar verəcəkdir.
3. «Harnt Dink Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına çalışırdı». Onun aradan götürülməsi Türkiyənin qonşu Ermənistanla əlaqələrini daha da gərginləşdirə biləcəkdir.
4. «Hrant Dink demokratik düşüncəli Türkiyə vətəndaşı idi». Onun öldürülməsi Türkiyənin «demokratik dövlət» imicinə mənfi təsir göstərəcəkdir.
Digər əhəmiyyətli məqam. Hrant Dink bir erməni kimi qondarma «soyqırımın» Türkiyədə etiraf olunmasına çağırırdı. Lakin bu mövzunun siyasiləşməsi və Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edilməsinin əleyhinə idi. İrəvanda olarkən «Biz 1915-ci ildə öldürülənlərdən danışmaq əvəzinə sağ qalanları düşünməliyik»134 deməsi ona həm erməni diasprorasının, həm də Ermənistan dövlətinin nifrətini qazandırmışdı. H.Dinkin mövqeyinə görə, «erməni soyqırımı» məsələsinə Qərbin, erməni diasporasının, Avropa İttifaqının müdaxiləsinə son qoyulmalı, problem yalnız və yalnız Türkiyədə yaşayan türklərin və ermənilərin birgə səyləri ilə öz həllini tapmalıdır. Hrant Dink onları «erməni məsələsi», «ermənilərin hüquqlarının müdafiəsi», «etnik kimliyə qayıdış», «soyqırımının tanıdılması» bəhanələri altında siyasi spekulyasiya etməkdə, etnik və dini ayrı-seçkiliyi, xalqlar arasında düşmənçilik və etimadsızlığı yaymaqda günahlandırırdı. Bununla da Hrant Dink «erməni məsələsi»ndən faydalanan erməni əsilli iş adamları, «sol» və «sağ» təmayüllü siyasətçilər, xristian ruhanilər, erməni diasporası, Ermənistan hakimiyyəti, Qərb dövlətləri və təşkilatları üçün «problem daşıyıcısına» çevrilmişdi. Bununla belə, özü haqqında yazırdı: «Diasporadakı ifrat erməni millətçiləri məni «Türkiyə dövlətinin adamı», Türkiyədəki ifrat türk millətçiləri isə «ASALA nümayəndəsi» adlandırırlar…».
Hrant Dinkin Türkiyəyə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, 1915-ci ildə baş vermiş hadisələrin manipulyasiyasına, Ermənistan Respublikasının işğalçılıq siyasətinə, ən nəhayət, Qərb dövlətlərinin «erməni məsələsi»ndə tutduqları birtərəfli mövqeyə dair fikirləri də ona xeyli əleyhdar qazandırmışdı. Məsələn:
- «Türkiyəliyəm… erməniyəm… iliklərimə qədər anadoluluyam».
- «Mən «soyqırımı» deyəndə bunun türklərin etdiyini söyləmədim. Əslində, kürdlər çox sayda erməni öldürmüşlər».
- «Əgər bu qanun layihəsi (Fransada qondarma «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılması) keçərsə və bu, gerçək kimi görünür, mən Fransaya gedərək, əksini düşünsəm belə, içim yansa da erməni soyqırımının olmadığını söyləyəcəyəm».
- «İlk növbədə Qarabağ məsələsinin çözülməsi lazımdır. Açıq və qəti şəkildə söyləyirəm: Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməlidir».
- «Sənin (Qərb dövlətlərinə xitabən) erməni soyqırımını tanımağın və ya tanımamağın mənim üçün beş paraya dəyməz!.. Bəs bu məsələni kim çözəcək, qərarı ABŞ senatımı verəcək?»
- Türkiyənin, ya da dünyanın bu olayları tanıması və ya tanımaması heç bir şeyi dəyişməyəcəkdir. Ermənilərin hədəfi bu olayları Türkiyəyə və ya dünyaya qəbul etdirmək olmamalıdır! Erməni kimliyinin mövcudluğu başqa ölkələrin soyqırımı qəbul edib-etməməsinə bağlanmamalıdır. Bu, zərərli yanaşmadır və tərk edilməlidir».
- «Türkiyəni Avropa İttifaqına qəbul etməmək üçün «erməni məsələsi»ndən istifadə edirlər. İşin mahiyyəti də budur. Mən erməni olaraq bütün bunlardan utanıram. Axı bu tamaşa, bu fəlakət, bu qədər siyasi oyunlar nə üçün olmalıdır?»
İslam dininə tapınan ermənilərə münasibətdə də Hrant Dinkin mövqeyi «erməni məsələsi»ndən kənarda idi. Onları başqaları kimi «islamlaşdırılmış» deyil, məhz «müsəlman ermənilər» adlandıran baş redaktor bu mövzunun siyasi spekulyasiya səviyyəsinə endirilməsinə qarşı çıxmış və «biz onları erməni xalqının tərkib hissəsi olaraq tanımalıyıq» demişdir. Bu misallardan da göründüyü kimi, Hrant Dinkin qətli Türkiyəyə deyil, ilk növbədə «erməni məsələsi»ni, «türklərin ermənilərə patoloji düşmənçiliyi» mifini daha kəskin şəkildə gündəmə gətirmək, ona yeni ruh və nəfəs vermək, rəsmi Ankaranı və türk xalqını ermənilər qarşısında «gözükölgəli» etmək istəyən Ermənistana, «Aqos» redaktorunun praqmatik baxışlarını rədd edən radikal erməni diasporasına, eləcə də Türkiyə ərazisində fəaliyyət göstərən bəzi qüvvələrə daha çox lazım idi. Bu qətl həm də «erməni məsələsi»nin guya Türkiyədə bu gün də aktual xarakter daşımasını, onun yeni epizodlarla zənginləşməsini, türklərdə ermənilərə münasibətdə «xəcalət hissi» yaradılmasını və onların «erməni soyqırımı»nın tanımasına mənəvi-psixoloji hazırlanmasını arzulayanlar üçün hava və su qədər əhəmiyyətli idi. Beləliklə, Türkiyə «Həpimiz erməniyiz!» deməyə, «erməni məsələsi»nin konservasiyadan çıxarılmasına məcbur edildi. Bu cinayət nəticəsində «erməni məsələsi» təkcə Türkiyədə deyil, Avropada, Amerikada da sürətlə aktuallaşdı, qondarma «erməni soyqırımı»nın tanınması prosesinə yeni nəfəs verdi. Bununla da 1915-1918-ci illərdə ermənilərin 2.5 milyon müsəlmanı soyqırımına məruz qoyması haqqında Türkiyənin və Azərbaycanın əsaslı ittihamları arxa plana keçdi...
Qətldən sonra «Aqos» qəzetinin, erməni vəqf və dərnəklərinin Türkiyənin ərazi bütövlüyü əleyinə fəaliyyəti, etnik və dini separatizmin təbliği açıq və daha aqressiv xarakter almağa başlamış və demək olar ki, onlara «toxunulmazlıq statusu» verilmişdir. Bu qətldən ən çox siyasi divident qazanan təşkilat isə jurnalistin ölümündən az sonra təsis edilmiş Hrant Dink Vəqfi olmuşdur. İndi vəqf qondarma «erməni soyqırımı»na, «zorən islamlaşdırılmış ermənilərin etnik və dini kimliyinə qayıdışına», «Qərbi Ermənistanın erməni əhalisinin hüquqlarının qorunmasına», xüsusilə Türkiyədə «ermənilərin acınacaqlı vəziyyətinə» və s. heç bir maneə ilə üzləşmədən təbliğat aparmaq, Ermənistanla birbaşa əlaqələr qurmaq imkanı əldə edə bilmişdir.
Hrant Dinki terror yolu ilə öldürmək, cinayətin «etnik və dini ədavət zəmində» baş verməsi, «insan huquqlarının və azadlıqlarının kobud şəkildə pozulması» kimi beynəlxalq ictimaiyyətə çatdırmaq, qətldə Türkiyəni, onun siyasi sistemini, etnik və dini siyasətini və s. günahlandırmaq üçün əlverişli bəhanələr yaranmışdı. Eyni zamanda, bu məkrli siyasətin icrasında həm ölkə daxilində, həm də onun xaricində maraqlı olan tərəflər vardı. Etiraf olunmalıdır ki, bu bəhanələrin bəzilərinin yaranmasına H.Dinkin özü əsas vermişdi. Məsələn, vaxtilə kriptoermənilərə, müsəlman ermənilərə müraciətlə «Siz kim oluğunuzu bilməsəniz də, dövlət kimliyinizi yaxşı bilir» demiş, 2004-cü ildə «Aqos» qəzetində dərc etdirdiyi «Sabiha Hatunun sırrı» məqaləsində Livan və Ermənistan mənbələrinə istinadən Atatürkün mənəvi qızı, Türkiyənin ilk qadın hərbi pilotu, boşnak kökənli Sabiha Gökçenin guya erməni əsilli Hatun Sebilciyan olması, «1915-ci il hadisələrindən sonra yetimxanaya düşməsi və buradan övladlığa götürülməsi» iddiasını təbliğ etmiş və bu gün də səngiməyən mübahisələrə səbəb olmuşdu. Bir müddət sonra isə H.Dink erməni diasporası ilə bağlı məqalələrindən birində belə bir sərt ifadə işlətmişdi:
«Türkdən boşaldılacaq o zəhərli qanın yerini dolduracaq təmiz qan erməninin Ermənistanla quracağı damarlarda axır».136 Məhz həmin cümlə onu türk düşmənçiliyində, faşizmdə, etnik ayrı-seçkilikdə təqsirləndirməyə, eləcə də barəsində cinayət işinin qaldırılmasına əsas vermiş və ən nəhayət, qətlin başlıca səbəbi kimi göstərilmişdi. Halbuki, H.Dink bu ifadənin ümumi kontekstdən məqsədli şəkildə çıxarılmasını, söhbətin türklərdən deyil, türk düşmənçiliyi üzərində köklənmiş erməni diasporasının qanındakı «türklərə düşmənçilikdən» getdiyini dəfələrlə bildirmişdi. Yəni «Onların damarlarından türk düşmənçiliyi qanı çıxarılmadan «erməni məsələsi» real həllini tapmayacaqdır». Lakin türklər və ermənilər arasında qarşıdurmanın salınmasında maraqlı olan tərəflər bu ifadənin gerçək mahiyyətini deyil, məhz ilkin şərhini gündəmdə saxlamağa nail olmuşdular.
Kiçik bir detal: İstintaq araşdırmaları zamanı yerli hüquq mühafizə orqanlarının həmin cinayətin hazırlıq mərhələsindən xəbərdar olması, lakin naməlum səbəblər üzündən qabaqlayıcı tədbirlər görməməsi müəyyən edilmişdi. Hrant Dinkin qohumları Avropa İnsan Hüquqları Məhkəməsində Türkiyəyə qarşı iddia qaldıranda isə Ankara müdafiə çıxışının mətnində onu alman nasistləri ilə bir tutmuşdu. Lakin bu qalmaqallı mətn az sonra geri götürülmüş, həmin dövrlərdə Türkiyənin xarici işlər naziri olmuş Əhməd Davudoğlu sənədin məzmununun onunla razılaşdırılmadığını bildirmişdi. 2010-cu ilin sentyabr ayında məhkəmə Türkiyəni «insanların yaşamaq hüququnun və söz azadlığının pozulmasında» təqsirli bilmiş, H.Dinkin ailəsinə 133 min avro məbləğində təzminat ödənilməsinə dair qərar çıxarmışdı.
(Ardı var)