…alman faşizminin “təmiz qanlı millət” ideyasının növbəti erməni variantını dövlət siyasəti səviyyəsinə qaldırmağı tövsiyyə edən “ledi Himmler” 2008-ci ildə İrəvan Qanköçürmə Mərkəzinin açılışı zamanı üzünü Ermənistan fizioloqlarına tutaraq bunları bildirmişdi: “Erməni qanında heç bir xalqda olmayan spesifik genetik xüsusiyyətlər vardır, hətta ermənilərə yalnız erməni qanı köçürmək lazımdır”. Ermənistan donor reyestrinin rəhbərləri isə Bella Köçəryanın “steril erməni qanı” haqqında “dahiyanə” fikirlərini nasizm elementlərindən təmizləmək üçün dərhal ona aşağıdakı şəkildə şərh veriblər. Məlum olub ki, “ermənilərin fərqli genetik struktur xüsusiyyətləri üzündən hətta beynəlxalq reyestrlər bankında onlar üçün uyğun donor tapmaq mümkün deyildir. Bu isə erməni uşaqlarının və böyüklərinin həyatını təhlükə qarşısında qoyur”.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:
Əslində, «tarixi vətənə» söykənən etnik kimlik modellərinin axtarışı yeni deyildir. 1836-cı ildə Rusiyada işıq üzü görmüş «Qafqazın arxasındakı Rusiya ərazilərinin icmalı» adlı nəşrdə erməni etnik identikliyində spesifik «vətən» anlayışı haqqında bildirilir: «Tarixi şərait üzündən ermənilər bütün dünyaya yayılmışlar. Nəticədə, o ölkə ermənilər üçün vətən sayılıb ki, orada zirəklik göstərib daha sərfəli və təhlükəsiz gəlir əldə edə bilirlər». XIX əsrin sonlarında rusiyalı tarixçi, general Nikolay Dubrovin də ermənilərdə «daimi vətən» deyil, «müvəqqəti vətən» anlayışının olmasını və bunun etnik kimliyə ciddi təsir göstərdiyini müşahidə etmiş, mülahizələrini isə aşağıdakı şəkildə ümumiləşdirmişdir: «Fərqli dövlətlərin təbəəliyi atında olmuş və bütün dünyaya səpələnmiş erməni tayfası müxtəlif iqlim şəraiti, həyat tərzi və məşğuliyyət sayəsində özünün ümumi tipik xüsusiyyətlərini itirmişdir». Nəticədə, bu qənaətə gəlmək olar ki, «Vətən» orta statistik erməni üçün təhlükəsiz və yaxşı güzəranın olduğu müvəqqəti yaşayış məntəqəsidir». Bu sətirlərdən sonra məni «ermənifobiyada» ittiham etmək istəyənlərin isə bəri başdan diqqətinə çatdırıram ki, bu ideyanı elmi dövriyyəyə rusiyalı professor, erməni əsilli Mkrtiç Mnatsakanyan gətirmişdir. Professor «Millət və millətçilik» adlı əsərində özünüqoruma instinkti üzərində qurulan «vətən» anlayışı və erməni etnik identikliyinin mahiyyətini açıqlayaraq, əlavə etmişdir: «Erməni nostalji hisslərlə Böyük Ermənistanı daim xatırlayan insanın obrazıdır... Lakin münaqişə və ya hər hansı bir təhlükə yarananda ermənilər, bir qayda olaraq, öz torpaqlarını tərk edir, başqa ölkələrə üz tutur və yeni məskəndə yeni mədəni əlaqələr qurmağa başlayırlar».
Elə isə «erməni» kimdir? Ermənilər hansı meyarlarla özlərinin etnik kimliklərini müəyyən edirlər? Erməni İnqilab Federasiyası – Daşnaksütyunun mərkəzi ofisinin nümayəndəsi Kiro Manoyan reallıqlardan çıxış edərək «vətən» amilindən daha çox minimal etnik identiklik parametrlərinin əsas götürülməsinin tərəfdarıdır. O, təkidlə bildirir ki, indiki şəraitdə erməni xalqının demoqrafik göstəricilərini yaxşılaşdırmaq üçün onun identiklik meyarlarına düzəlişlər edilməsi vaxtı çatmışdır. Belə ki, «Damarlarında hətta bir neçə faiz erməni qanı axan şəxs birmənalı olaraq «erməni» adlandırılmalıdır! Türkiyədə bu gün qanında erməni qarışığı olan milyonlarla insan – kriptoerməni yaşayır. Mən düşünmürəm ki, onların hamısı özlərini «erməni» hesab edir. Biz onların etnik qayıdışına kömək etməliyik». Sual yaranır: Əgər Kiro Manoyanın nəzərdə tutduğu «gizli erməninin» damarlarında cəmi bir neçə faiz erməni qanı axırsa, yerdə qalan 95-97% hansı etnoslara məxsusdur?
Ölkədə acınacaqlı demoqrafik vəziyyətin yaxşılaşdırılmasında mühüm addımlardan biri kimi yeni etnik-dini meyarların hazırlanmasını və hüquqi islahatların aparılmasının vacibliyini vurğulayan Ermənistan Respublikasının diaspora naziri Hranuş Akopyan 2011-ci ilin may ayında Ermənistan parlamentinə «Repatriasiya haqqında» qanun layihəsini təqdim etmişdir. H.Akopyanın təkliflərinə əsasən, Ermənistanda yaşayan və ya bu ölkədə daimi məskunlaşmaq arzusunda olan hər bir şəxs erməni olduğunu təsdiqlətmək üçün müvafiq dövlət orqanlarına getməli, pasport və ya doğum haqqında şəhadətnamə ilə yanaşı kilsədə vəftiz olunması (xaç suyuna salınması) haqqında sənəd gətirməli, əvvəllər yaşadığı ölkədəki erməni icmasının və ya kilsənin arayışını təqdim etməlidir. Həmin dövrdə Ermənistanın baş naziri olmuş Tiqran Sərkisyan «böyük siyasi əhəmiyyət daşıyan sənəd» adlandırdığı qanun layihəsinə Ermənistanın indiki reallıqlarına cavab verən kiçik düzəlişlərini tövsiyə etmişdi: «Valideynlərindən ikisi və ya biri erməni olan, eləcə də özlərini erməni xalqının nümayəndəsi kimi dərk edənlər «etnik erməni» hesab edilməlidirlər». Lakin «Kimliyə dönüş», «Qarabağa qayıdış» proqramlarının, «islamlaşdırılmış ermənilər» məsələsinin siyasi gündəmə gəlməsi radikal xristian təmayüllü həmin layihənin parlamentdə qəbul edilməsini qeyri-müəyyən vaxtadək uzatmışdır. Kiçik bir əlavə. Ermənistanın rəsmi dövlət qurumunun rəhbərinin təşəbbüsü ilə hazırlanmış bu qanun layihəsinin müddəaları Üçüncü Reyxin «folksdöyçe» (alman. Volksdeutsche – «etnik almanlar») adlandırdığı etnik kimliyi təyinetmə qaydalarının erməni variantıdır. «Folksdöyçe» prinsipini isə 1938-ci ildə Adolf Hitler Almaniyada gündəmə gətirmişdir. Onu da əlavə edək ki, Hranuş Akopyan Ermənistanla yanaşı Türkiyədə də etnik identiklik məsələlərinə, xüsusilə «kriptoerməni» və müsəlman soydaşlarına daimi «diqqət və qayğı» göstərməkdədir. Türkiyənin «parçalanmasında» etnik kimlik probleminin əhəmiyyətinə diqqət çəkən nazir hələ 2015-ci ildə qondarma «erməni soyqırımı» münasibətilə keçirdiyi mətbuat konfransında demişdir: «Bu gün Türkiyə etnik identiklik böhranı içərisindədir. Ermənilər «Biz erməniyik!» deyirlər, yunanlar, yəhudilər və başqaları da öz köklərinə qayıdırlar… İslamlaşdırılmış ermənilər içərisində də maraqlı proseslər gedir. Onlar xristian dininə qayıdırlar».
Digər orijinal təkliflər də vardır. Məsələn, Ermənistanın eks-prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryan da etnik erməni kimliyinin müəyyən olunmasına özünün intellektual töhfəsini vermək arzusuna düşmüşdü. Sabiq birinci ledi erməni identikliyində bu xalqın «təkrarsız genetikasını və erməni qanının unikallığını» əsas kimi götürməyi təklif edirdi. Alman faşizminin «təmiz qanlı millət» ideyasının növbəti erməni variantını dövlət siyasəti səviyyəsinə qaldırmağı tövsiyyə edən «ledi Himmler» 2008-ci ildə İrəvan Qanköçürmə Mərkəzinin açılışı zamanı üzünü Ermənistan fizioloqlarına tutaraq bunları bildirmişdi: «Erməni qanında heç bir xalqda olmayan spesifik genetik xüsusiyyətlər vardır, hətta ermənilərə yalnız erməni qanı köçürmək lazımdır». Ermənistan donor reyestrinin rəhbərləri isə Bella Köçəryanın «steril erməni qanı» haqqında «dahiyanə» fikirlərini nasizm elementlərindən təmizləmək üçün dərhal ona aşağıdakı şəkildə şərh vermişdilər. Məlum olmuşdur ki, «ermənilərin fərqli genetik struktur xüsusiyyətləri üzündən hətta beynəlxalq reyestrlər bankında onlar üçün uyğun donor tapmaq mümkün deyildir. Bu isə erməni uşaqlarının və böyüklərinin həyatını təhlükə qarşısında qoyur».
Ermənistanın dövlət orqanlarının və beynəlxalq təşkilatların himayəsi ilə Şərqi Anadoludakı həmşinlilərin və müsəlman ermənilərin içərisinə missioner səfərləri edən İrəvan Dövlət Universitetinin türkoloqu Lilit Qasparyan da erməni kimliyi axtarışından geri qalmaq istəməmiş və bununla bağlı fərqli variant təklif etmişdir. Türkiyədə rəsmi İrəvanın və Qərbdəki erməni diasporasının ruporu olan «Aqos» qəzetində dərc etdirdiyi «1915-ci ilin qeyb olmuş uşaqları» başlıqlı məqaləsində bildirir ki, Ermənistan ilk növbədə «Erməni kimdir?» sualına cavab tapmalı və bu cavab bütün erməniləri qane etməlidir. Çünki «İrəvan ermənisi ilə İstanbul ermənisi, Los-Anceles ermənisi tamamilə fərqlidirlər. Bəzi insanlar islamlaşdırılmış ermənilərin etnik erməni olmadığını düşünür, bəziləri isə başqa qənaətdədirlər. Mən isə belə düşünürəm: Dördüncü nəsil ermənisi (qondarma «erməni soyqırımı»ndan sonra doğulanlar nəzərdə tutulur) ilə 1920-ci illərin ermənisi fərqlidir və hər kəs öz erməniliyi ilə bağlı fərqli açıqlamalar ortaya qoya bilər. Amma onları birləşdirən bir amil var». Türkoloqun qənaətinə görə, bu güclü və birləşdirici amil erməni dilidir: «Ermənicə danışmaq erməniliyin ən vacib şərti olmalıdır». Lakin Anadoluda olarkən və həmşinlilərin etnik erməni və xristian identikliyinə qayıtmaq təkliflərinə kəskin etirazları ilə üzləşdikdən sonra Lilit Qasparyan mövqeyinə dəyişikliklər etməli olmuşdur. O, bu fikirdədir ki, erməni kimliyi üçün ortaq tərif və model axtarmaq lazım deyil və hər kəs etnik identikliyini istədiyi kimi müəyyən etməlidir. L.Qasparyan rəsmi İrəvanın və erməni diasporasının bu məsələyə münasibətinə də toxunaraq bildirmişdir ki, onlar etnik kimlik və müsəlman ermənilərin identikliyi məsələsinə son dərəcədə həssas yanaşırlar. Belə ki, «günlərin birində Türkiyə-Ermənistan sərhədləri açılarsa, islamlaşdırılmış ermənilər mütləq Ermənistana səfər etmək istəyəcəklər. Oradakı insanlar isə «Bunlar təmiz erməni deyillər, rol oynayırlar» - deyəcəklər… Bəziləri isə sevinclərini belə ifadə edəcəklər: «Gəlib burada artıb-çoxalacaq, mədəniyyətimizi və dilimizi yaşadacaqlar».
Elə isə Ermənistanda məskunlaşmaq istəyi ilə gələn ermənilər etnik identikliyin əlamətləri barədə nə düşünürlər? 2016-cı ilin payızında ermənistanlı sosioloq Zaruyi Ayrapetyan ölkəyə daimi yaşamaq və ya təhsil almaq məqsədilə Suriya, İraq, İran və Livandan gəlmiş 21-34 yaşlı 16 «repatriant» (6 qadın, 10 kişi) arasında erməni identikliyinin meyarlarına dair maraqlı rəy sorğusu keçirmişdir. Sorğunun nəticələrinə görə, «repatriantların» Ermənistan cəmiyyətində sosiallaşması mürəkkəb proses olaraq qalmaqdadır. Onlar bu ölkədə özlərini hələ də «yad» hesab edir, yerli ermənilərin tələb etdikləri «etnik standartlara» uyğunlaşmaqda çətinlik çəkir, «ikinci dərəcəli erməni» olmalarından şikayətlənirlər. Respondentlərin ortaq rəyinə əsasən, bütün erməniləri bir-birinə bağlayan kodlardan başlıcası onların vahid əcdadların törəmələri olmasıdır. Sorğuda iştirak etmiş bütün «repatriantlar» əfsanəvi Haykı Ermənistanda, Suriyada, İraqda, Türkiyədə və s. yaşayan ermənilərin «ulu əcdadı», «erməni etnosunun patriarxı» adlandırmışlar. Rəyi soruşulanlar etnik birliyin formalaşmasında və etnik tarixin nəsildən-nəslə ötürülməsində ortaq mifologiyanın əhəmiyyətini yüksək dəyərləndirmişlər. Repatriantların fikrincə, ortaq dildə – erməni dilində danışmaq, erməni mədəniyyətinin daşıyıcısı olmaq erməni etnik identikliyində əsas meyar kimi götürülməlidir. Belə ki, gəlmələr erməni dilinin «Qərbi Ermənistan» dialektində, ermənilər isə şərqi erməni dialektində danışsalar da, bir-birini anlaya bilirlər. Ermənistan əhalisi isə «təmizqanlı», «cins erməni» dedikdə ortaq din amilini – xristian dininə etiqadı erməniliyin məcburi şərti və «erməni identikliyinin başlıca meyarı» kimi qəbul edir. Məsələn, Ermənistanda İraq erməniləri qriqorian, suriyalı soydaşları isə katolik olsalar da, hər ikisi erməni kimi qəbul olunurlar. Bu səbəbdən «yerlilər» müsəlman erməniləri öz içərilərinə buraxmaq istəmir, Yaxın Şərqdən gəlmiş xristian repatriantlar isə onları şərti (könülsüz) olaraq «erməni» hesab edirlər. Ermənistan sakinləri üçün gəlmələrin – «repatriantların» erməni dilini, tarixini, mədəniyyətini, adət-ənənələrini bilməsi ikinci dərəcəli məsələ sayılır.
Siyasi elmlər doktoru Samvel Savarants da «Erməni millətinin birliyi və onun bölünməsi» adlı məqaləsində etnik identiklikdə din amilinin mühüm rol oynadığına əmindir. Lakin bununla belə, bu amili önə çıxarıb müsəlman erməniləri «dönmələr» adlandırıb etnik natamamlıqda təqsirləndirilməsini və onların yalnız dinlərini dəyişdikdən sonra xristian erməni etnomədəni məkanına daxil olmasının mümkünlüyünü təkid edənləri «düşüncəsiz» adlandırır. O, bu fikirdədir ki, dinindən və assimilyasiyaya məruzqalma səviyyəsindən asılı olmayaraq, bütün erməniləri birləşdirə bilən aparıcı kodlar «erməni geni», «erməni etnik yaddaşı», «düşmənə qarşı mübarizə əzmi» və «döyüş ruhu» olmalıdır. S.Svarants tövsiyəsini təsdiqləmək üçün «sübutlar» uydurmaqdan da çəkinmir və onlardan birini məqalədə təqdim edir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk dövrlərində – 1993-cü ildə «Hadrut-Araz istiqamətində» (Füzuli rayonu) gedən döyüşlər zamanı «DQR-in müdafiə ordusu» Azərbaycan əsgərlərini kəndləri boşaldaraq geri çəkilməyə məcbur etmişdi. Lakin Hadrut rayonuna yaxın olan yaşayış məntəqələrinin birində ermənilər ciddi müqavimətə rast gəlmişdilər. Ata və onun oğlanlarından ibarət kiçik bir dəstə «azərbaycanlılara xas olmayan» igidliklə döyüşmüş, ermənilərin uzun müddət kəndə daxil olmasına imkan verməmişdi. Onlar əsir götürüldükdən sonra məlum olmuşdur ki, «1918-ci ilədək həmin kənddə xristian ermənilər yaşamış və onların bir hissəsi zorən islam dinini qəbul edərək tamamilə türkləşmişlər. Həmin ermənilərin törəmələri isə öz köklərini unudaraq, Qarabağ ordusuna müqavimət göstərmişlər».
Erməni identikliyinin həm də türklərə, digər dinlərə, xüsusilə islama nifrətin səviyyəsi ilə müəyyən edilməsinin nəzəri təməli hələ 1885-ci ildə Türkiyədə – Van bölgəsində fəaliyyət göstərmiş terrorçu qruplaşma – «Armenakan» təşkilatı (rəhbəri – Mxitarıc Portukalyan) tərəfindən qoyulmuşdu. Üstündən təqribən 135 il keçsə də, həmin nəzəri baza dəyişilməz qalmışdır. Erməni etnik kimliyinin xristian təəssübkeşliyi, türklərə və islama düşmənçilik əmsalları ilə ölçülməsini təklif edən, «islamlaşdırılmış soydaşlarını» isə erməni etnomədəni məkanı və qriqorian kilsəsi üçün təhlükə hesab edən qaragüruhçu qrupun fəal üzvlərindən biri də tarixçi-etnoqraf, İrəvan Dövlət Universitetinin müəllimi Tamara Vartanyandır. O, hazırda erməni cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən birini «tarixən qriqorian kilsəsinin ehkamları üzərində bərqərar olmuş erməni identikliyinin təmizliyini digər qatışıqlardan» qorumaqda görür və «islamlaşdırılmış ermənilər»in inteqrasiyası məsələsinin gündəlikdən çıxarılmasını tövsiyə edir: «Erməni identikliyi artıq formalaşmışdır və islamlaşdırılmış ermənilərin «müsəlman ermənilər» adlandırılması qüsurludur. Çünki belə bir anlayış yoxdur».
T.Vartanyan PanARMENIAN.Net saytına verdiyi müsahibədə mövqeyindəki xristian radikalizmini, islam dünyasına açıq düşmənçiliyi bir daha nümayiş etdirərək bunları bildirir: «Bu gün biz (ermənilər) etnik identiklik sərhədlərinin silinməsi təhlükəsi ilə üz-üzə qalmışıq. Özlərini xristian hesab etməyən, islam dininin daşıyıcıları olan müsəlman ermənilər nəslinin cəmiyyətimizə inteqrasiyası Ermənistanın milli təhlükəsizlik maraqları üçün ciddi təhlükədir… İslam dünyagörüşü və həyat tərzidir. İslamı qəbul etmiş erməni etnik köklərindən, milli dəyərlərdən uzaqdır. Bir çox hallarda onlar digərləri ilə müqayisədə daha mömin müsəlmandırlar. Odur ki, hazırda bu sual xüsusi əhəmiyyət kəsb etməlidir: Həmin ermənilər Ermənistanı özlərinə vətən hesab edirlərmi?». Lakin Ermənistanın «Kimliyə dönüş» və «Qarabağa qayıdış» proqramları ilə qətiyyən uzlaşmayan bu mövqeyə mənfi reaksiyalar özünü çox gözlətmədi. Rusiyanın Krasnodar vilayətində ermənilərə məxsus «Новая армянская слово» («Ermənilərin yeni sözü») portalı Tamara Vartanyanı «uzağı görməməkdə» günahlandırmış, erməni etnik identikliyinin müəyyən olunması problemindən çıxış yolunu həm xristian, həm də müsəlman ermənilər üçün «vahid standantların» işlənib-hazırlanmasında görmüşdür. Bu qrup da əmindir ki, ermənilərdə etnik və dini identiklik arasında möhkəm bağlar yoxdur: «Əgər kimsə erməniləri yalnız xristian xalq kimi qəbul edəcəksə, çoxsaylı müsəlman ermənilərin taleyi necə olacaqdır?» Həmin materialda Qarabağda guya müsəlman ermənilərin mövcudluğuna eyham vurulmuşdur: «Axı, əvvəllər Qarabağda biri xristian, digəri isə müsəlman olan qardaşlar – etnik ermənilər (?) bir yerdə yaşayırdılar». Özünü «Həmşinli erməni» kimi identifikasiya edən türkiyəli araşdırmaçı Hüriyyə Şahin də ermənilər arasında «islam-xristian barışığının» yaradılmasını məqsədəuyğun hesab edir və bir xalq daxilində din fərqinin qabardılmasının parçalanmaya səbəb olacağını bildirir. Onun fikrincə, din amili erməni kimliyi məsələsinə qətiyyən müdaxilə etməməlidir: «Əminəm ki, «erməni müsəlman olmamalıdır» iddiası yanlış və qeyri-elmi yanaşmadır. Ermənilər və həmşinlilər üçün ön plana dini mənşə deyil, dil və etnik özünəməxsusluq amilləri çəkilməlidir».
Tamara Vardanyan yalnız erməni etnik identikliyinin müəyyən olunması üzrə araşdırmalarla kifayətlənmir. Onun tədqiqat istiqamətlərindən biri də Ermənistanın və Cənubi Qafqaz regionunda geosiyasi mənafeləri olan dövlətlərin tələblərinə cavab verən, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə, ölkədəki etnik və dini münasibətlərdəki sabitliyə qarşı yönəldilmiş saxta etnosiyasi «dəlillərin» yaradılması və onların elmi-ictimai dövriyyəyə buraxılmasıdır. Belə ki, Azərbaycanda və Türkiyədə etnik identifikasiya məsələlərinin öyrənilməsində, etnik münasibətlərdə ortaq meyarların müəyyən olunmasında və onların inkişaf etdirilməsi sahəsində yaranmış boşluqdan istifadə edən erməni mütəxəssisləri, o cümlədən T.Vardanyan indi də səylərini Azərbaycan türklərinin etnogenezinin saxtalaşdırılmasına yönəltmişlər. Məsələn, 2012-ci ildə Azərbaycanın strateji müttəfiqi olan Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki «Русская Панорама» nəşriyyatında Tamara Vardanyanın «Azərbaycanlılar. Yarımçıq qalmış etnik layihənin tarixi» adlı növbəti kitabı kütləvi tirajla işıq üzü görmüşdür. Rusiyadakı erməni təşkilatlarının təsis etdiyi Qara dəniz – Xəzər dənizi Regionu üzrə Siyasi və Sosial Tədqiqatlar İctimai İnstitutunun (direktor – professor Vladimir Zaxarov) qərarı ilə nəşr edilmiş kitaba Ermənistandakı «Ararat» Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Armen Ayvazyan elmi redaktorluq etmiş və ön sözünü yazmış, Vladiqafqaz Sosial Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Artur Tsutsiyev və Litvadakı Vilnüs Universitetinin tarix fakültəsinin professoru Rasa Çepaytene isə ona müsbət rəylərini vermişlər. «Azərbaycanlılar. Yarımçıq qalmış etnik layihənin tarixi» kitabının ilk nüsxələri qısa vaxt ərzində Rusiyanın ABŞ, Almaniya və Yaponiyadakı kitab satışı mağazalarına da göndərilmişdir.
Həftəlik «Аргументы и факты» qəzetinin mətbuat mərkəzində Rusiya və Ermənistanın alim və politoloqlarının, Moskvadakı separatçı təşkilatların nümayəndələrinin, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilmiş təqdimat mərasimində T.Vardanyan bildirmişdir ki, «azərbaycanlılar», «etnik azərbaycanlılar», «azərbaycanlı etnosu», «azərbaycanlıların tarixi əraziləri» kimi ifadələr süni xarakterli olmaqla, dəqiq etnik-tarixi məzmun ifadə etmir və buna görə də legitim sayılmamalıdır. Belə ki, «Azərbaycan Respublikasının əraziləri bu cavan və hələ formalaşmayan etnosun etnik əraziləri hesab edilməməlidir». Erməni etnik kimliyini düşdüyü bataqlıqdan çıxara bilməyən, amma bunun əvəzinə Azərbaycan türklərinin identikliyinin «qayğısına qalan» T.Vardanyan mətbuat konfransında bunları da bildirmişdir: «Azərbaycanlılar yüz il bundan əvvəl yaradılan xalqdır və onun formalaşma prosesi hələ də başa çatmamışdır… Azərbaycanın türkdilli əhalisi yalnız XX əsrin əvvəllərindən etibarən özlərini etnik türk kimi identifikasiya etməyə başlamışdır. Bu xalqa aid edilən etnonimlərin bolluğu da onun hələ formalaşmamış etnos olmasını təsdiqləyir. Onları tez-tez «Qafqaz müsəlmanları», «Zaqafqaziya tatarları», «Qafqaz türkləri» adlandırır, «padar», «muğal», «qızılbaş» da deyirdilər. Bu adlar qonşuların tarixi yaddaşında qalmışdır. Məsələn, gürcülər onları öz aralarında «tatrebi», yəni «tatarlar», ermənilər isə «türk» çağırırlar. Buradakı türklər, farslar, ermənilər «azərbaycanlılara» çevrilmişlər. Hətta XII əsrdə yaşamış fars şairi Nizami Gəncəvini də çoxdan azərbaycanlı elan etmişlər».
Yəqin, siz də diqqət etdiniz, erməni etnik identikliyinin müəyyən olunmasında maraqlı bir tendensiya – gender fenomeni də müşahidə edilməkdədir. Belə ki, etnik kimlik düsturunun müəyyən olunması, kimin nə dərəcədə «cins erməni» hesab edilməsi ilə əsasən qadın araşdırmaçılar məşğuldurlar. Kişi tədqiqatçıların isə araşdırma mövzusu fərqli və unikaldır. Onlar erməni xalqının demoqrafik artımında, onun tarixi yaddaşının, etnik kimlik əlamətlərinin qorunmasında və digər əməllərdə erməni qadınlarının misilsiz, əslində pıçıltı ilə deyilməsi daha düzgün olan bəzi qaranlıq məziyyətlərini öyrənib böyük fərəhlə onu geniş auditoriyaya çatdırmaqdadırlar. Əvvəlcə erməni etnik identikliyi və «islamlaşdırılmış ermənilər» məsələsi ilə sıx şəkildə bağlı olan «Erməni anaları» fenomeni haqqında. Xatırlayırsınızsa, 2008-ci ildə Rusiyanın və Ermənistanın kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Lipetsk şəhərində olan rəssam Armina Xaçatryan Leonardo da Vinçinin «Mona Liza» portretinə əsasən onun və anasının əslən erməni, həqiqi adının «Vaçik» olmasını müəyyən etməyi bacarmışdır. Üstəlik Vaçik-Leonardonun həmin portretdə «türklərin ermənilərə qarşı amansız rəftarları» haqqında məlumatı «gizli kodlar» və «qədim erməni əlifbası» ilə gələcək nəsillərə çatdırdığını müəyyən edə bilmişdi. Zaman keçdikcə portretdə yaranmış təbii boyaq çatlarının Vaçik-Leonardonun «erməni dilində yazdığı şeir» olduğuna inanan A.Xaçatryan əslində psixiatriya üzrə əyani vəsait ola biləcək həmin «poeziya nümunəsini» belə oxumuşdur: «Masis dağının zirvəsində, pərilər diyarında olanda eşitdim ki, türklər anamın bacılarını axtalamışlar…». (?) Ermənilərin «Den Braunu» – Armina Xaçatryan bu absurd misraları şərh edərkən demişdir: «Bu, heç də adi söz yığnağı deyildir. Həmin dövrdə, Leonardo bu portreti çəkərkən türklər Ermənistanı işğal etmiş, yerli əhaliyə (ermənilərə) işgəncələr vermişlər». Armina təqribən min il əvvəl qondarma «erməni soyqırımı»nın anonsunu verən «Mona Liza» əsərinin gizli məziyyətləri ilə ilk baxışda ciddi görünən alim, erməni dili üzrə mütəxəssis Nerses Mkrtıçyanı da tanış etmişdir. Nerses telefonla şeirin mətninə qulaq asdıqca kövrəlmiş və guya «onun XII əsrə aid erməni dilində yazıldığını» bildirmişdir. A.Xaçatryanın «Leonardo da Vinçi» ləqəbi ilə dünyaya tanınan Vaçikin anasının əslən erməni kimi tanıtması, əlbəttə, rəssamı da avtomatik olaraq «əzabkeş xalqın» nümayəndələrindən birinə çevirir. Bu tipli «tədqiqatlarda» guya orta əsrlərdə və XX əsrin əvvəllərində türklərin və kürdlərin erməni qadınlarına «qeyri-etik münasibət» bəsləmələri də əbəs yerə vurğulanmır. Çünki, yuxarıda qeyd olnduğu kimi, Ermənistanın elm adamlarının və siyasətçilərinin bu tədqiqatlarında kriptoerməniliyin demoqrafik vəziyyətində, onun kollektiv yaddaşında, etnik identikliyinin mühafizəsində qadın amili – türk, kürd, ərəb və s. kişilərlə nikahları və ya nikahdankənar əlaqələrinin reproduktiv nəticələri əhəmiyyətli rol oynamaqdadır.
(Ardı var)