“Google” şirkəti ikimərhələli autentifikasiya (“SMS” kimi göndərilən “PIN” kodun daxil edilməsi nəzərdə tutulur ) üzrə sazlamaları xeyli sadələşdirib. 5 il bundan əvvəl internet nəhəngi istifadəçi hesabları ilə bağlı əlavə müdafiə funksiyası tətbiq edib, amma bu həftə sözügedən funksiya geniş istifadəçi kütləsi üçün daha da sadələşdirilib.
Siz hamı üçün əlçatan kompüterlər üzərindən şirkətin xidmətlərindən istifadə etdikdə ikimərhələli avtorizasiya mühümdür. Sözügedən müdafiə sistemi loqin və paroldan başqa telefona “SMS” kimi göndərilmiş 6 rəqəmli kodun daxil edilməsini tələb edir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, əvvəllər istifadəçilər “PIN” kodu mobil proqrama əllə daxil etməli olduğu halda, indi “Google” hesaba giriş edilən qurğunu qəbul etmək və ya rədd etmək təklifindən ibarət dialoq pəncərəsini göstərməyə başlayacaq. Bu funksiya “Twitter”də təxminən eyni cür reallaşdırılıb.
Yenilik artıq “Android” qurğu sahiblərinə əlçatandır. “iPhone” istifadəçiləri yeni funksiyanı aktiv etmək üçün “Google Search” proqramını yükləməlidirlər. Həmçinin “Google" hesabının sazlamalarına ("Mənim hesabım" –> "Təhlükəsizlik və giriş" - > "İkimərhələli autentifikasiya") daxil olmaq və “Google prompt” funksiyasını aktivləşdirmək lazımdır.
“Twitter”, “Facebook”, “Google” və "VKontakte" daxil olmaqla əksər böyük istifadəçi bazasına malik saytlar ikimərhələli autentifikasiya sistemini dəstəkləyir. Əksər hallarda belə sistem internet banklar tərəfindən yüksək riskli tranzaksiyaların təsdiqi üçün tətbiq edilir.