3D printerlə aviasiya mühərrikinin hissələrinə qədər, demək olar ki, hər şeyi çap və yaxud istehsal etmək olar. Burada söhbət artıq printer vasitəsilə, məsələn, avtomobil istehsal etməkdən gedəcək.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ-ın Local Motors kompaniyası Detroyt şəhərində keçirilən beynəlxalq avtosalonda 3D printer vasitəsilə hazırlanmış avtomobilin buraxılması barədə məlumat verib.
Çəkisi 800 kiloqram olan avtomobilin istehsalı üçün hazırda 44 saat vaxt lazım gəlir. Kompaniya ilin axırına qədər bu zamanı 20 saat azaldaraq 24 saata, növbəti mərhələdə isə daha iki dəfə qısaldaraq 12 saata endirməyi planlaşdırır.
Saatda 40 kilometr sürətlə hərəkət edən ikinəfərlik avtomobil bütünlüklə printerdə çap olunub və 212 laydan ibarətdir.
Avtomobil qaraja qoyulmadan, ən sərt iqlim şəraitində, açıq havada saxlanılsa, istifadə müddəti 5-6 il təşkil edəcək. Örtülü məkanda isə təbii ki, bu müddət bir neçə dəfə artacaq.
“Strati” adlandırılan avtomobilin 15 min avrodan bir qədər baha olacağı gözlənilir.