Facebook-un bir qolu olan "Oculus VR" şirkəti "Oculus" virtual reallıq şlemləri üçün uyğunlaşdırılmış 6 film elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ICTnews məlumat verib. "Oculus VR" şirkəti "Story Studio" adlı kinostudiya işə salıb. "Story Studio" artıq bu həftə “Lost” qısametrajlı animasiya filmini buraxmağa hazırlaşır. Layihənin rəhbəri Saşka Unzeld deyib ki, filmin süjeti istifadəçinin hərəkətlərindən asılı olaraq dəyişəcək. "Lost" filminin orta davametmə müddəti təxminən 5 dəqiqə təşkil edəcək, amma müddət tamaşaçıdan asılı olacaq.
"Story Studio" kinostudiyası Oculus şlemləri üçün 6 film elan edib: "Lost", "Dear Angelica", "Bullfighter" və "Henry", digər ikisinin adı bilinmir.
Xatırladaq ki, 2014-cü ildə dünyanın ən böyük sosial şəbəkəsi "Oculus VR" virtual reallıq şlemləri istehsalçısını 2 milyard dollara satın alıb. "Oculus VR" indiyədək şlemləri kompüter oyunlarına uyğunlaşdırmaqla məşğul olub. İndi isə komanda film istiqamətini öyrənməyə çalışır.
Rüstəm