Teleqraf.com türkoloq alim, millət vəkili Nizami Cəfərovla müsahibəni təqdim edir.
- Nizami müəllim, Qazaxıstanın latın əlifbasına keçməsi türk dövlətlərində ciddi müzakirələrlə müşayiət olunur. Siz bu keçidi necə qiymətləndirirsiniz?
- Qazaxıstanda bu prosesə start verilib. Latın qrafikinə keçid uzun müddət ərzində həyata keçiriləcək. Yəqin ki, sentyabrdan başlayaraq, hazırlıqlar gedəcək. Bu il başlanması çətin olsa da, növbəti tədris ilində I siniflərə latın əlifbası ilə dərs keçiriləcək. Ondan sonra güman ki, azı 5 il tələb olunacaq. Bu çətin prosesdir. Daha dəqiqi, başlanğıcı çətin olur. Əsas odur ki, buna start verildi. Sizə deyim ki, Qazaxıstan uzun müddətdir ki, latın əlifbasına keçidlə bağlı araşdırmalar aparırdı. Mənim bundan xəbərim olduğu üçün deyirəm. Qazaxıstanlı mütəxəssislər həm ölkəni öyrəndilər, həm müxtəlif təbəqələri, həm də din xadimlərinin bu keçidə necə münasibət bəsləyəcəyini. Eləcə də Türkiyə və Azərbaycanda latın əlifbasına keçidin hansı uğur və uğursuzluqlarının olduğunu da gəlib öyrəndilər. Qazaxıstanda bununla bağlı ayrıca komissiya yaradılmışdı. Mən bilən artıq ciddi bir problem yoxdur. Təbii ki, Qazaxıstan çoxmillətli dövlətdir. Burada qazax dili qədər olmasa da, hər halda rus dilinin nüfuzu var. Qazaxıstanda hazırda ingilis dili də yüksək sürətlə inkişaf edir. Qazaxlar ümumiyyətlə, istedadlı xalqdır. Oxuyan, xarici dillərə meyl edən, dünya işlərindən baş çıxarmaq xüsusiyyətləri var. Daha bir tərəfləri isə qazaxların modernist olması ilə bağlıdır. Qazaxlar türk xalqlarının çoxu ilə müqayisədə rus dilini bildikləri, beynəlxalq dillərə maraqları olduğundan intellektual səviyyələri yüksəkdir. Daha bir üstün cəhətləri odur ki, əgər qazaxlar latın əlifbasını qəbul edirsə, türk xalqlarının mütləq əksəriyyəti bu əlifbanı qəbul edəcək.
- Niyə?
- Çünki bunların hamısı qıpcaqdır. Mən Orta Asiyanı, Şimali Qafqazı və Volqa boyunu nəzərdə tuturam. Qazaxlar bu əlifbanı qəbul edirlərsə, məsələn qırğızlar problemsiz qəbul edəcək. Çünki dillər eynidir. Bunun ardınca təbii ki, tatarlar, başqırdlar, daha sonra Şimali Qafqazda qaraçaylar, kumuklar, noqaylar, qaraqalpaqlar buna gedəcək. Yəni çoxlu sayda qıpcaq xalqları var ki, qazaxları gözləyir. Qazaxlar praktik olaraq liderdir. Bu xalqlarda dilin fonetik quruluşu eynidir. Bizimlə türklər, türkmənlər arasında olan dil kimi. Onlarda da bu yaxınlıq çox güclüdür.
- Bu keçidin türk dünyası üçün hansı əhəmiyyəti var?
- Əhəmiyyətini prinsipcə yuxarıda qeyd etdim. Qazaxların qıpcaq olması və qıpçaqların içərisində ən böyük xalq olmalarının əhəmiyyəti var.
İkincisi, unutmaq olmaz ki, Nazarbayevin türk dünyasında böyük nüfuzu var. Nazarbayev bu işə "hə" dedisə, artıq bu, türk dünyasında keçərlidir. Çünki hamı yaxşı bilir ki, Nazarbayev heç vaxt tələsik hərəkət etmir. Əksinə, bir işə qol qoyursa, deməli, bu xeyli müddət araşdırılıb, daxildə əksər qurumlarla məsləhətləşilib. Təbii ki, Qazaxıstandakı ruslar çox istəyərdi ki, kiril əlifbası qalsın. Amma son tarixi proseslər həm də onu göstərir ki, qazaxların latın əlifbasını qəbul etməsi zərurətdir. Və bunun ruslara və Rusiyaya qarşı ayırıcı təsiri yoxdur. Demək istəyirəm ki, burada Nazarbayevin özünün nüfuzu və mövqeyi də çox əhəmiyyətlidir.
- Amma Qazaxıstanda kifayət qədər ruslar yaşayır və mümkündür ki, buna Rusiya əks reaksiya göstərsin...
- Mən buna inanmıram. Nazarbayev türk dünyasının lideridir, Avrasiya İttifaqının tərəfdarıdır. Yəni türk-slavyan birliyinin ciddi tərəfdarıdır. Başqa sözlə, Nazarbayev siz dediyiniz məsələləri həll etməmiş bu addımı atmaz. Amma indi haradasa bir şovinist rus çıxıb nəsə deyəcəksə, bunun məsələyə aidiyyəti yoxdur.
- Bu keçid Qazaxıstanda rus dilinin mövqeyinə ciddi zərbə olmayacaqmı?
- Bu, təkcə onunla ölçülmür. Ruslar özləri də bilir ki, rus dilinin beynəlxalq nüfuzu getdikcə aşağı düşür. Bunu da, hansısa intriqa ilə həll etmək mümkün deyil. Yəni bu mənəviyyat sahəsidir. “Mənim silahım var” ritorikası ilə bu məsələni həll etmək olmaz. Bu gün ruslar da anlayır ki, əgər rus dilinin inkişaf etməsini istəyirlərsə, bunun üçün özləri çalışmalıdır. Yəni rus dilinin beynəlxalq dil olaraq yayılması üçün ilk növbədə ruslar ciddi çalışmalıdır. Əgər bu gün rus dilində dünyanın böyük intellekti, geniş informasiyası ingilis dili qədər deyilsə və onun yarısı qədər də deyilsə, onda rus dilini qorumaq mümkün deyil. Mənim də dilim var və bilirəm ki, dilimin hüdudu hara qədərdir, haradan sonra bu hüdud itir və mən başqa dildə informasiya qəbul etməliyəm. Rusların ziyalıları, düşüncə adamları bunu yaxşı bilirlər. Əgər rus dili itirsə, burada qazaxların günahı yoxdur.
Nemət Orucov