20 Aprel 2017 20:58
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Deputatın etik davranış qaydaları haqqında” yeni qanun layihəsi müzakirə olundu

Milli Məclisinin İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən birgə iclasında “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəni deputat Vüsal Hüseynov təqdim edib.

Müzakirələr barədə Teleqraf.com-u məlumatlandıran hər iki komitənin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, qanun layihəsinin hazırlanması ötən ilin sentyabrın 26-da konstitusiya edilən əlavə və dəyişikliklərlə bilavasitə bağlıdır: “Həmin dəyişikliklərdən biri də Konstitusiyanın 89-cu maddəsinin birinci hissəsinə 6-cı və 7-ci bəndlərin əlavə olunması idi. Bunlar çox ciddi məsələlərdir. İlk dəfə olaraq deputatın məsuliyyəti məsələsi qoyuldu. Biz bu yaxınlarda bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında qanunu müzakirə etdik. Dövlət qulluqçuları üçün də belə bir qanun var. Şəxsən mən respublika üzrə vahid etik kodeksin tərtib olunmasının tərəfdarıyam”.

T.Kərimli bildirib ki, referendumla Konstitusiyaya Milli Məclisin buraxılmasından tutmuş deputatın statusunun dəyişdirilməsinədək çoxlu müddəalar daxil edilib: “Buna görə də bu məsələlər mütləq referendumdan əvvəl Milli Məclisin müzakirəsinə çıxarılmalı idi. İndi olmayıbsa, artıq Konstitusiya düzəlişi varsa, parlamentin iştirakı olmadan, referendum yolu ilə məsələ qəbul olunubsa, bu, hökmən yerinə yetirilməlidir. Yəni, deputatların davranış qaydaları haqqında qanun qəbul edilməlidir. Ancaq yerinə yetirilərkən bu məsələ Konstitusiyanın digər maddələrinə zərər vurmamalı, onları pozmamalıdır. Çünki Konstitusiyanın 91-ci maddəsində göstərilir ki, deputatlar Milli Məclisdəki fəaliyyətinə, səsverməyə, söylədiyi fikirlərə görə məsuliyyətə cəlb oluna bilməzlər. Yəni, indi çox çətin bir vəziyyət yaranır. Deputat gərək hər hansı çıxış edərkən, ehtiyatlı olsun. Mən komitənin iclasındakı çıxışımda da dedim: deputatın deputat fəaliyyəti ilə bağlı olmayan hansı fəaliyyəti ola bilər? Nə nəzərdə tutulur: deyək ki, mənim yolla gedərkən yol polisi ilə münasibətim, yaxud başqa nələr? Bütün bunlar çox ciddi narahatlıq yaradır və bu zaman İntizam Komissiyasına kobud davranış qaydalarını müəyyən etməklə bağlı çox böyük səlahiyyət verilir. Bu da “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya qanununun 61.4-cü maddəsinə uyğun olaraq diskresion, yəni qərəzli, şəxsi mülahizədən asılı olmayan qanunvericilik normasının yaradılması prinsipinə ziddir. Deyək ki, sən düyməni bir dəfə, yaxud on dəfə basdın, başqasının yerinə səs verdin. Bu hansı halda kobud pozuntu hesab olunacaq? Mən bununla bağlı öz təkliflərimi verdim”.
T.Kərimli qanunla bağlı çoxlu çətinliklərin olduğunu vurğulayıb: “Məsələn, yeni qanunda göstərilir ki, İntizam Komissiyası qərar qəbul edə bilər. Halbuki, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə əsasən, yalnız rəy verə bilər. Bunlar aydınlaşdırılmalıdır”.

T.Kərimli qeyd edib ki, komitələrin birgə iclasında ciddi müzakirələr gedib və çox vacib məsələlər var: “Onlardan ən mühümlərindən biri ondadır ki, İntizam Komissiyasının deputatın etik davranış qaydalarını kobud surətdə pozması qənaətinə gəlməsi deputatın səlahiyyətinə xitam verilməsinə səbəb ola bilər. Bunu aydınlaşdırmaq lazımdır. Deputat indidən bilməlidir ki, hansı əməl kobud pozuntudur və onu etməsin. Bu, qanunda yoxdur axı… Kimsə izah etsin ki, hansı qaydanı pozmaq kobud, hansı qeyri-kobuddur. Yaxud, hamı çıxış edəndə fikirləşəcək, mən nə deyim ki, bu, qeyri-etik sayılmasın? Əvvəla, deputatın mandatdan məhrum edilməsi parlamentdaxili məsuliyyət deyil, ikincisi bu, Konstitusiyanın 91-ci maddəsi ilə uyğunlaşmalıdır. Üçüncüsü, xalqın deputat seçdiyi şəxsi belə asanlıqla mandatdan məhrum etmək olmaz. Mən təklif etdim ki, heç olmasa, Konstitusiyanın 89-cu maddəsinin birinci hissəsinin 6-cı və 7-ci bəndləri üzrə deputat 3 dəfə töhmət alarsa, yalnız bundan sonra komissiya deputatı mandatdan məhrum etməklə bağlı qərar qəbul edə bilər. Həm də bu təkcə parlamentdaxili məsuliyyət məsələsi deyil. Bu, çox ciddi məsələdir. Qərara alındı ki, layihə bütün komitələrdə müzakirə olunsun. Layihə səslənən təkliflərə birgə Milli Məclisin plenar iclasına tövsiyə olundu”.

T.Kərimli qeyd edib ki, razılaşmadığı məqamlardan biri də 5-ci maddədir: “Həmin maddədə deputatın vəzifələri ilə sığmayan fəaliyyətinə sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olması göstərilir. Bu zaman deputatın mandatına xitam verilməsi məsələsini Mərkəzi Seçki Komissiyası həyata keçirir. Bu etikaya aid deyil və nə üçün qanuna salınmalıdır? Biz 10-cu maddəyə təklif etdik ki, ümumi məbləği 50 manatdan yuxarı olan məsələlər də hədiyyə kimi qəbul olunsun. Deputatın vəziyyəti çox ağırdır axı… Məsələn, deputat gedib görüş keçirir və sonra oturub nahar edir. Nahar zamanı hesab 50 manatdan yuxarı ola bilər. Bu zaman İntizam Komissiyasına zəng edib “burda hesab 50 manatdan artıq çıxır, icazə verirsiniz, mən burda oturub nahar eləyim” deməlidir? Hesab edirəm ki, belə məqamlara diqqət yetirməyə ehtiyac var. Çox məhdudlaşdırmaq da olmaz. Deputatın yüksək adını gözləmək lazımdır. Axı 40 min insan səs verib onu deputat seçib. Deputata töhmət verəndə o seçicilərə də töhmət vermiş olursan. Yəni, bu cür bir sıra müddəaların layihədən çıxarılması da təklif olundu. Açığını deyim ki, əgər Konstitusiyaya dəyişikliklər olmasaydı, bu qanunun dəstəklənməsi zərurəti də yaranmazdı”.

Səxavət HƏMİD


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər