23 May 2017 16:10
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Trampın İsrailə səfəri ilk olaraq ABŞ-İsrail sarsılmaz bağlılığını ifadə edir. Habelə bu səfər İsrailin təhlükəsizliyinə dəstək nümayiş etdirmək üçündür.

Bunu Teleqraf.com-a politoloq Elxan Mehdiyev ABŞ Prezidenti Trampın İsrailə səfərini şərh edərkən deyib.

Elxan Mehdiyev qeyd edib ki, Prezident Tramp həm seçki kampaniyası zamanı, həm də son günlər bildirib ki, İsrail-Fələstin problemini həll etmək niyyətindədir: “Dünən Tramp İsrailin baş naziri Netanyahu ilə görüşüb müzakirələr apardı. Bu gün səhər saatlarında isə Fələstin lideri Mahmud Abbasla bir araya gəldi. Təbii ki, Tramp münaqişənin həllinə dair heç bir vəd vermir, ancaq deyir ki, Netanyahu və Abbas bu işdə qətiyyətli olacaq. Üstəlik Prezident Trampın kürəkəni Netanyahu ilə çox yaxındır, hətta qohumluq əlaqələrinə malikdir. Trampın kürəkəni bu məsələlərdə vasitəçi kimi rol oynayır. ABŞ prezidentinin qeyri-standart hərəkətləri, müəyyən qədər səmimi danışması gələcəyə ümidlər yaradır. Həmçinin Trampın Səudiyyə Ərəbistanına səfəri və Kral Səidlə birgə tayı-bərabəri olmayan müqavilələr imzalaması, ərəb ölkələrinin də “Əgər İsrail-Fələstin problemi həll edilərsə, bizdə İsraillə münasibətləri qurarıq” vədini verməsi Trampı bu işə ciddi yanaşmağa məcbur edir. Tramp bu fikirləri artıq İsrail baş nazirinə çatdırıb”.

E.Mehdiyev hesab edir ki, bütün bunlar müsbət addımlardır, lakin prosesin necə gedəcəyi, hansı uğurların əldə olunacağını indidən demək doğru olmazdı: “Tarix ona ümidlə baxmağa vədlər vermir”.

Politoloq qeyd edib ki, Prezident Trampın İsrail səfərində İranla bağlı da müzakirələr aparılır: “Sözsüz ki, Netanyahunun bir nömrəli məqsədi İrana qarşı ABŞ prezidentinin dəstəyini almaqdır. Amma indi açıq ifadə edilən və görünən odur ki, Səudiyyə Ərəbistanı İsraildən də çox və açıq şəkildə İrana düşmən mövqe nümayiş etdirir. Hansı ki, İsrail Amerika ilə İran mövzusunu bağlı qapılar arxasında müzakirə edir”.

Elxan Mehdiyev hesab edir ki, indiki mərhələdə İrana qarşı hansısa hərbi addımların atılması ehtimalı yoxdur: “Ancaq Səudiyyəni bu cür müasir silahlarla silahlandırmaq bölgədə heç də sülhə xidmət etmir”.

Sonda politoloq bildirib ki, əslində prezident Tramp xarici siyasətinin icrasına start verib: “Səfərlərdə məqsəd həm də xarici siyasətinə dəstək qazanmaqdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər