26 May 2017 16:57
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburqda İraqdakı Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşüb. Bu barədə məlumat verən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, diplomatlar ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı əməliyyatlarını müzakirə ediblər.

Görüşü şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Rusiya, xüsusən S.Lavrov harda peyda olursa, orda türk və müsəlman dünyası üçün ciddi problemlər yaranır: “Bu, Yaxın Şərqdə özünü xüsusilə qabarıq göstərir. Suriyadakı kürdlər YPG ilə məsələləri bitiriblər. Onun Moskvada nümayəndəliyini açıblar. İndi də Bərzani ilə görüşlərə başlayıblar. Mən Lavrovun Bərzani ilə görüşündən yaxşı heç nə gözləmirəm. Bu görüş Rusiyanın “kürd planı”nın fəaliyyətdə olmasının göstəricisidir. Zənnimcə, Moskvanın ideyası bölgədə müxtəlif dövlətlərin ərazisinə səpələnmiş kürdləri eyni bir dövlət çətiri altında birləşdirmək üçün təlimatlandırmaqdan ibarətdir. Məsələn, Bərzani avqust ayında İraqın şimalında müstəqil Kürdüstan dövləti elan etmək istəyir. Onlar çalışacaqlar ki, bu məsələyə Suriyanın şimalını da qatsınlar. Mənim Türkiyə ilə bağlı hər hansı məlumatım yoxdur, bu barədə nəsə demək istəmirəm. Amma hər halda nüvə, yaradılacaq Kürdüstan dövlətinin rüşeymi kimi Suriya və İraq kürdlərini vahid dövlətdə birləşdirmək ideyası var və bu ideyanın müdafiəçiləri Amerikada da, Rusiyada da xüsusilə fəallıq göstərirlər. Mən bu məsələnin heç də yaxşı istiqamətə aparacağı qənaətində deyiləm. Yəqin ki, bu, qonşu dövlətlərin, Türkiyə və İranın da təpkisinə səbəb olacaq. Onsuz da bu məsələlərin üstü güc-tez açılacaq. Lavrovun Bərzani ilə görüşməsinin motivləri nə ola bilər ki?! Bərzani onsuz da İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmir, Rusiya ilə başqa əlaqələri yoxdur, İraqın neftinə sahiblənib onu xarici dövlətlərə satır, varlanır və həmin ölkənin şimalında maddi rifah halı xeyli yüksək olan bir dövlət qurur. İndi də referendum keçirib həmin dövlətin müstəqilliyini elan etmək istəyir. Mən şəxsən Lavrovun anti-türk, anti-müsəlman düşüncəsində olan bir şəxs olduğunu nəzərdə tutaraq onun apardığı danışıqların təkcə rus xalqının deyil, həm də cırtdan Ermənistanın mövqeyindən aparıldığı qənaətindəyəm. Onun türk dünyasına qarşı çevrildiyi fikrindəyəm”.

Q.Hüseynli güman edir ki, Lavrov-Bərzani danışıqlarında avqust ayında keçiriləcək referendumun vaxtının dəyişdirilməsi müzakirə oluna bilər: “Rusiyanın həm də Suriyanı federallaşdırmaq planı var. Ola bilsin ki, Suriyanın şimalındakı kürdlərin federallaşma ilə bağlı cəhdləri Bərzaninin müstəqilləşməklə bağlı cəhdləri ilə birləşdirilsin və təxminən ümumi taktikaya tabe edilsin. Yəni, onlar sinxron hərəkət etsinlər və dövlət quruculuğu məsələlərindən tutmuş bu işin rəsmiləşdirilməsində, de-yere elan edilməsi məsələsində ortaq mövqelərə malik olsunlar. Bu işi ilin sonunadək başa çatdırmaq istəyirlər”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər