Bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünə düzəliş edilib və yenidən tərtib olunmuş saziş (PSA) imzalanıb. Sazişi BP, SOCAR, “Şevron”, “İnpeks”, “Statoyl”, “Ekson Mobil”, TPAO, “İtoçi” və “ONGC Videş Ltd” kimi şirkətlərin rəhbərləri imzalayıb. Müqvilənin imzalanması mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev qatılıb və geniş çıxış edib.
Sözügedən müqavilə, onun ölkəmizə verəcəyi fayda, Azərbaycanla dünyanın aparıcı ölkələri arasında qurulan münasibətlərə təsiri və digər mövzularda baş nazirin sabiq müavini, Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəni təqdim edirik:
- Vahid müəllim, bu gün Azərbaycan hökuməti və tərəfdaşlar “Azəri-Çıraq-Günəşli” üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzalayıb. Bu yeni müqavilədə dünyanın ən tanınmış neft şirkətləri iştirak edir. Siz, bu müqvilənin bağlanmasını necə qiymətləndirirsiniz?
- Bu müqavilənin bağlanmasını ölkəmiz üçün çox əhəmiyyətli hesab edirəm. Ümumiyyətlə, bu müqavilənin həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. İqtisadi tərəfi deyəndə onu nəzərdə tuturam ki, müqavilə əsasında Azərbaycana 40 milyard dollara yaxın investisiya qoyulacaq. Üstəlik 1994-cü ilin sentyabrında imzalanan müqavilədə SOCAR-ın payı 11,6 faiz idisə, indiki müqavilədə 25 faiz olacaq. Bundan başqa, müqavilə imzalandıqdan sonra Azərbaycana 3,6 milyard bonus ötürüləcək. Yəni bunlar böyük işlər, böyük məbləğlərdir. Bu Azərbaycanın iqtisadi həyatı üçün çox mühüm işdir.
İkincisi, bu müqavilədə iştirak edən şirkətlər dünyada tanınmış şirkətlərdir və həm də böyük dövlətlərə məxsusdur. Böyük Britanya, ABŞ, Türkiyə və s. dövlətlərdir. Bu dövlətlərin və şirkətlərin iştirakçısı olduğu müqavilələr daima qorunub saxlanılır, çalışılır ki, ciddi problemlər yaranmasın. Bu da Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycan gənc və müstəqil dövlətdir. Müstəqilliyimizi qoruyub saxlamaq bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu müqavilənin imzalanması həm də müstəqilliyimizin, stabilliyin qorunub saxlanılması baxımdan əhəmiyyətlidir. Azərbaycan üçün əhəmiyyətli hadisədir. Biz 1994-cü ildə “Əsrin Müqaviləsini” imzaladıq. 2013-cü ildə cənab Prezident TANAP və TAP layihəsini imzaladı. İndi də “Əsrin Müqaviləsi”nin davamı olaraq cənab Prezidentin iradəsi ilə indiki müqavilə 2050-ci ilə qədər uzadılır. Üstəlik şərtlər də dəyişdirilir. Bu da mühümdür. Hesab edirəm ki, Azərbaycana bu illər ərzində daxil olacaq vəsait ölkədə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın irəli getməsinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək edəcək.
- Zamanında “Lukoyl” şirkəti ilə müqaviləni siz imzalamışdınız. O dövrlə indiki dövr arasında fərqlər nədən ibarətdir?
- Siz 1993-cü ildə olan müqaviləni deyirsiniz. Bəli, həmin müqavilədə biz “Lukoyl”a 10 faiz verdik. O müqaviləyə mən imza atmışdım. Ancaq 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” ayrıdır.
- 1994-cü ildə imzalan “Əsrin Müqaviləsi” zamanı şərtlər Azərbaycan üçün münasib idi, yoxsa indiki dövrdə?
- 1994-cü ilin müqaviləsi ərəfəsində Azərbaycanda vəziyyət tam ayrı cür idi. O zaman durumumuz çətin idi, Azərbaycan müəyyən məsələlərdə diktə edə bilmirdi. O zaman bizə lazım idi ki, müqavilə imzalansın. Çünki bu müqavilənin imzalanması müstəqilliyimizin və sabitliyimizin qorunub saxlanılması baxımdan mühüm idi. Bu səbəbdən də o zaman Azərbaycan müəyyən güzəştlərə getdi. Müqavilənin ilkin dövründə bizim payımız çox az oldu. Ancaq indi Azərbaycan müstəqil dövlətdir, artıq 26 ildir müstəqil siyasət aparır. Odur ki, bu gün Azərbaycan müqzviləni istədiyi kimi imzalayır və dövlətlər də onunla razılaşır. Əlbəttə, indiki müqavilə çox əhəmiyyət daşıyır. Məsələn, mənfəətin 75 % Azərbaycanın payına düşür. Bu müqaviləni uğur hesab edirəm.
- Sözügedən müqavilə 2050-ci ilə qədərki uzun bir dövrü əhatə edəcək. Necə düşünürsünüz, 2050-ci ilə qədər ölkəmizin neft ixracı potensialı varmı?
- Bəli, var. Əvvəllər deyilirdi ki, “Azəri-Çıraq” yatağında cəmi 500 milyon neft var. Ancaq biz artıq 511 milyon ton nefti yataqdan çıxarmışıq. Cənab Prezidentin dediyi kimi, hələ orada 500 milyon ton neft ehtiyatı da var. Yəni müqavilə uzun müddət işləyəcək və hər hansı problem də olmayacaq.
- Bu müqavilə Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənməsi baxımından hansı əhəmiyyətə malikdir?
- Azərbaycan 26 ildir müstəqil dövlətdir, dövlət başçısı müstəqil siyasət aprır. Azərbaycanın imzaladığı bütün beynəlxalq müqavilələr ona hesablanır ki, ölkəyə iqtisadi gəlir gəlsin və müstəqillik qorunub saxlansın. Cənab Prezident bütün çıxışlarında birinci növbədə Azərbaycanın müstəqilliyini qoyur. Müstəqilliyi saxlamaq üçün belə kontraktların əhəmiyyəti var. İri şirkətlər sərmayə qoyduqları dövlətdə sabitliyin qorunub saxlanmasına çalışırlar. Azərbaycanın ən böyük üstünlüyü odur ki, bizdə sabitlik hökm sürür və qorunub saxlanılır.
- 1994-cü ildə imzalanan və ölkəyə böyük uğurlar gətirən “Əsrin Müqaviləsi”nin o zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyi haqda fikirlər səslənirdi. Ancaq nədənsə sonradan bu fikirlər özünü təsdiqləmədi. Sizcə, niyə?
- Bəli, o zaman bizdə belə fikir var idi. Düşünürdük ki, müqaviləni imzalayan iri şirkətlər həm də iri dövlətlərin şirkətləridir. Və onlar Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həlli üçün müəyyən təsirlər göstərəcək. Hətta biz “Lukoyl” şirkətinə pay verəndə bu söhbət gedirdi. Ancaq sonradan vəziyyət dəyişdi, Qarabağ məsələsi daha da dərinləşdi. Qarabağ təkcə Rusiyanın deyil, digər ölkələrin də maraq dairəsində olduğu səbəbindən münaqişənin həlli bu qədər uzanır. Bu kontraktların imzalanmasının bir istiqaməti də odur ki, Qarabağ münaqişəsi həlli tapılsın. Çünki bu münaqişə həll edilməyənə qədər bölgədə stabilliyi qoruyub saxlamaq çətindir.
- BP prezidenti Robert Dadli bəyan etdi ki, müqavilə çərçivəsində Azərbaycana 40 milyard investisiya qoyulacaq. Bəs, bizim bu müqavilədən gəlirimiz nə qədər olacaq?
- Mənim aldığım məlumata görə, bütövlükdə 40 milyarddır. Ancaq söhbət təkcə BP-dən getmir. Ümumi investisiya 40 milyard olacaq. Lakin nəzərə alın ki, bu məsələ daha çox işin gedişindən asılıdır. Təsəvvür edin ki, müqavilə 33 il davam edəcək. Deməli çox şey dəyişə, investisiyanın miqdarında artım ola bilər. Əsas odur ki, bu müqavilə imzalandı. Çünki bu, Azərbaycan üçün çox vacib idi.