7 Noyabr 2017 09:20
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidenti seçildikdən sonra Donald Trampın bəyanatlarından görünürdü ki, o, Şimali Koreya probleminə əncam qılmaq niyyətindədir. Əslində, Şimali Koreya təkcə ABŞ üçün deyil, bütövlükdə dünya üçün təhlükə mənbəyinə çevrilib.

Bu fikirləri Teleqraf.com-a politoloq Rüstəm Məmmədov ABŞ Prezidenti Donald Trampın Asiya turnesi çərçivəsində Yaponiyada keçirdiyi görüşləri şərh edərkən deyib.

Rüstəm Məmmədov bildirib ki, Şimali Koreya lideri özünü şah kimi aparır və dəhşətli silahlarla oyuncaq kimi rəftar edir. Onun sözlərinə görə, yalnız bu faktın özü dünya üçün ciddi təhlükə mənbəyidir:

“Mənə elə gəlir ki, Şimali Koreya prosesi tədricən məntiqi yekununa yaxınlaşır. Mən demirəm ki, Donald Tramp bu saat Şimali Koreyaya zərbələr endirəcək. Yox. Əslində Tramp sonda verəcəyi qərarı ölçüb-biçəcək. Eyni zamanda o öz müttəfiqlərini qoruyub saxlamalıdır. Trampın Asiya turnesinə bu prizmadan baxmaq lazımdır. Üstəlik nəzərə alaq ki, Yaponiya, Cənubi Koreya ABŞ-ın silahdaşı və müttəfiqidir. Həm Tokio, həm də Seul Şimali Koreya problemindən çəkinir. Fikrimcə, indi səfər çərçivəsində Tramp Yaponiya və Cənubi Koreyaya dəstəyini ifadə edəcək, eyni zamanda danışıqlar aparılacaq”.

Politoloq qeyd edib ki, bəzi iddialara rəğmən, ABŞ prezidentinin Asiya səfəri Çinə qarşı deyil:

“İnanmıram ki, ABŞ Çini hədəf seçsin. Çünki bu, yaxın perspektivdə görünməyən amaldır. Üstəlik indiki mərhələdə ABŞ Çini özünə hədəf seçərsə, ümumiyyətlə, dünya qarışar. ABŞ düşüncə mərkəzlərinin bu model üzərində işləməsi ağlabatan deyil. Hazırda Şimali Koreya daha ciddi təhlükə mənbəyidir. Məncə, bu istiqamətdə ciddi axtarışlar gedir. Üstəlik Çinin özü də müəyyən qədər Şimali Koreyadan ehtiyat edir. Təsəvvür edin ki, Pxenyanda düyməni basırlar, nüvə və ya bioloji silah havalanır. Bununla da vəziyyət qəlizləşir. Odur ki, bu məsələlər Çini də narahat edir”.

Trampın Şimali Koreya təhlükəsini aradan qaldırıb-qaldırmayacağına gəldikdə Rüstəm Məmmədov deyib ki, bu haqda danışmaq hələ tezdir:

“Nəzərə almaq lazımdır ki, belə ciddi rejimlərdə hakimiyyət dəyişikliyinə nail olmaq elə də asan olmur. Ancaq ABŞ-ın beyin mərkəzləri bu variant üzərində işləyir. Nəticənin necə olacağını gələcək göstərəcək. Açığı, mən hərbi variantın real olduğunu demək istəmirəm. Düyməni basdın və silahlar hədəfə doğru getdi. Sonra? Dünya dağılacaq və bir-birinə dəyəcək. Mən ABŞ-ın hərbi variantlar üzərində işlədiyinə inanmıram. Əlbəttə, Koreya yarımadası yaxınlığında ABŞ-ın atom sualtı qayığı, silahları var. Ancaq bu, ehtiyat variant kimi saxlanılır. Şimali Koreya isə güc nümayiş etdirməklə dünyanı qorxudur ki, mənimlə işiniz olmasın”.

Müsahibimiz qeyd edib ki, hazırda Rusiyanın özü də Şimali Koreyadan ehtiyat edir:
“Şimali Koreya prosesi açılsa, bura Rusiya da, Çin də qatılacaq. Çünki bu onlar üçün də təhlükə mənbəyidir. Bu baxımdan Prezident Trampa imkan vermək lazımdır ki, bu axtarışlarını davam etdirsin. Görək sonda Şimali Koreya probleminin həlli üçün nələri təklif edəcək. Mən Prezident Trampın Asiya səfərini daha çox Pxenyanla bağlı təhlükə ilə əlaqələndirirəm”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın noyabrın 4-də Asiyanın beş ölkəsinə rəsmi səfəri başlayıb. Prezident ilk olaraq Yaponiyada olub. 12 günlük səfər çərçivəsində əsas müzakirə mövzusu Şimali Koreyaya qarşı birgə cəbhə formalaşdırmaqdır.


Müəllif: Cavad

Oxşar xəbərlər