18 Noyabr 2017 11:56
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvi ölkədə ağır demoqrafik vəziyyətin mövcudluğunu göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Elman Nəsirov deyib ki, Ermənistan Müdafiə Nazirliyinin təklifi ilə parlamentin qanuna bu dəyişikliyi təsdiq etməsi ölkədə ictimai-siyasi gərginliyi pik nöqtəyə çatdırıb: “Tələbə gənclər parlamentin bu qərarına qarşı çox kəskin etirazlarını bildirirlər. Ermənistan cəmiyyətində indi ən çox müzakirə olunan mövzu budur ki, niyə atəşkəs olduğu bir dövrdə hökumət belə bir addım atmağa məcbur olub?

Baxmayaraq ki, Dağlıq Qarabağda intensiv döyüşlərin getdiyi 1990-cı illərin əvvəllərində hökumət tələbələrin hərbi xidmətdən möhlət hüququnu ləğv etməmişdi. Erməni ictimaiyyəti bunun səbəbini onda görür ki, artıq Ermənistanın insani resursları tükənib və ölkə ordunu əsgərlə təmin etməkdə çox ciddi problemlərlə üzləşib, ölkədə demoqrafik vəziyyət artıq partlayış səviyyəsindədir.

Yüz minlərlə insan ölkəni tərk edir, yoxsulluq daha da dərinləşir. Ermənistanda doğumun səviyyəsi sıfıra bərabərdir və olan-qalan gənclər də ölkəni tərk edir. Belə olan vəziyyətdə kimi hərbi xidmətə göndərsinlər?! Əllərinə tələbələr keçir. Bu çox acınacaqlı vəziyyətdir və Ermənistandakı böhranın növbəti təzahürüdür”.

Deputat qeyd edib ki, digər tərəfdən Ermənistan xarici ölkələrdən silah idxalını əlavə dəyər vergisindən (ƏDV) azad edir: “Hesab edirəm ki, bu addım Ermənistanın güclənməsinə yox, iqtisadiyyatının daha da çökməsinə gətirib çıxaracaq. Ermənistanın elə maliyyə imkanları yoxdur ki, müasir silahlar ala bilsin. Ən yaxşı halda kredit hesabına Rusiyadan köhnəlmiş silahlar ala bilirlər. Bu nöqteyi-nəzərdən ƏDV-nin ləğv edilməsi nəticə etibarı ilə ölkə büdcəsindən silah-sursatın alınması üçün xərclərin artımı deməkdir.

Bu isə Ermənistanda sosial gərginliyin daha da artmasına gətirib çıxaracaq. Demək, bu silahlar sosial müavinətlərin kəsilməsi hesabına, sosial xərclərin azaldılması hesabına alınacaq. Bu o deməkdir ki, Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb”.


Müəllif: Səxavət

Oxşar xəbərlər