21 Noyabr 2017 20:57
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Terrorçuluqla mübarizə və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Çen Qopinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E. Məmmədyarov Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edib və bu baxımdan iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin, həmçinin son dövrlər intensivləşən səfərlər mübadiləsinin rolunu xüsusi vurğulayıb.

Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü yaxından dəstəklədiyini deyən E. Məmmədyarov 30 oktyabr 2017-ci il tarixində istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun bu çərçivədə yük və sərnişin daşınması baxımdan əməkdaşlıq üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb. Həmçinin, Azərbaycan iqtisadiyyatının xüsusilə qeyri-neft sektorunda Çin şirkətlərinin daha fəal şəkildə təmsil olunmasında ölkəmizin maraqlı olduğunu deyib.

Çen Qopinq isə Çin hökumətinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib və iki ölkənin əməkdaşlığı üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycanın İpək Yolunun vacib iştirakçılarından biri olduğunu qeyd edən Çen Qopinq “Bir Kəmər, Bir yol” layihəsinə Azərbaycanın yaxından iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.

Ç. Qopinq Azərbaycan və Çin hökumətləri arasında strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin terrorizmə qarşı mübarizə sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bu xüsusda, E. Məmmədyarov Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəklədiyini və beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə irəli sürülən təşəbbüslərlə bağlı Çinlə Azərbaycanın eyni mövqedən çıxış etdiyini deyib.

Görüşdə beynəlxalq və regional xarakterli digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər