28 Noyabr 2017 11:11
3 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin bu vəzifədən geri çağrılmasında qeyri-adi heç nə yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, V.Doroxin 8 ildir Azərbaycanda səfirdir. Ancaq söhbət Rusiyadan getdiyi üçün səfirin niyə indi geri çağrıldığı müəyyən suallar doğurur:

“Rusiyanın Azərbaycandakı yeni səfirinin adı bu il iyulun əvvəlində bəll olub. Rusiya Dövlət Duması elə həmin tarixdə Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Yeni səfir Georgi Zuyevdir. O Azərbaycana səfir təyin olunana qədər Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışıb.

Məndə olan məlumata görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olarkən yeni səfirin təyinatı məsələsinə toxunub. Bakı Doroxindən razı idi. Ancaq Zuyevlə bağlı ziddiyyətli informasiyalar gəlir. Birincisi, Zuyevin Rusiya kəşfiyyatına bağlı olduğuna dair müxtəlif xəbərlər var. İkincisi, necə ki, Sergey Lavrov Qarabağ münaqişəsinin həllinə soyuq yanaşır, yeni səfirin də eyni mövqedə olduğuna dair məlumatlar var. Zuyev Moskvanın xarici siyasətindəki yeni tələb və istəkləri Bakıya daha intensiv şəkildə çatdıracaq”.

E.Şahinoğlu Rusiyanın Azərbaycana silah satması ilə bağlı məsələlərə də toxunub. Onun fikrincə, Rusiya hakimiyyəti əlindən gələni edir və edəcək ki, Azərbaycan ordusu Ermənistan üzərində qələbə çalmasın:

“Belə olan təqdirdə haqlı sual meydana çıxır; bəs onda Rusiya Azərbaycana niyə milyardlarla dollar dəyərində silah-sursat satır? Çünki Rusiya bu məsələyə məntiqlə yanaşır. Bilir ki, bizə silah satmasa, Azərbaycan silahı başqa ölkələrdən alacaq. Ortada milyardlarla dollarlıq müqavilələr var. Rusiya Hərbi-Sənaye Kompleksi həmin milyardları itirmək istəmir. Ancaq Azərbaycana silah satmaq Rusiyanın bizim bu silahlarla Ermənistan üzərində qələbə çalacağımızla barışacağı anlamına gəlmir. Bizim işğalçı ilə 4 gündən çox müharibə aparmağa hövsələləri çatmadı.

Elə Moskva Azərbaycandakı “sakit səfir” Doroxini (qeyri-rəsmi söhbətlərdə Rusiyanın Ukraynanı niyə parçaladığını anlamadığını deyirmiş) Zuyevlə ona görə əvəz edir ki, Rusiyanın mövqeyi daim qulaqlarda cingildəsin. Bununla barışa bilmərik. Qonuşuluq və sözdə dostluq öz yerində, ancaq biz də elə etməliyik ki, Azərbaycanın işğalla barışmayacağı fikri rusiyalı rəsmilərin qulaqlarında cingildəsin. Bu arada, ara-sıra müharibədən danışan Rusiyadakı səfirimiz Polad Bülbüloğlu müharibə ritorikasını bir az da artırmalıdır”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər