Gələn il 10 oktyabrda ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək seçki şansı var. Əminik ki, biz növbəti dekabr konfransını Prezident İlham Əliyevin qələbəsi kimi qeyd edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfransda deyib.
O qeyd edib ki, bu gün ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baş nazirin müavini qeyd edib ki, bu siyasətin nəticəsində Azərbaycan qlobal layihələrin reallaşmasında böyük rola malikdir: "Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən "Əsrin Müqaviləsi"nin müddətinin uzadılması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq nüfuzumuzun artması bu layihələrin dividentləri sayıla bilər".
Azərbaycanın şərqlə qərbin qovşağında yerləşdiyini deyən Ə.Əhmədov bildirib ki, Azərbaycanın malik olduğu üstünlükdən Prezident İlham Əliyev məharətlə istifadə edir: "Beləliklə, qlobal layihələrin həyata keçirilməsi həm iqtisadi dividentlər gətirir, həm də ölkəmiz bütün dünyanın enerji kommunikasiya mərkəzinə çevrilir. Bununla da Azərbaycanın dünyada mövqeyi əhəmiyyətli şəkildə artmış olur". (Trend)