26 Dekabr 2017 11:07
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın ən oxunan qəzetlərindən olan “El Universal”da Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovla müsahibə dərc olunub.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, məqalədə Azərbaycan nümayəndəsinin sözlərinə istinad edilərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolunun rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək öz silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması olduğu bildirilir. Məqalədə Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olduğu və 1992-ci ildən Ermənistanın işğalı altında olduğu deyilir.

Xatırladılır ki, bu münaqişəyə Meksikada son zamanlar diqqəti üç yerli deputatın Azərbaycan hökumətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səfəri və bununla bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin sərt reaksiyası barədə xəbərlər cəlb edib.

Azərbaycan diplomatının sözlərinə əsasən qeyd olunur ki, Ermənistan tərəfi və bu ölkənin Meksikadakı səfiri A.Ayvazyan meksikalı millət vəkillərini münaqişəyə cəlb edib, onları siyasi xal qazanmaq üçün öz məkrli oyunlarında istifadə etmək məqsədilə işğal olunmuş ərazilərə aparıblar. Bildirilir ki, Meksika Xarici Əlaqələr Katibliyinin (Xarici İşlər Nazirliyi) həmin ərazilərə səfər etməməklə bağlı xəbərdarlıqları və bu ərazilərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğuna məhəl qoymadan həmin deputatları işğal olunmuş ərazilərə apararaq Ermənistan hökuməti heç bir ölkə, o cümlədən rəsmi olaraq heç Ermənistan tərəfindən də tanınmamış qondarma separatçı rejimin guya Meksika tərəfindən dəstəklənməsi imicini yaratmaq məqsədini güdürdü.

Bildirilir ki, Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili məsələ ilə bağlı hökumətinin etirazını bildirmək üçün Meksika XİN-i və Deputatlar Palatası ilə görüşlər keçirib və hər iki qurum Azərbaycanın ərazi bütövlüyü və münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəklədiklərini vurğulayıb.

Azərbaycan nümayəndəsinin Ermənistanın Meksikadakı səfirinin son zamanlar daha bir presedentsiz və heç bir diplomatik etikaya uyğun olmayan oyuna əl atdığını dediyi qeyd olunur. Belə ki, səfir Ayvazyan Meksika vətəndaşlarını açıq şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etməsi (Ermənistan səfiri deputatların səfərini təqdir edərək Meksikanın digər vətəndaşlarını da belə addım atmağa çağırıb) onları öz ölkələri XİN-in xəbərdarlıqlarına məhəl qoymamağa çağırmaq deməkdir.

Azərbaycan diplomatının sözlərindən sitat gətirilərək “Düşünürəm ki, Ermənistan səfiri bu oyunlara son qoymalı və insan hüquqlarından danışaraq (bəyanatlarından birində o, Meksika deputatlarının azad səfər etmək hüququnun olduğunu deyib) işğal olunmuş ərazilərdən yüz minlərlə azərbaycanlının öz evlərindən qovulması, zorakılığa məruz qalması və öldürülməsi faktlarını izah etməlidir” deyilir. Həmçinin, erməni səfirin “Dağlıq Qarabağda yeni erməni soyqırımı təhlükəsi” barədə sözləri ilə bağlı onların uydurma, cəfəng və absurd olduğu bildirilərək Azərbaycanın multikulturalizm və tolerantlığı ilə tanınan bir ölkə olduğu vurğulanır, burada bütün din və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliklə üzləşmədən birgə yaşadıqları deyilir.

Bundan əlavə məqalədə 2017-ci ildə ölkəmizlə Meksika arasında diplomatik əlaqələrinin 25-ci ildönümünün qeyd olunduğu, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi üçün böyük imkanların olduğu bildirilir.

İspan dilində dərc olunan məqaləni buradan oxumaq olar.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər