Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda şəxsən iştirak etməsi Azərbaycana bir sıra üstünlüklər qazandırır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
O əlavə edib ki, Azərbaycan Prezidenti Davos Forumunda ümumilikdə 10 dəfədən çox iştirak edib:
“1995-ci ildən başlayaraq, Azərbaycan Dünya İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində təmsil olunur. İlham Əliyev Davos Forumunda ən fəal iştirak edən prezidentlərdəndir. Bu da Azərbaycana bir sıra dividentlər gətirir. Prezident hər il Davosda 30-a yaxın görüş keçirir. Davos Forumu Azərbaycan üçün ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etmadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacibdir. Azərbaycan Prezidenti Davos Forumunun imkanlarından görüşləri, çıxışları ilə uğurlu şəkildə faydalanır. Dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin artdığı bir zamanda Azərbaycanın 2018-ci il üzrə iqtisadi prioritetlərini aydın şəkildə açıqlaması forumda ölkəmizə olan marağı daha da artırır. Dünyanın aparıcı şirkətləri, dünya iqtisadiyyatını müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər. Yəni, Azərbaycan iqtisadiyyatının problemi nədir, Azərbaycan bu problemdən çıxış yolunu necə görür, bütün bu suallara Davosda aydın cavablar verilir. Ölkəmizə investorların cəlb edilməsi, ölkəmizin iqtisadi potensialının təbliğ olunması baxımından da forum olduqca əhəmiyyətlidir”.
T.Mirkişili hesab edir ki, hazırda dünya iqtisadiyyatının nəbzi Davosda döyünür:
“Dünya İqtisadi Forumu dünyanın ən böyük iqtisadi forumu sayılır. Burada dünyanın yüksək səviyyəli şəxsləri təmsil olunurlar. Forum Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından vacibdir. “Made in Azerbaijan” brendinin dünyada tanıdılması, qeyri-neft sektorunun inkişafı qarşımızda duran əsas vəzifələrdəndir”.
Prezident İlham Əliyevin yanvarın 23-də Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirakını və etdiyi çıxışı qiymətləndirən T.Mirkişili qeyd edib ki, Prezident çıxışında təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın işğalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı iştirakçıları məlumatlandırıb:
“Biz bu mötəbər tribunadan istifadə edərək dünyaya həm də siyasi mesajlar ötürə bilirik. Artıq Azərbaycan start mövqedən deyil, dinamik inkişafda olan, sabitliyin bərqərar olduğu, yeni hədəflərə doğru irəliləyən bir ölkə kimi Davosda çıxış edir. İqtisadiyyatımız sabitləşib, təbii ehtiyatlarımızdan cəmiyyətin firavanlığı naminə istifadə olunur”.
T.Mirkişili bildirib ki, Davos Forumu Azərbaycan Prezidentinin iştirakı ilə daha da mötəbərləşib:
“Davos Forumu Azərbaycanın mövqeyini dünyaya çatdırmaq baxımından bir fürsətdir. Cənab Prezident çıxışında Azərbaycan iqtisadiyyatının problemləri, 2018-ci il üçün prioritetlərimiz barədə ətraflı məlumat verdi. Müşahidələr göstərir ki, forum iştirakçılarının Azərbaycana böyük marağı var. Hər bir güclü şirkət çalışır ki, Azərbaycanda nümayəndəlik açsın. Düşünürəm ki, indiki vacib məqamda Davos Forumu Azərbaycana bir sıra iqtisadi və siyasi dvidentlər qazandıracaq”.