Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğında insanların ölməsi ilə əlaqədar başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Əziz İlham Əliyev. Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 25 nəfər ölüb, 3 nəfər tüstüdən zəhərlənib.
***
15:32
Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.
Bununla bağlı nazirliyin rəsmi Tvitter hesabında mətn yerləşdirilib:
“Bakıda baş verən dəhşətli yanğın bizi çox kədərləndirdi və sarsıtdı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
***
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.
Məlumatı Qazaxıstan Prezidentin mətbuat xidməti yayıb.
"Mən qardaş Azərbaycan xalqının acısını bölüşürəm. Həm öz, həm də Qazaxıstan xalqı adından Sizə və ölənlərin ailələrinə başsağlığı verirəm, xəsarət alanlara Allahdan şəfa diləyirəm", - deyə N.Nazarbayevin başsağlığında bildirilib.
Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib./Report/
***
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıda Respulika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Milli Məclisin sədri Oqtay Əsədova başsağlığı verib.
V.Volodin Dövlət Dumasının deputatları adından başsağlığını çatdırıb:
“Biz Respulika Narkoloji Mərkəzindəki yanğın nəticəsində ölənlərin olması ilə əlaqədar kədərləndiyimizi ifadə edirik. Həlak olanların yaxınlarına başsağlığımızı ifadə edir, xəsarət alanlara şəfalar diləyirik”.
Qeyd edək ki, Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib./Trend/
***
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Narkoloji Dispanserdə baş verən yanğınla bağlı başsağlığı verib.
Səfirlik bu səhər baş verən yanğında həyatlarını itirən şəxslərin ailələrinə başsağlığı diləyib:
“Dualarımız və diləklərimiz qurbanların ailələri və Azərbaycan xalqı ilə birlikdədir!”/APA/