Rusiya Böyük Britaniyanın fəaliyyətinə qarşı cavab tədbirləri görəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib:
“Əlbəttə, cavab tədbirləri olacaq. Britaniyalı diplomatları Rusiyadan qovacağıq”.
Lavrov Böyük Britaniyanın Müdafiə naziri Hevin Uilyamsın sözlərinə də münasibət bildirib:
“Biz artıq uzun müddətdir ki bu cür çıxışlara cavab vermirik. O, yəqin tarixə düşmək istəyir. Güman edirəm ki, bu ifadələri işlətdiyi üçün çox savadsızdır”.
Qeyd edək ki, Tereza Mey srağagün Britaniyanın Rusiya ilə ikitərəfli əlaqələri kəsdiyini bildirib:
“London Moskva ilə əlaqələri kəsməkdə maraqlı deyil. Ancaq İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Rusiya ilə əlaqələrimiz əvvəlki səviyyədə olmayacaq”.
Mey əlavə edib ki, Britaniya 23 rus diplomatını deportasiya edəcək: “Onlar qeydə alınmayan casuslardır və həmin şəxslərin Britaniyanı tərk etməsi üçün bir həftə vaxtları var”.
Hevin Uilyams isə çıxışı zamanı Rusiyanı sakit durmağa və kənara çəkilməyə çağırıb.