Azərbaycanın və Ermənistanın Rusiyadan silah alması məsələsi bir qədər fərqlidir. Ermənilər silahı kredit əsasında, Azərbaycan isə öz puluna əldə edir.
Bu fikirləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, erməni mətbuatında Rusiyanın Azərbaycana silah satmayacağı haqda xəbərlərə ciddi fikir verməyin tərəfdarı deyil:
“Silah satışında əsas meyar qiymət və keyfiyyətdir. Azərbaycan silahı öz puluna alır. Rusiya da silah satan ölkələrdən biridir. Azərbaycan öz puluna Rusiyadan da, digər ölkələrdən də silah ala bilər. Yəni Azərbaycanın silah alması heç zaman problem olmayacaq. Bu, daha çox Azərbaycanın öz seçimi ilə olan işdir. Rusiya üçün də Azərbaycan yaxşı müştəri hesab oluna bilər”.
Tofiq Zülfüqarovun qənaətincə, indiki məqamda Ermənistanın Rusiyadan silah almasında problemlər yarana bilər:
“Bir daha xatırladıram ki, Ermənistan Rusiyadan silahları kredit şərtləri əsasında əldə edir. Hazırda Ermənistanda iqtisadi böhran mövcuddur. Digər tərəfdən, Rusiyada da maliyyə-iqtisadi durum 5 il əvvəlki kimi deyil. Rusiyada iqtisadi yardım proqramları təxirə salınır və ya salınacaq. Ermənistan da bu kimi proqramlardan istifadə edərək, silah alırdı. Bu proqramların təxirə düşməsi Ermənistanın işinə yaramayacaq. Yəni silah almaq problemi yaşayacaq ölkə varsa, bu, birinci növbədə Ermənistandır”.