Aprelin 5-6-da Bakıda Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, nazirlər konfransına hazırlıq məqsədilə aprelin 3-4-də isə yüksək vəzifəli məmurlar səviyyəsində iclas düzənlənəcək. Konfransda Qoşulmama hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər.
Sabiq diplomat, politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqovla söhbətimiz də bu mövzudadır.
– Fikrət müəllim, Bakıda keçiriləcək iclasdan gözləntiləriniz nədən ibarətdir?
– Əvvəla onu qeyd edim ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. Bu, ən böyük universal təşkilat olan BMT-dən sonra üzvlərinin sayına görə ən böyük təşkilatdır. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.
Aprelin 5-6-da Bakıda nazirlər səviyyəsində keçiriləcək iclas gələn il keçiriləcək zirvə toplantısına hazırlıq mərhələsinin tərkib hissəsidir. Bu çərçivədə bir sıra mühüm, aktual məsələlərin müzakirəsi planlaşdırılır. Bu görüş əlbəttə, ilk növbədə zirvə görüşünün gündəliyinin tutulması, ikincisi, bir sıra məsələlərin müzakirəyə çıxarılması və hazırlıq işləri ilə təkliflərin, təşəbbüslərin irəli sürülməsi deməkdir. Gələn il keçiriləcək sammitdə isə sözsüz ki, bir sıra aktual məsələlər müzakirə predmetinə çevriləcək.
– 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına qoşulub. Ötən müddət ərzində ölkəmiz bu təşkilatdan istədiyini əldə edə bilibmi?
– Qoşulmama Hərəkatına üzv ölkələr heç bir hərbi blokda iştirak etmirlər. Hərbi bloklara qoşulmamaq bu ölkələrin prioritet məqsədidir. Düzdür, müəyyən istisnalar da var. Məsələn, Belarus Qoşulmama Hərəkatının üzvü olsa da, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yaxud, Ermənistan da KTMT-nin üzvü olsa da, lakin bu təşkilatda müşahidəşi qismində iştirak etməyə nail ola bildi. Qoşulmama Hərəkatı az öncə qeyd etdiyim kimi çox böyük bir təşkilatdır. Bir sıra qitələrdən olan dövlətləri öz sıralarında cəmləşdirir. Əlbəttə, həmin ölkələrin bir sıra qərarlara təsir etmək gücü var. Yaddan çıxarmayaq ki, BMT-nin 193 üzvünün 120-i Qoşulmama Hərəkatının üzvüdür. İndi özünüz nəticə çıxarın. Demək, müəyyən istisnalarla bütün BMT Qoşulmama Hərəkatında təmsil olunur. Bundan əlavə, biz 2011-ci ildə iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləndə Qoşulmama Hərəkatının bir çoxu bizi dəstəklədi. Bu dəstək bizim üçün çox böyük əhəmiyyətə malik idi.
Bu heç də o demək deyildi ki, bu təşkilata üzv olan kimi bizim bütün problemlərimiz həll olunacaq və öz istəyimizə mexaniki şəkildə nail olacağıq. Əvvəla, hərəkatın özündə də bəzi məsələlərlə bağlı vahid mövqe yoxdur. Biz bunu da bilməliyik. Bu təşkilatda bir-biri ilə ziddiyyətdə olan dövlətlər də var. Amma eyni zamanda digər reallıq da var. Belə ki, bu təşkilatda bizə müttəfiq olan Pakistan kimi dövlət də var. Yaxud, Səudiyyə Ərəbistanının indiyədək Ermənistanla heç bir diplomatik əlaqəsi yoxdur. Bu, öz-özlüyündə bizim xeyrimizədir. Əlbəttə, biz kimdənsə nəsə gözləməməliyik. Biz özümüz də bu hərəkatda fəal iştirak etməli, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı olmasına dövlətləri cəlb etməliyik. Onlar tərəfindən bir sıra qətnamələrin qəbul olunmasına və artıq qəbul edilmiş qətnamələrin icra edilməsinə müəyyən təsir göstərmələrinə nail olmalıyıq. Yəni, Qoşulmama Hərəkatı çərçivəsində müsbət məqamlar çoxdur və zənnimcə, mən həmin məqamları qeyd etdim.
– 2019-2022-ci illər ərzində ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etməsindən hansı dividentlər əldə edə bilərik?
– Sədrliyə başladıqdan sonra biz ilk növbədə regionda cərəyan edən məsələlərə dövlətlərin diqqətini cəlb etməliyik. İkincisi, bir sıra qərarların qəbuluna nail olmalıyıq. Çünki bu, hər halda bizə hüquqi baza verən yeni sənəd ola bilər. Üçüncüsü, biz bu hərəkat çərçivəsində bir sıra dövlətlərlə fəal münasibətlər yaratmalı və bu münasibətlər çərçivəsində öz məsələlərimizi, problemlərimizi daha qabarıq şəkildə gündəmə gətirməliyik. Qoşulmama Hərəkatına daxil olan əksər dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və bu, çox müsbət amildir. Amma biz yenidən bu məsələyə qayıda, onu yenidən gündəmə çıxarandan sonra isə yaranmış hadisələr prizmasından müxtəlif sənədlərin qəbuluna nail ola bilərik.