Gürcüstanın Rusiya və Ermənistana yaxınlaşmasının arxasında birmənalı olmayan məqamlar dayanır.
Bunu Teleqraf.com-a açıqlamasında “Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli deyib.
Politoloq hesab edir ki, Gürcüstan hakimiyyətinin son zamanlarda atdığı addımlar bir sıra suallar yaradır: “Bu sualların üzərində düşünmək lazımdır. Ən düşündürücü məqamlardan biri TANAP-ın açılışında Gürcüstan rəsmilərinin iştirak etməməsi idi. Bununla yanaşı, Ermənistan üzərindən İrandan Gürcüstana qaz kəmərinin çəkilməsi ehtimalı, Rusiya – Gürcüstan – Ermənistan dəmir yolu xəttinin çəkilməsi ilə bağlı müzakirələr də bu qəbildəndir.
Hesab edirəm ki, Gürcüstanın mövcud hakimiyyətinin Rusiya kapitalına bağlılığı var. Başqa sözlə, Rusiya Gürcüstanın indiki hakimiyyətinin qurulmasında iştirak edib. Bunu danmaq mümkün deyil. Bu baxımdan, Gürcüstanın Rusiya və Ermənistana yaxınlaşması anlaşılandır”.
Zəlimxan Məmmədli Rusiya – Gürcüstan – Ermənistan yaxınlaşmasının Azərbaycana təsir imkanlarından da danışıb:
“Azərbaycan bu yaxınlaşmaya qarşı bölgədə gedən proseslərdə aktivliyini və beynəlxalq layihələrdə iştirakını artırmalıdır. Eyni zamanda, Azərbaycan bölgədə dost və düşmənlərini müəyyən etməlidir. Hər halda, Gürcüstanın Azərbaycanın düşmənlərinə yaxınlaşması milli maraqlarımıza uyğun deyil. Amma mən yenə də inanmaq istəmirəm ki, Gürcüstan oriyentasiyasını tamamilə dəyişə bilər.
Bütün hallarda Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı bölgənin gələcəyi üçün vacibdir. Əgər bu istiqamətdə ciddi laxlamalar baş versə, Gürcüstan öz oriyentasiyasını dəyişsə, Cənubi Qafqazın gələcəyi ilə bağlı ciddi təhlükələr ortaya çıxa bilər”.