Azərbaycan-Türkiyə Konfederativ İttifaqının qurulması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük imkanlar yaradacaq. Bu, eyni zamanda, Güney Azərbaycan məsələsinin həlli demək olacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri tarixçi-alim Dilavər Əzimli deyib.
O hesab edir ki, Turan Birliyinin yaranmasının yolu Azərbaycan-Türkiyə İttifaqının qurulmasından keçir:
“Bu gün İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Bizim onlara təsir imkanımız çox aşağı səviyyədədir. Amma Türkiyənin çox böyük təsir imkanları var. Türkiyə televiziyalarını bütün İranda izləyirlər. Urmiyada hamı Türkiyə türkcəsində danışır. İsfahanda, Tehranda, Qumda hamı Anadolu türkcəsini öyrənir. Bu da Türkiyədən yayımlanan filmlərə baxmaq istəyi ilə bağlıdır. Bundan əlavə, İrandan çoxlu sayda iş adamları Türkiyədə, Türkiyədən olan iş adamları İranda çalışırlar”.
Dilavər Əzimlinin sözlərinə görə, bu və digər amillər Türkiyənin nəinki Turan Birliyinin yaranmasında, eyni zamanda, Azərbaycanın bütövləşməsində rolunu artırır: “Türkiyə artıq regional gücə çevrilir. Həmin Türkiyə Qarabağ məsələsini özünün problemi sayır. Hamı bilməlidir ki, sülh yolu ilə Qarabağ məsələsi həllini tapa bilməz. Bizim isə ətrafımızın hamısı düşməndir. Tək ümidimiz Türkiyədir.
Qarabağ məsələsinin həlli Türkiyənin güclənməsindən və regional gücə çevrilməsindən keçir. Biz torpaqlarmız uğrunda müqəddəs savaşa hazır olmalıyıq. Bunu yalnız Türkiyənin hərbi-siaysi yardımı ilə edə bilərik. Bu həm də Azərbaycanın bütövləşməsinə aparacaq”.
Tarixçi-alim hesabe dir ki, Azərbaycan-Türkiyə ittifaqının yaranması Bakını bölgənin iqtisadi-siyasi mərkəzinə çevrəcək:
“Bu ittifaqın vahid pulu, vahid iqtisadiyyatı və vahid hərbi sistemi olacaq. Bundan sonra Mərkəzi Asiya dövlətləri də bura qoşula bilərlər. Bunun isə İranda milli oyanışa səbəb olacağı qaçılmaz olacaq. Bu, həmçinin Güney Azərbaycanın müstəqillik qazanması şanslarını artıracaq”.