İyulun 8-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyası çərçivəsində "İpək yoluna dəstək qrupu"nun (Silk Road Support Group — SRSP) iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, qrupa sədrlik edən, ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev giriş nitqində toplaşanları qrupun yaradılmasının bir illiyi münasibətilə təbik edib. “Bir il əvvəl Minskdə 17 dövlətdən olan deputatlar “İpək yoluna dəstək qrupu”nu yaratdı, bu gün isə sayımız 22-dir”, - deyə məmnunluğunu bildirən Azay Quliyev məlumat verib ki, gündəlikdə, həmçinin 23-cü namizədin – Fransanın SRSP-ə qəbul edilməsi ərizəsinə baxılması dayanır.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev iştirakçılara QDİƏT PA-ya ATƏT PA-da müşahidəçi statusu verildiyini bildirib. O, Böyük İpək yolunun bərpasında Qara dəniz iqtisadi regionunun və əksinə, bu marşrutun Qara dəniz regionunun gələcək iqtisadi inkişafında mühüm rolunu vurğulayıb.
Qrup təşkilati məsələlərə baxaraq, Fransanı öz sıralarına qəbul edib, habelə iki sədr müavin seçib - bunlar Avstriya deputatı Roman Hayder və ATƏT PA-nın birinci komitəsinin sədri, İsveçrədən olan deputat Filippo Lombardidir.
Çıxış edənlər İpək yolunun təkcə coğrafi baxımdan əhatə etdiyi dövlətlər arasında iqtisadi əlaqələrin inkişafında deyil, həm də bütün ATƏT məkanında sülh və etimadın möhkəmlənməsində əvəzolunmaz əhəmiyyətini qeyd ediblər. “Bu, sadəcə dəmir yolu, sadəcə konteynerlər və yüklər deyildir, ATƏT-in əsasını təşkil edən məqsədləri – sülhü və təhlükəsizliyi möhkəmləndirən amildir”, - deyə ATƏT PA-nın prezidenti Georgi Sereteli bildirib.
İştirakçılar qrupun sədrinin bu təşkilatın fəaliyyəti barədə məruzəsini dinləyib və bəyəniblər.
ATƏT PA-da Belarus nümayəndə heyətinin rəhbəri Boleslav Pirştuk SRSP-nin növbəti konfransının 2019-cu ilin yazında Minskdə keçiriləcəyini elan edib.