15 İyul 2018 21:54
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekstremist qüvvələrin iyulun 10-da Gəncədə din pərdəsi altında həyata keçirdiyi cinayətkar əməllərin islama heç bir aidiyyatı yoxdur. Hər şeydən əvvəl ona görə ki, dinin siyasət bayrağı altında siyasi və ideoloji proseslərə müdaxiləsi yolverilməzdir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ceyhun Hüseynov deyib.

O qeyd edib ki, hər şey kimi din də öz yerində və təyinatına uyğun olanda gözəldir:

“İslam dini isə insanlığa fitnə-fəsad və qarışıqlıq gətirmək üçün deyil, barış və sabitlik gətirmək üçün yaranıb. Xaos şəraitində dini etiqada da şüurlu münasibət bəsləmək mümkün deyil. Dini tolerantlıq yüksək əmin-amanlıq və sabitlik şəraitində təmin edilə bilər. Təsadüfi deyil ki, sabitlik adası olan Azərbaycan öz tolerant dəyərləri ilə dünya ölkələri üçün bir nümunə rolunu oynayır. Öz mövcudluğu dövründə ərazisində bir dəfə də olsun, dini qarşıdurmanın baş verməməsi buna əyani sübutdur. Əksinə, islam ölkəmizdə təkcə əqidənin deyil, əsrlərdən bəri yaşayan müxtəlif xalqların ümumi adət-ənənə, mənəviyyat və həyat tərzi əsasında vahid azərbaycanlı adı altında birləşməsində mühüm rol oynayıb. Dinin mənəviyyatda rolunun artırılmasını ölkəmizin inkişaf strategiyasının vacib istiqamətlərindən biri hesab edən ulu öndər Heydər Əliyev deyirdi: “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”.

C.Hüseynov daha sonra deyib:

“Mütləq olan Allaha sevgi nisbi sevgilərdən keçir. Ailəsini sevməyən insan elini-obasını, elini sevməyən biri Vətənini, Vətəninin sevməyən nakəs Allahını sevə bilməz. Sevsəydi “Allahu əkbər” deyib, Yaradanın buyurduqlarına zidd olaraq insan canına qəsd etməzdi. Quranın “Əl-Maidə” surəsində deyilir: “Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur”. Yəni, bir müsəlman “Allahu əkbər” deyərək, soyuq silahla onunla eyni əqidəni paylaşan və eyni vətəndaşlığı daşıyan əliyalın, günahsız bir insanın üzərinə getməz. Xəncər, bıçaq kimi soyuq silaha əl atmaq yalnız soyuq qəlbli insanların peşəsi ola bilər”.

C.Hüseynov onu da bildirib ki, biz tarixən islam dininin ölkəmizdə yaşayan xalqların mənəviyyatına təsirinin deyil, həm də bu prosesdəki əks-əlaqənin də şahidi olmuşuq:

“Yəni islam dininin formalaşmasında və inkişafında universal dəyərlərlə yanaşı, lokal mədəni-mənəvi mühitlərin və milli dəyərlərin də rolu az olmayıb. Xalqımızın malik olduğu məxsusi milli-mənəvi dəyərlər isə əliyalın və günahsız birinə əl qaldırmağı kişilik və mərdlik hesab etmir. Xalqımızın iç simasını və milli-mənəvi dəyərlərini təsəvvür etmək üçün ən mühüm mənbə olan “Kitabi Dədə Qorqud”da aldadıb ər tutmağın, əliyalın insana əl qaldırmağın namərd işi olması aydın şəkildə təsvir olunur. Beyrək Qazandan və elindən dönmədiyi kimi, Azərbaycan polisi də öz Prezidentindən və dövlətçiliyindən dönmədi... Beyrək kimi öz canını müqəddəs amallar uğruna fəda etdi... Onu da demək istəyirəm ki, öz ocağını xarici qüvvələrin körüyü ilə qalayanlar unutmasınlar ki, öz kökündən od almayanlar özgəsinə ocaq da ola bilməzlər. Bu ocağın odunu bitən kimi, onu körükləyənlər külünü süpürüb atacaqlar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər