Teleqraf.com-un suallarını politoloq Qabil Hüseynli cavablandırıb. Müsahibəni təqdim edirik.
– Qabil müəllim, son günlər Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-NATO əlaqələrinin inkişafı istiqamətində pozitiv addımların şahidiyik. Belə ki, Prezident İlham Əliyev iyulun 11-12-də Brüsseldə səfərdə oldu. Dövlət başçısı burada Avropa İttifaqı rəsmiləri ilə görüşlər keçirdi, həmçinin NATO-nun sammitində iştirak etdi. Bu günlərdə isə İtaliya Prezidenti Bakıda oldu, hazırda Azərbaycan Prezidenti Fransadadır. Siz bu qarşılıqlı səfərləri necə qiymətləndirisiniz?
– Bu səfərlər çox böyük əhəmiyyətə malikdir. Əvvəla, Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində ciddi addımlar atılıb. Üstəlik, Avropa ölkələri Azərbaycanın ərazi bütövlüyünün tanınmasında kifayət qədər fərqli mövqe sərgiləməyə başlayıblar. Biz indiyədək ikili standartların əsiri idiksə, indi Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində həm Avropa İttifaqı, həm də NATO, xüsusilə NATO sammiti ərazi bütövlüyü məsələsində Azərbaycanın lehinə bəyanatlar verdi. Bu günlərdə isə İtaliya Prezidenti Azərbaycana səfər etdi, o da ölkəmizin ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində tanıdığını və mühüm tərəfdaş kimi ölkəmizi seçdiyini bəyanladı. Bu çox böyük addımdır və Azərbaycanın artan rolunu göstərir.
Zənnimcə, bu həm də Azərbaycanın Qərbə inteqrasiyasi istiqamətində atılmış ciddi addımdır. Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin hazırlanması və paraflanması da bu qəbildən olan addımlardandır. Güman edirəm ki, Qərbə inteqrasiya xəttimiz uğurlu olacaq və Azərbaycanın qarşısında dayanan ən mühüm məsələ – Dağlqı Qarabağ probleminin həllinə yardımçı olacaq.
– İtaliya Prezidentinin səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafına necə təsir edəcək?
– İmzalanan sənədlər ikitərəfli əlaqələrin inkişafına, o cümlədən ticarət-iqtisadi inkişafına yönəlib. Sumqayıtda açılan Polipropilen Zavodu sırf italyan sərmayəsinə söykənir. Bu zavod gələcəkdə böyüyərkən Azərbaycanı postsovet məkanında ən böyük polipropilen ietehsalçıxına çevirəcək. Üstəlik, TAP layihəsinin həyata keçirilməsində İtaliya Azərbaycann mövqelərinin güclənməsinə kömək edəcək.
Bildiyiniz kimi TAP layihəsinin reallaşmasında müəyyən problemlər yaranmışdı. Bu problemlər xüsusən, İtaliya hökuməti tərəfindən yaradılmışdı. İtaliyada hökumət və prezident ayrıdır. Hökümət koalisyon hökumətdir, partiyaların birliyidir. Onlar TAP layihəsinin ekoloji tərəflərini əsas gətirərək, bu layihəni pisləməyə çalışırdılar. Ancaq İtaliya prezidenti Azərbaycanın möqeyini müdafiə edəri və mühüm tərəfdaş kimi onu seçir.
Bütün bunlar göstərir ki, İtaliya prezidentinin Azərbaycana səfəri, onun ölkəmizin ən yüksək ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeninin təltif edilməsi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi ikitərəfli münasibətlərdə böyük dəyişikliklər yaradacaq. Bütün bunları nəzərə alaraq söyləmək mümkündür ki, İtaliya ilə Azərbaycan arasında əlaqələr indiyədək görünməmiş yüksək səviyyəyə qalxır. İqtisadi-ticarət sahələri ilə yanaşı sırf humanitar və insani məsələləri də özündə birləşdirir. Bu, münasibətlərin gələcəkdə daha səmərəli olacağına perspektivlər açır.
– İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu səfərin tərəfdaşlığın daha uzun illər davam edəcəyini söyləməyimizə əsas verirmi?
– İtaliya ilə çox ciddi tərəfdaşlığımız, ciddi ticari-iqtisadi əlaqələrimiz var. Biz onlardan yügül sənaye malları alırıq. Bu alqı-satqı getdikcə ağır sənayeyə, real sektora doğru istiqamətləndirilir.
– 1990-cı illərin əvvəllərində İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin yanaşmasının bilavasitə şahidisiniz. Bu barədə nə deyə bilərsiniz?
– İtaliya bu məsələdə həmişə obyektiv mövqe tutub. Ancaq məsələ ondadır ki, bundan sonra məsələləri bir qədər də dərindən öyrənəcək. Əgər rəsmi Roma bütövlükdə problemin siyasi anatomiyasını dərindən biləcək və obyektiv dəyərləndirəcəksə, təsir altına düşməyəcək və beləliklə də münasibətləri normal inkişaf etdirmək mümkün olacaq.
– Prezidentin Fransa səfəri hazırda da davam edir. İndiyədək keçirilən görüşlərdən gəldiyiniz qənaət nədən ibarətdir?
– Biz hazırda Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunda çox böyük rolu olan Fransaya səfərinin şahidiyik. Bu səfər zamanı da mühüm görüşlər keçirilib. Bu görüşlərin böyük əhəmiyyəti var. Çünki biz Fransanın indiyədək Ermənistanın yanında olduğunun şahidi olmuşuq və Ermənistan da bundan ciddi surətdə bəhrələnib Azərbaycana qarşı sərt mövqe ortaya qoyub. Ancaq Azərbaycan Prezidentinin italiyalı həmkarı ilə görüşü, Brüsseldə NATO-nun zirvə toplantısına qatılması, indi isə Fransaya səfəri diplomatik açılış kimi də dəyərləndirilə bilər. Bu açılış nəticəsində Minsk Qrupunda Azərbaycanın mövqeləri xeyli möhkəmlənir və ərazi bütövlüyümüzün təmin olunmasına olan ümidlər artır.
Qeyd etdiyim kimi Fransa ATƏT-in Minsk Qrupunda ağırlığı olan ölkədir. Üstəlik, Paris Ermənistana yaxınlığı ilə tanınır. Ermənistan-Fransa münasibətləri hər zaman bacı-qardaş münasibətləri üzərində qurulur. Güman edirəm ki, Azərbaycan Prezidentinin Fransaya səfəri Parisin indiyədək Minsk Qrupunda tutduğu ikili standartlardan xilas olmağa və Qarabağ probleminə daha obyektiv və beynəlxalq hüquq normaları çərçivəsində yanaşmağa imkan verəcək. Üstəlik, biz Fransa ilə əlaqələrin daha geniş spektrini yaratmağa çalışırıq. Bu, iqtisadi əlaqələrdir. Artıq onun bünövrəsi qoyulub.
Fransanın “Total” şirkəti Azərbaycanda neft istehsalı ilə məşğul olur. Qaz istehsalı sahəsində də “Total”ın iştirakını təmin etmək niyyətindəyik. Üstəlik, Fransa tərəfi Azərbaycana silah satışına dair qoyduğu embarqonu götürmək barədə qərar qəbul edib. Bütün bunlar göstərir ki, Azərbaycan-Fransa münasibətləri artıq əvvəlkilərdən kəskin şəkildə fərqlənən keyfiyyətcə yeni bir mərhələyə qalxır. Bu münasibətlərin də bundan sonra Fransanın Minsk Qrupunda daha sağlam, daha obyektiv mövqe tutmasına səbəb olacaq.
– İtaliya və Fransa Avropa İttifaqının iki aparıcı dövlətidir. Bu ölkələrlə münasibətlərin genişləndirilməsinin bütövlükdə Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılmasına təkan verəcəyini söyləyə bilərikmi?
– Bəli, Fransa Almaniya ilə birgə Avropa İttifaqının lokomotivi, söz sahibi olan bir ölkəsidir. Fransa ilə münasibətlər Avropa İttifaqı ilə münasibətlərin inkişafı deməkdir və Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin daha möhkəm bünövrə üzərində ucalmasına kömək edəcək. Həmçinin, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanmasına böyük köməyi olacaq. Fransa ilə münasibətlərin qurulması Azərbaycan xarici siyasətinin uğurlarından biri kimi qiymətləndirmək olar. Hesab edirəm ki, bu, Avropa İttifaqı ilə əlaqələrin daha da inkişaf etdirilməsinə güclü təkan verəcək.