30 İyul 2018 16:56
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyəyə qarşı sanksiya siyasətinə keçə bilər. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın Türkiyəni sanksiyalarla hədələməsi təsadüfi deyil.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, ABŞ-ın hədəfindəki əsas güc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır:

“Ərdoğanın Rusiya ilə hərbi-siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməsi, həmçinin ABŞ-ın çağırışına baxmayaraq İranla iqtisadi əlaqləri qoruyub saxlaması Ağ Evin əsəblərini tarım çəkir. ABŞ-dan olan etirazlara baxmayaraq, Türkiyənin Rusiyadan “S-400” sistemləri almasına cavab olaraq, prezident və vitse-prezident Ankaranı sanksiyalarla hədələyib. Hesab edirəm ki, Konqresin Türkiyəyə “F-35” təyyarələrinin ixracının dayandırılması haqqında qanunu bu sanksiyaların başlanğıcıdır.

Qənaətimə görə, Trampı Türkiyəyə qaşı sərt addım atmağa İsrail və Amerikadakı yəhudi lobbisi məcbur edir. Nəzərə almaq lazımdır ki, Tramp yəhudi və yevangelistlərlə əhatələnib. Vitse-prezident Mayk Pens də yevangelistdir, o, anti-Ərdoğan mövqeyi ilə tannin diplomatlardan biridir. Buna adekvat olaraq, artıq Konqres Türkiyəyə qarşı iqtisadi, hərbi və maliyyə sanksiyalarını gündəmə gətirib”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ağ Evin bu addımları ABŞ-Türkiyə müttəfiqliyinə son qoya bilər: “Ərdoğan bununla bağlı ABŞ rəhbərliyinə xəbərdarlıq edib. Bu da ABŞ-ın regiondakı mövqeyi kəskin şəkildə zəiflədə bilər. Çünki ABŞ-ın Yaxın Şərqdə ən güclü və daimi müttəfiqi Türkiyədir. Buna görə də düşünürəm ki, Tramp yəhudiəsilli kürəkəni Kuşnerin diktəsi ilə NATO müttəfiqinə qarşı sanksiyalar tətbiq edərsə,Türkiyə Rusiya və İranla birgə strateji ox yaradıb, Yaxın Şərqdə ABŞ-ın mövqelərini hədəfə ala bilər.

Amma Dövlət Departamenti və Pentaqon yetkililəri Türkiyənin müttəfiq kimi strateji əhəmiyyətini anlayırlar. Hesab edirəm ki, bu iki güc Trampı Türkiyəyə qarşı radikal addımlar atmaqdan çəkindirə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər