ABŞ-Türkiyə münasibətlərinin indiki durumu bizi narahat edir. İki müttəfiq arasında münasibətlərin mənfi istiqamətdə inkişafı hamıya zərər gətirir. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Türkiyə ilə bağlı hansısa problemlər olanda, bunun Azərbaycana da mənfi təsiri olur.
Bu fikirləri Milli Məclisin deputatı, politoloq Asim Mollazadə Vaşinqton-Ankara münasibətlərində müşahidə olunan gərginliyi şərh edərkən deyib.
Deputat bildirib ki, münasibətlərin iqtisadi baxımdan da korlanması yaxşı hal deyil: “Biz Türkiyə ilə strateji layihələr həyata keçiririk. Mən gözləyirəm ki, Türkiyə-Amerika münasibətləri normallaşsın. Xırda amillərə görə belə qarşıdurmaların yaranması əslində gülünc görünür”.
Mollazadə hesab edir ki, ABŞ-ı daha çox Ankaranın İrana qarşı sanksiyalara qoşulmaması narazı salıb: “Mən İrana qarşı sanksiyaların bu məsələdə rol oynadığını istisna etmirəm. Türkiyə sanksiyalara qoşulmayacağını elan etdi. Fikrimcə, problem buradan qaynaqlanıb.
ABŞ İrana qarşı sanksiyalara qoşulmağı bütün ölkələrdən tələb edir. Bir çox Avropa dövlətləri artıq öz şirkətlərini İrandan geri çağırıb. Türkiyə isə rədd cavab verərək İranla bir neçə sahədə əməkdaşlığını davam etdirir”.
Deputat hesab edir ki, gec-tez ABŞ-Türkiyə əlaqələri əvvəlki axara düşəcək: “Çünki geostrateji olaraq Türkiyə Atlantik sistem daxilində qalacaq. Türkiyənin Rusiya və İranla hazırda mövcud olan əlaqələri müvəqqəti xarakter daşıyır”.