22 Avqust 2018 19:05
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında görüş zamanı əsas müzakirə mövzusu qaz tədarükü məsələsi, yəni “Şimal axını – 2” layihəsi olub. “Şimal axını” qaz kəmərinin illik buraxıcılıq qabiliyyəti 55 milyard kub metr təşkil edir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Politoloq qeyd edib ki, “Şimal axını – 2” layihəsi mövcud qaz kəmərinin gücünü iki dəfə artırmağa imkan yaradacaq:

“Avropa İttifaqı Trans-Atlantik ticarət münasibətlərində polad və alüminiuma qoyulan rüsumların artırılması, NATO-da problemlər, Rusiya və Çinin daha aqressiv olduğu bir vaxtda Almaniya kansleri Angela Merkel qlobal nizamın təzyiq altında olduğunu açıq şəkildə bəyan edir. Almanlar deyirlər ki, hətta soyuq müharibənin ən pis dönəmində belə onlar SSRİ-dən qaz alıblar. Lakin Reyqandan bu yana avropalıların ruslardan qaz alması ABŞ-ın heç vaxt xoşuna gəlməyib.

Məsələ həm siyasi, həm iqtisadidir. Qərbi Avropanın Rusiyadan daha çox asılı vəziyyətə düşməsi ABŞ-ın ürəyincə deyil. Digər tərəfdən də ABŞ-ın sanksiyalara əl atmağa hazır olması, o cümlədən də Trampın Avropaya daha çox maye qaz satmaq istəyi ilə əlaqəlidir. Lakin Almaniya hökuməti layihəni dəstəkləyib, İsveç və Finlandiya isə tranzitə icazə verib.

Bundan sonra layihəni dayandırmaq üçün Trampın “Qazprom”un iştirak etdiyi projelərə qatılan şirkətlərə (Almaniyanın “Uniper” və “Wintershall”, Niderlandın “Shell”, Avstriyanın “OMV” və Fransanın “Engie” şirkətləri) qarşı sanksiya tətbiq etməsi gözlənilən davranışdır. Bununla da ABŞ-la Avropa müttəfiqləri arasında münasibətlər daha da pozulacaq”.

Azər Qasımlının sözlərinə görə, “Şimal axını – 2” layihəsinin Xəzərin statusu və Trans-Xəzər boru kəməri ilə bilavasitə əlaqəsi olmasa da, dolayısı ilə hər ikisi cari geosiyasi gündəm masasının üzərindədir: “Hər iki məsələ qarşılıqlı kompromisin obyekti ola bilər. Əgər “Şimal axını – 2” ilə bağlı Rusiya-Almaniya tandemi baş tutsa “Trans-Xəzər qaz kəməri” layihəsinin gerçəkləşməsi mümkündür. Bu, Rusiyanın “Şimal axını – 2” üçün verdiyi güzəşt olacaq. Xəzərin statusu da artıq buna imkan verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər