Almaniya kansleri Angela Merkelin səfəri Azərbaycan-Almaniya ikitərəfli münasibətlərin yüksək inkişafı ilə bağlıdır. Bu səfər ölkələrimiz arasında siyasi, eləcə də iqtisadi sahədə əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.
Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyində önəmli rol oynadığını vurğulayan deputat qeyd edib ki, Almaniya kanslerinin səfəri zamanı enerji və nəqliyyat layihələrinin dəstəkləməsi, alman şirkətlərinin bu prosesdə iştirakı məsələləri danışıqlar mövzusu olacaq: “Təbii olaraq Almaniya bölgədə sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıdır və Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq”.
Asim Mollazadə Angela Merkeli müşayiət etməli olan Bundestaq üzvü Albert Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün “arzuolunmaz şəxs” elan edilməsi ətrafında yaranan situasiyanı belə şərh edib: “Heç bir ölkənin vətəndaşı və ya parlament üzvü digər ölkənin qanunlarını və beynəlxalq hüquq normalarını poza bilməz. Belə addım atmaq üçün məqsəd olmalıdır. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər işğalçıya və təcavüzkar siyasətə dəstək kimi ifadə oluna bilər. Təəssüf doğurur ki, alman siyasətçisi bu yola çıxaraq Azərbaycanın ərazi bütövlüyünə xələl gətirib və üzr istəməyib”.
Deputatın sözlərinə görə, ermənilərin Albert Vayleri yenidən Dağlıq Qarabağ bölgəsinə dəvət etməkdə məqsədləri aydındır: “Onlar öz işğalçı siyasətinə dəstək qazanmaq məqsədi güdürlər”.
Xatırladaq ki, Albert Valyer 2014-2016-cı illərdə işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycanda “arzolunmaz şəxs” elan edilib və ölkə ərazisinə girişi qadağan edilib.