Ermənistanın Baş naziri Nikol Paşinyanın bəzi ifadələrində məntiq yoxdur. Biz bunu artıq görmüşük. Hesab edirəm ki, Paşinyan Ermənistanın maraqları baxımından rasional bir mövqe seçəcək. Belə bir mövqe Sərkisyanda da var idi. Paşinyan danışıqlara hazır olduğunu bəyan etdikdən sonra formal danışıqlar aparacaq və bunun nəticəsi olmayacaq. Yəni sülh bəyanatları verərkən, işğal edilən ərazilərin anneksiyasını davam etdirəcək. Ermənistanın mövqeyi bəllidir. Mən burada yeni nüanslar görmürəm.
Bu fikirləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasında çıxışını şərh edərkən deyib.
Tofiq Zülfüqarov bildirib ki, Paşinyan da ondan əvvəlki erməni rəhbərliyi kimi danışıqları imitasiya edəcək:
“İndi danışıqlar formal görünür. Çünki hamı başa düşür ki, Paşinyanın son bəyanatlarından sonra pozitiv danışıqlar real deyil. Danışıqların məqsədi vasitəçilərin köməyi ilə ortaq xətti tapıb kompromis sazişə nail olmaqdır. Hazırda tərəflərin mövqeləri tam fərqlidir. Ermənistanın mövqeyində radikallaşma müşahidə olunur. Baxın, erməni tərəfi konfliktin əvvəlində deyirdi ki, onlara erməni əhalisinin və Dağlıq Qarabağın təhlükəsizliyi lazımdır. Sonra əlavə edirdilər ki, əraziləri işğal etmişik, bu, bufer zonadır və təhlükəsizliyi təmin etmək üçün vacibdir. Sonra dedilər ki, işğalı olunan ərazilər qondarma qurumun tərkib hissəsidir. İndisə bəyan edirlər ki, gələcəkdə Dağlıq Qarabağ Ermənistana birləşəcək. Bu baza üzərində Azərbaycan üçün danışıqlar aparmağın mənası yoxdur. Lakin tərəflərin heç biri danışıqlardan imtina etdiyini demir. Azərbaycan da bunu etmir. Çünki bunu etsə, qarşı tərəf ittihamla çıxış edəcək, bildirəcək ki, Azərbaycan müharibəyə başlamaq istəyir, bizə imkan vermir ki, məsələni sülh yolu ilə həll edək. Odur ki, tərəflər danışıqları davam etdirir”.
Sabiq nazir bu gün baş tutacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən də heç nəticə gözləmədiyini deyib:
“Nazirlər buna qədər bir dəfə görüşüblər. Əslində vasitəçilər tələb edirlər ki, görüş keçirəcək, hər iki ölkənin ictimaiyyətinrə siqnal göndərək ki, danışıqlar prosesi var. Məhz bu siqnallar naminə tərəflərin görüşü təşkil olunur. Yəni heç bir tərəf demir ki, biz mənasız görüşlərdə iştirak etmirik. Çünki bu zaman tərəflər bir-birini ittiham ediləcək. Hesab edirəm ki, bu formal görüş olacaq”.
T.Zülfüqarov hesab edir ki, indi əsas məqam tam başqadır: “Azərbaycan ictimaiyyəti bu vəziyyətdə danışıqların rolu və ondan gözləntini sıfır hesab edir. Heç kəs danışıqlara inanmır. İkinci məqam odur ki, Azərbaycan gec və ya tez güc tətbiq etməli olacaq. Ancaq bunun nə zaman, hansı geosiyasi şəraitdə həyata keçirilməsi məsələsi var. Sözsüz ki, zərbə ən optimal vaxtda endirilməlidir ki, bizim itkilərimiz minimum, düşmənin alacağı zərbə gücü daha əhatəli olsun. İndi yeganə məntiq bununla bağlıdır”.