20 Oktyabr 2018 14:26
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışı Azərbaycan və Türkiyə arasında qardaşlığın, dostluğun və gələcəyə eyni baxışın olduğunu göstərir.

Bu fikirləri Teleqraf.com-a millət vəkili, akademik Nizami Cəfərov ötən gün İzmirdə Azərbaycan və Türkiyə prezidentlərinin açılışını etdikləri “Star” neft emalı zavodu haqqında danışarkən deyib.

Akademik bildirib ki, indiyə qədər Azərbaycan və Türkiyə onlarla böyük layihələr həyata keçirib. Bu qədər birgə layihələrin işlənməsi və hazırlanması dünyada az-az ölkələr arasında baş verir:

“Hesab edirəm ki, “Star Rafineri”n açılışı əslində Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələrinin tarixində mühüm hadisədir. Bu, bir daha göstərir ki, ölkələr arasında həm mənəvi, həm iqtisadi, həm də siyasi münasibətlərdə səmimiyyət var. Beynəlxalq aləmdə belə səmimi münasibətlərə də az-az rast gəlinir. Məhz belə münasibətlərin nəticəsidir ki, Azərbaycan və Türkiyə qarşısına qoyduğu bütün layihələri həyata keçirə bilir. Buna ancaq sevinmək lazımdır”.

Deputat hesab edir ki, Azərbaycanın siyasətində Türkiyə ilə bağlı birinci şərt mənəvi tərəflərdir: “Elə Türkiyənin Azərbaycanla bağlı siyasəti də bu cürdür. Təsadüfən demirlər ki, Türkiyə və Azərbaycan müstəqil dövlətlər olsalar da, bu iki ölkə arasında münasibətləri daha çox mənəvi məqamlar həll edir.

Əgər boru xətti varsa, yollar çəkilirsə, bunun arxasınca da infrastruktur gəlməlidir və gələcək də. Mən bunu təbii olaraq şaxələndirmə kimi qiymətləndirirəm. Təbii olaraq strateji layihələrin və addımların əlavəsi olaraq şaxələndirmədir və getdikcə də zənginləşəcək.

Odur ki, “Star”ın açılışı təbii və mühüm hadisədir. Sözsüz ki, iqtisadiyyat, qarşılıqlı maraqlar da öz yerindədir. Bu illər ərzində Azərbaycan və Türkiyənin birgə böyük layihələr həyata keçirilməsində siyasi iradənin də rolu olub. Məncə, bu münasibətlərdə bəzən gündəlik çıxar o qədər də nəzərə alınmır. Daha çox strateji məqsəd önə çəkilir.

Bu istiqamətdə ciddi siyasi iradə, səmimiyyət, eyni kökə mənsubluq və gələcəyə eyni baxış önəmli rol oynayır”.


Müəllif: Cavad

Oxşar xəbərlər