25 Oktyabr 2018 15:35
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiyadan sonra Azərbaycana gəldi. Bu, Vaşinqtonun Azərbaycana verdiyi əhəmiyyətin göstəricisidir. Con Bolton Bakıda Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və SOCAR-ın rəhbəri Rövnəq Abdullayevlə görüşdü. Sonuncu görüş də əlamətdardır. Bununla Vaşinqton göstərir ki, Azərbaycanın iştirak etdiyi regional enerji layihələri dəstəkləyir. ABŞ Avropanın Rusiyadan qaz asılılığını azatlmaq istəyir. Ona görə də Vaşinqton Azərbaycan qazının Rusiyadan yan keçməklə Avropaya çatdırılmasını dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

ABŞ-ın hazırda Rusiya və İranla münasibətlərinin gərgin olduğunu xatırladan politoloq əlavə edib ki, ABŞ hər iki ölkəyə qarşı sanksiya tətbiq edir:

“Azərbaycan isə ABŞ-ın tərəfdaşıdır. Ona görə də Vaşinqton Rusiya ilə İranın arasında olan Azərbaycana dəstəyini artırmaq istəyir. Con Bolton Bakıda Rusiya və İran mövzusunu müzakirə edib. Azərbaycanın Rusiyadan çoxlu miqdarda silah alması Vaşinqtonun xoşuna gəlmir. Ancaq Azərbaycan öz təhlükəsizliyini gücləndirməlidir. ABŞ Azərbaycana silah satmır. Belə olan halda Azərbaycan bu silahı bölgənin əsas silah istehsalçısı olan Rusiyadan almaq məcburiyyətindədir.

ABŞ prezidenti bir çox dövlətlə münasibətlərdə Amerikanın əldə etdiyi mənfəətə diqqət yetirir. Azərbaycan ABŞ-dan silah almaq istəyərdi. Ancaq bunun üçün Vaşinqton Azərbaycana silah satmağa hazır olmalıdır və buna Konqresin razılığı olmalıdır. Konqresdə də erməni lobbisinin təsir gücü böyükdür.

Boltonun Bakıda müzakirə etdiyi ikinci mövzu İran idi. Noyabrın 6-dan ABŞ-ın İrana qarşı növbəti sanksiyaları işə düşəcək. ABŞ İranla əməkdaşlıq edən dövlət və şirkətlərə qarşı da sanksiya tətbiq etməyi planlaşdırır. Ancaq bəzi istisnalar da var. Azərbaycan da istisna haldır. Çünki ABŞ Azərbaycanın enerji layihələrini dəstəkləyir. Bu layihələrin bir qismində isə İran da iştirak edir.

Məsələn, “Şahdəniz” qazının çıxarılması və boru xətləri ilə daşınması layihəsində İran şirkəti də iştirak edir. Bu layihənin əsas sponsoru isə BP şirkətidir. Amerika İranın “Şahdəniz” layihəsində iştirakına görə Azərbaycana və ya BP şirkətinə qarşı sanksiya tətbiq etməyəcək.

Bundan başqa, Azərbaycan İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar kredit ayırıb. Bu layihə də Azərbaycan üçün vacibdir”.

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ bölgədə Azərbaycanın güclü dövlət olmasını istəyir: “Vaşinqton eyni zamanda onu da istəyir ki, Azərbaycana Rusiya və İrandan təhlükə olmasın. Bunun üçün də Azərbaycan qonşu Rusiya və İranla əməkdaşlıq etməli, birgə layihələri reallaşdırlmallıdır. Vaşinqton bu reallığı qəbul etməlidir.

Con Bolton Bakıda Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Bolton dedi ki, ABŞ münaqişənin həllində maraqlıdır. Bunu bütün amerikalı diplomatlar və rəsmilər bildirirlər. Ancaq bunun ardınca Vaşinqton işğalçı dövlət olan Ermənistana təsir etmir. Bu da bir başqa reallıqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər