Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Fransa paytaxtında keçirilən Paris Sülh Forumunda ən çox diqqət çəkən məqamlardan biri də Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın çıxışı zamanı səsləndirdiyi cəfəng fikirlər oldu.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, BMT-nin Baş katibi Antonio Quterreşin, Almaniyanın federal kansleri Angela Merkelin və Fransa Prezidenti Emmanuel Makronun çıxış etdiyi forumda Ermənistan kimi işğalçı ölkənin baş nazirinin sülhdən danışması heç bir mənəvi normalara sığmır:
“Onun fürsətdən istifadə edib qondarma erməni soyqırımından və “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etməsi uğrunda uzun illərdir apardığı “mübarizə”nin dünya birliyi tərəfindən lazımi səviyyədə dəstəklənməməsindən bəhs etməsi erməni ikiüzlülüyünün və riyakarlığının bariz nümunəsidir. Azərbaycan torpaqlarını işğal edərək, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına səbəb olmuş işğalçı ölkənin baş naziri hansı üzlə sülhdən danışır? İşğalçı ölkənin baş naziri peşəkar artistlik edərək beynəlxalq forumlarda, yığıncaqlarda çıxışları zamanı ölkəsini “sülhün və demokratiyanın tərəfdarı” kimi təqdim etməyə çalışır. Lakin artıq dünya ölkələri və beynəlxalq təşkilatlar anlayırlar ki, Ermənistan özünü acındırmaqla beynəlxalq arenada günahsız olduğunu göstərmək niyyətindədir. Dünya ölkələri və beynəlxalq təşkilatlar işğalçı ölkənin bu yalanlarına və miflərinə getdikcə daha az inanırlar. Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı uğurlu xarici siyasətin nəticəsidir ki, dünya ölkələri bizim Qarabağla bağlı onlara çatdırdığımız həqiqətlərə haqq verməklə kifayətlənmir, onu dəstəkləyərək yanımızda olduqlarını ifadə edirlər. Beynəlxalq birliyin bizim haqq səsimizi eşitdiyi bir vaxtda Paşinyan kimilər isə hələ də ortalıqda jonqlyorluqla məşğuldur”.