22 Noyabr 2018 00:45
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 20-də Yerusəlimdə Ümumdünya Dağ Yəhudiləri Konqresi keçirilib. Bu forum çərçivəsində İsrailin Dağ Yəhudiləri icmasının ümdə problemləri müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, konqresdə İsrailin mədəniyyət naziri Miri Reqev, İsrailin rabitə naziri Əyyub Qara, millətlər məsələləri üzrə federal agentliyinin sədri İqor Barinov, Moskva şəhərinin Milli siyasət və regionlararası əlaqələr Departamentinin Dini qurumlarla əlaqələr idarəsi rəisinin müavini Anton İqnatenko, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin icraçı direktoru Arye Qut və Ümumisrail Dağ Yəhudiləri Birliyinin nümayəndələri iştirak ediblər.

Ümumdünya Dağ Yəhudiləri Konqresinin prezidenti Akif Hilalov forumu açaraq qeyd edib ki, konqres 15 il bundan əvvəl onun mərhum qardaşı, bütün dünyada mövcud olan dağ yəhudiləri icmalarının sıx birləşməsi üçün çox səy göstərən Zaur Hilalov tərəfindən yaradılıb.
Akif Hilalov deyib:

“Bizim xalqımız Müqəddəs Diyardan Babilistana və İrana, oradan da Qafqaz dağlarına qədər uzun yol keçib. Dağ yəhudiləri tarixi boyu ən müxtəlif xalqlarla dinc yanaşı yaşayıb, onların adət və ənənələrinə münasibətdə dözümlülük və hörmət nümayiş etdiriblər. Konqresin missiyası həm müxtəlif ölkələrdə yaşayan dağ yəhudiləri arasında, həm də sülhün, tolerantlığın, tərəqqinin, mədəni və humanitar inkişafın möhkəmlənməsində maraqları olan bütün xalqlar və mütərəqqi ictimai təşkilatlarla əlaqələri gücləndirməkdir.
Ümumdünya Dağ Yəhudiləri Konqresi BMT-nin İqtisadi və Sosial Şurası nəzdində qeyri-hökumət təşkilatı və məşvərət orqanı statusu alandan sonra bu qurum beynəlxalq aləmdə tanınıb, onun inkişafına yeni təkan verilib və beləliklə insan haqlarına və azadlıqlarına riayət edilməsi kimi ümdə mövzuların beynəlxalq səviyyədə müzakirəsində iştirak etmək hüququ qazanıb. Vatikanda Roma Papası ilə görüş zamanı bunu eşitmək bizə çox xoş oldu ki, Papa Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoq haqqında çox yüksək fikirdə olduğunu bildirdi. O vurğuladı ki, Azərbaycan sakinləri, dini və etnik mənsubiyyətindən asılı olmayaraq, tolerantlıq və multikulturalizm şəraitində yaşayırlar. Müsəlmanların və yəhudilərin dünyada normal, harmonik və dinc yanaşı yaşaması barədə xəbərlər hələ də çoxlarına qəribə görünür, lakin Azərbaycanda qarşılıqlı münasibətlərin belə nümunəsini görmək olar.

Ümumdünya Dağ Yəhudiləri Konqresinin İsraildə ən mühüm missiyalarından biri - təhsil, sosial və humanitar layihələrin təbliği olacaq. Biz ivrit dilində sərbəst danışan, lakin özlərinin dağ yəhudi köklərini, öz dilini və ənənələrini unutmayan gənclərimizi dəstəkləməliyik. Bizim Konqres onda iştirak etmək istəyən hər kəs üçün açıqdır, biz əməkdaşlıq və tərəfdaşlıq üçün açığıq. Yaxın vaxtlarda Ümumdünya Dağ Yəhudiləri Konqresinin yeni rəhbərliyinin demokratik seçkilərini keçirəcəyik”.

İsrailin mədəniyyət və idman naziri, tədbirdə iştirak edənləri və bütün dağ yəhudiləri icmasını təbrik etmək üçün gəlmiş xanım Miri Reqev, öz çıxışında Baş nazir Benyamin Netanyahunun təbriklərini çatdıraraq bildirib ki, o, İsraildə baş verən son siyasi hadisələrlə əlaqədar bu tədbirdə iştirak edə bilməyib.

Sonra Akif Hilalov dağ yəhudilərinin Ümumisrail Birliyinin sədri Pavel Yelizarova, professor Mixail Aqarunova və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Quta Ümumdünya Dağ Yəhudiləri Konqresinin ordenlərini təqdim edib.
Arye Qut çıxış edərək deyib:

“Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və İslam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Bu diyar bu gün də tolerantlığa və dini dözümlülüyə meyil nümayiş etdirir. Azərbaycanda tolerantlığın parlaq nümunələrindən biri də bu ölkədə dağ yəhudiləri icmasının nümayəndələrinə səmimi qardaşlıq münasibətidir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt millətçilik, şovinizm və antisemitizm olmayıb, burada digər xalqlar kimi dağ yəhudiləri də özlərini heç vaxt qərib hiss etməyiblər. Bu gün Azərbaycan haqqında söylənilən hər fikir, Azərbaycan dilində eşidilən səslər və ya Azərbaycan musiqisi dağ yəhudilərinin qəlbində bu ölkə barədə, doğma Bakı və Qırmızı Qəsəbə barədə nostalji duyğular oyadır, onların gözlərini yaşardır”.
Arye Qut daha sonra deyib:

“Azərbaycanda dağ yəhudiləri icması dinlərarası və sivilizasiyalararası dialoqda birləşdirici rol oynayır. Bu gün, millətlərarası münaqişələrin alovlandığı amansız dünyada Azərbaycan hansı konfessiyaya mənsub olmasından asılı olmayaraq hər kəsin dinc yanaşı yaşadığı sabitlik və firavanlıq adasıdır. Azərbaycan açıq ölkədir. O, bugünkü narahat dünyamıza tolerantlıq və multikulturalizm siyasətinin həyata keçirilməsi nümunəsini nümayiş etdirir. Mən deyərdim ki, bunlar Azərbaycan xalqının səciyyəvi xüsusiyyəti və həyat tərzidir. Əslən Azərbaycandan olanların çoxu bu tolerantlıq amilinə görə fəxr edir.
Mən müasir beynəlxalq vəziyyəti, dünyada hökm sürən qeyri-sabitlik və xaosu, dini fundamentalizmin artmasını nəzərə alaraq hesab edirəm ki, Ümumdünya Dağ Yəhudiləri Konqresinin prezidenti Akif Hilalovun Dünyanın Monoteist Dinlərinin Rəhbərləri Şurasının yaradılması barədə ideyası çox gözəl, aktual və vaxtında irəli sürülmüş ideyadır”.

Forumda çıxış edən professor Mixail Aqarunov vurğulayıb ki, Azərbaycanda ilk yəhudi məhəlləsi XVII əsrin axırlarında Oğuz rayonunda yaranıb, XVIII əsrin axırlarında isə iki böyük və tarixi əhəmiyyətli dağ yəhudiləri icması – Quba yaxınlığındakı yəhudi qəsəbəsi və Dərbənd icması formalaşıb. Dağ yəhudiləri icmaları dünya ictimaiyyətini nəyə görə bu qədər cəlb edir? Ən azı ona görə ki, dağ yəhudilərinin Azərbaycanda Qırmızı Qəsəbə adlandırılan sonuncu məskəni yer üzündə İsraildən başqa yeganə yerdir ki, orada yalnız yəhudilər indiyə qədər yığcam şəkildə yaşayır. Qırmızı Qəsəbə mənim valideynlərimin vətənidir. Mənim doğmalarım və yaxınlarım orada yaşayır. Düzdür, bir vaxtlar Qırmızı Qəsəbə sakinlərinin sayı 12 min idi, bu gün isə orada 5 minə yaxın insan yaşayır. Əslində, bu azalma təbii prosesdir: SSRİ dağılan dövrdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlananda Qırmızı Qəsəbə əhalisinin bir qismi daha yaxşı həyat axtarışında bu ölkəni tərk edib. Lakin biz həmişə Qırmızı Qəsəbəyə qayıdırıq, doğma yerlərlə bağlı nostalji duyğuları inkar etmək olmaz, çünki Azərbaycanda bütün başqa xalqlar kimi biz də yaxşı yaşayırdıq. Mən təhsil, sosial və humanitar layihələrin inkişaf etdirilməsi barədə Akif Hilalovun ideyasını dəstəkləyirəm. Biz öz gənclərimizi dəstəkləməyə borcluyuq”.

Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Pavel Yelizarov da forumda çıxış edib. O, tədbir iştirakçılarını bu əlamətdar forum münasibətilə təbrik edərək bildirib ki, icmada sıx birliyi möhkəmlətmək üzrə işləri davam etdirmək lazımdır. Pavel Yelizarov deyib:

“Biz birlikdə olanda yaxşı tənzimlənmiş, icmanın rifahı naminə vahid siyasət yürüdən bir orqan oluruq. Əslində, bizim bütün işimiz bu məqsədə xidmət edir. İdarə heyətinin işində iştirak etmək istəyən həmfikirlərimiz az deyil. Mən inanıram ki, bu fəal və təşəbbüskar insanlar mükəmməl bir mexanizm kimi işləyə biləcəklər. Qafqaz icmasının, gənc ailələrin həyatının keyfiyyətini artırmaq, yeni repatriantların və aztəminatlı ailələrin absorbiyasına kömək göstərilməsi, problemlərinin həlli barədə fikirləşmək lazımdır. Əgər biz bütün insan resurslarını və maliyyə imkanlarını vahid tam şəklində birləşdirsək, buna nail ola bilərik”.

Simxa Osipova – ictimai fəaliyyətinə görə, Viktor Rabayevə – idmana verdiyi töhfələrə görə, Pereslər ailəsinə – mədəniyyətə verdiyi töhfələrə görə “İlin adamı” mükafatlarının təqdim edilməsi tədbirin kulminasiyası olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər