17 illik fasilədən sonra radikal Taliban təşkilatı Əfqanıstanda hakimiyyətə gələ bilər. Çünki ABŞ və NATO-nun bu təşkilatla apardığı mübarizə baş tutmadı. Keçən illər ərzində Taliban geri çəkilmədi. Üstəgəl, Rusiya kimi böyük gücün dəstəyini qazanaraq, ABŞ-a qarşı yeni ittifaq formalaşdıra bildi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Talibanın ölkənin əsas bölgələrinə nəzarət etdiyini deyən ekspert hesab edir ki, ABŞ və NATO hərbi qüvvələrinin əsas hissəsini Əfqanıstandan çıxardıqdan sonra Talibanın hakimiyyətə qarşı hücumların sayı artıb:
“Vəziyyət o yerə çatıb ki, ABŞ ordusunun baş qərargah rəisi Talibana qalib gəlməyin mümkünsüz olduğunu deyir. Hesab edirəm ki, Talibanın hakimiyyətə qayıdışı region üçün təhlükə vəd edir.
ABŞ-ın radikal qruplaşma ilə apardığı danışıqlar da nəticə vermir. Çünki hakimiyyətə iddialı olan Taliban mövqeyindən geri çəkilmir. Rusiya isə buna etiraz etmir. Qərb Talibana qarşı “İŞİD kartı”ndan istifadə etməyə başlayıb. Hətta Suriyadan minlərlə İŞİD-çi helikopterlərlə Əfqanistana daşınıb, məqsəd hansı yolla olursa-olsun Talibanı məğlub etməkdir. Bundan narahat olan Rusiya artıq Talibana açıq dəstək verir. Çünki İŞİD-in Əfqansistanda möhkəmlənməsi Rusiya üçün təhlükədir”.
Məhəmməd Əsədullazadə iddia edir ki, Rusiyanın Talibanla yaxınlaşması birbaşa Pakistan kəşfiyyatının dəstəyi ilə baş tutub:
“ABŞ-ın Pakistanla münasibətlərinin soyuması bundan irəli gəlir. Rusiya öz cənub sərhədlərində - Mərkəzi Asiyada İŞİD təhlükəsinin qarşısını almaq üçün Talibana dəstək verdiyini bildirir. Əfqanıstan Prezidenti Əşrəf Qəni də bu dəstəyə görə Rusiyanı sərt şəkildə tənqid edib.
Görünən budur ki, ABŞ-ın Əfqanistan strategiyası fiaskoya uğrayır. Hadisələr bu templə inkişaf edərsə, Rusiya Taliban vasitəsilə Əfqanıstanı tamamilə nəzarətə götürəcək. ABŞ və NATO mərkəzi Əfqanıstan hökumətini qoruya bilməsə, Moskvanın Əfqanıstanda möhkəmlənməsi ilə razılaşmalıdır”.
Ekspertin ehtimalına görə, Rusiya Talibana Tacikistan ərazilərindən logistik və hərbi dəstək verir: “Hesab etmək olar ki, Tacikistandakı Rusiya hərbi bazası Talibanın hərbi-siyasi qərargahıdır”.