“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri olan Rusiya və Belarusun Azərbaycana silah satması, Ermənistanı çoxdan narahat edirdi. Lakin biz bu günlərdə düşmən ölkədə Baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan başda olmaqla anti-Belarus kampaniyasının geniş vüsət aldığını görürük”.
Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova belə deyib.
Ekspertin sözlərinə görə, bu kampaniya KTMT çərçivəsində baş verən son hadisələrlə əlaqədardır:
“Belə ki, Ermənistanın KTMT-də Yuri Xaçaturovun yerinə başqa bir erməni namizəd irəli sürülməsi təklifi, təşkilat üzvləri tərəfindən qəbul olunmadı və onun yerinə Belarusun namizədinin seçilməsi gözlənilir. Üstəlik, Belarus başçısı Aleksandr Lukaşenkonun Astana sammitində baş verənlər barədə Azərbaycanı məlumatlandırması erməniləri özündən çıxardı”.
N.Məmmədova hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfərinin yüksək səviyyədəm - dostluq və səmimi şəraitdə keçməsi də, iki ölkənin ermənilərə verdiyi ən yaxşı cavab oldu: “Ermənistanın müttəfiqləri artıq onu tərk ediblər. Rusiya, Belarus Azərbaycana silah satır, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev türkdilli dövlətin başçısı olaraq, bir sıra hallarda Azərbaycanın maraqlarını Ermənistandan üstün tutub”.
Ekspertə görə, Ermənistan daxili siyasətdə xaos, qarşıdurma vəziyyətində olduğu kimi, xarici siyasətdə də uğursuzluğa düçar olub: “Ermənilərin tarixən bütün güc mərkəzlərindən istifadə edərək, öz məkrli maraqlarını həyata keçirmək siyasəti bu gün artıq iflasa uğrayıb. Onun daima güvəndiyi KTMT üzvlərinin, o cümlədən Belarusun Azerbaycanla dostluq siyasəti də bunu bir daha sübut etdi”.