Xalq rəssamı, heykəltəraş Ömər Eldarov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini Teleqraf.com-a bölüşüb. Onunla müsahibəni təqdim edirik:
- Ömər müəllim, Heydər Əliyevlə tanışlığınız nə vaxta təsadüf edir?
- Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Bizim çox güclü işgüzar əlaqələrimiz olub. Biz tez-tez onun tapşırdığı və müraciət etdiyi əsərlərin hazırlanması prosesində görüşürdük. O, məni Rəssamlar İttifaqının sədr müavini kimi tanıyırdı. Həmişə İttifaqın seçkiqabağı hesabat iclaslarında iştirak edirdi, eləcə də respublikanın önəmli sərgilərinə qatılırdı. Məni də elə oradan tanıyırdı. Onun möhtəşəm yaddaşı vardı, bizə yüksək səviyyədə diqqət ayırırdı. Əlaqələrimizin inkişafına ən çox iki işim təsir göstərdi.
Heydər Əliyevə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adı veriləndə o, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. Bu ad veriləndə reqlament üzrə həmin şəxsin büstünün öz vətənində qoyulması şərt idi. O, məsuliyyətli biri kimi bu işə çox diqqətlə yanaşdı və məni Moskvaya dəvət elədi. Bu büst Naxçıvanda qoyulmalı idi və heykəl üzərində işləməyim üçün Heydər Əliyevin fotolarını çəkdik. Moskvada çəkdiyim bu etüd sonradan Heydər Əliyevin obrazını yaratmağıma çox yardımçı oldu. İş orasındadır ki, onun sağ ikən icazə verdiyi yeganə skulptur bu büst olub. Nə bundan əvvəl, nə də sonra şəxsən buna icazə verməmişdi.
Məsələyə çox ciddi və qəti yanaşırdı. Onun vəfatından sonra təbii ki, memarlıq abidələrinin sayı çoxaldı və onlardan bir neçəsi mənim əsərimdir. Yenə də hər obrazın əsası məhz Moskvadakı etüd idi. Bu büstə o, çox əhəmiyyət verirdi, bizimlə Naxçıvanda büstün yerinin seçilməsi prosesində iştirak etmişdi. Bu işlə bağlı komissiya da yaradılmışdı. Komissiyasının üzvləri Tahir Salahov, Rasim Əliyev, Ramiz Mehdiyev və yerli icra başçıları idi, cavabdeh isə mən idim, sonda məkanla bağlı təklifimlə razılaşdı. Bu büstün açılışında çox adam iştirak elədi.
Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyeva vəfat edəndə o, dəhşətli dərəcədə sarsılmışdı. Bu hadisədən 9 gün sonra Heydər Əliyev mənə zəng vuraraq, Moskvaya dəvət etdi. O, hətta danışa bilmirdi. Mənə təklif etdi ki, Zərifə xanımın heykəlini yaradım. Bu heykəl Moskvada qoyulmalı idi. Zərifə xanım Stalinin həyat yoldaşı, Sovet İttifaqının məşhur şəxslərinin basdırıldığı qəbiristanlıqda dəfn olunmalı idi.
Biz qərara gəldik ki, bu abidə ağ mərmərdən hazırlansın. Çünki oradakı abidələrin çoxu rus klassik stilinə uyğun olaraq mərmərdən idi. Abidə üzərində işləyəndə Heydər Əliyevlə tez-tez görüşürdük. Büstdən müxtəlif fiqurlara qədər kompozisiyalar vardı və onlar üzərində çalışırdıq.
- Abidənin hazırlanması neçə ilə başa gəldi?
- 1 il gillə işlədim, bu, çox vaxt apardı. Sonra Heydər Əliyev Ural mərmərinin gətirilməsini təşkil elədi. Biz bu abidəni Zərifə xanımın vəfatının ildönümünə çatdırmalı idik, Heydər Əliyev bizi tələsdirmirdi, deyirdi ki, əsas keyfiyyətdir. İldönümündə sadəcə, məzarı başına portret qoyuldu. Sonra Heydər Əliyev səhhəti ilə əlaqədar Naxçıvana gəldi.
Artıq o zaman işi bitirmişdik, ancaq əsər Moskvaya aparılmadı. Heydər Əliyev qərara gəldi ki, Zərifə Əliyevanın nəşi Bakıya gətirilsin. Mən də bu prosesdə iştirak etdim, çox ağır və çətin idi, ancaq işi bir günə başa çatdırıb Vətənə qayıtdıq. Heydər Əliyev Moskvada sessiyada iştirak edirdi, elə onun təyyarəsi ilə geri döndük. Axşam da Zərifə xanımın büstünün olduğu yerdə dəfn elədik. Allahşükür Paşazadə də bu mərasimdə iştirak elədi, dualar oxudu, hər şey İslam qaydalarına əsasən, həyata keçirildi. Bundan sonra Heydər Əliyevlə qərara gəldik ki, Bakıda mərmərdən abidələr qoyulmasın. Mərmər çox incə materialdır və zamanla xarab olur, çirklənir. Bu büstün eynisi bürüncdən hazırlandı.
- Heydər Əliyev emalatxananıza gəlirdimi?
- Əlbəttə. Heydər Əliyev hər dəfə Naxçıvandan Bakıya Milli Məclisin sessiyalarına qatılmaq üçün gələndə mənim emalatxanımda olurdu. Zərifə xanımın Moskva üçün hazırladığım mərmər abidəsi 9 il mənim emalatxanamda qalıb. Hər il o mənim yanıma gələndə bu heykələ baxırdı, toxunurdu, düşünürdü...
Bütün bu proseslərin gedişatını o, daim izləyirdi. Mən əvvəlcə abidəni gillə işləyəndə hər 10 gündən bir Moskvaya uçurdum və ona göstərirdim. Gilin mərmərlə əvəzlənməsi barədə qərardan sonra da işlədiyimiz müddətdə abidəni ona göstərdik. Naxçıvana qayıdandan sonra isə özü gəlib prosesi emalatxanada izləyirdi.
- İlk dəfə Zərifə xanımın heykəlini görəndə necə reaksiya verdi?
- Çox dərdli idi. Bir tərəfdən onun xoşuna gəlirdi, digər tərəfdən ona bunu izləmək çətin idi. Daha sonra bu büstün muzeydə qoyulması qərara alındı, bu, çox mürəkkəb oldu, fiqur çox böyük alınmışdı, onu emalatxanadan kran vasitəsilə pəncərədən çıxardıq.
- Yəqin birgə xarici səfərlərdə də çox olmusunuz...
- Xarici ölkələrə səfərlər olanda Heydər Əliyev incəsənət nümayəndələrini, ictimai xadimləri özü ilə aparırdı. Bir neçə dəfə Böyük Britaniya, Türkiyə, Yaponiya və digər ölkələrə səfər zamanı nümayəndə heyətində mən də olmuşam. Heydər Əliyev tez-tez Londona gedirdi, o vaxt Azərbaycanın Böyük Britaniyadakı səfiri Mahmud Məmmədquliyev idi. Mənim oğlum da heykəltaraş idi, Bakı İncəsənt Mərkəzinin yaradıcılardan biri idi.
Oğlumun Mahmud müəllimin dəstəyi ilə Londonda öz ofisi, sərgi salonu və Azərbaycan İncəsənət Mərkəzi vardı. Heydər Əliyev bu mərkəzdə şəxsən olub, 3 dəfə orada sərgilərin açılışında iştirak edib. Təsviri incəsənət, neft sahəsi ilə bağlı sərgilərə Heydər Əliyev çox əhəmiyyət verirdi. Bu, Azərbaycan mədəniyyətini xaricdə təmsil edən ilk və yeganə mərkəz idi.
- Yeri gəlmişkən, Heydər Əliyev özü də memar olmaq istəyib...
- Bəli, Heydər Əliyev Naxçıvanda yaşayanda rəssam olmaq istəyib. Onunla bu barədə dəfələrlə söhbət etmişik. Özünün çəkdiyi rəsm əsərlərini mənə göstərib, yaxşı rəsmləri vardı. O vaxt rəssamlıqla bağlı ali məktəb yox idi, o da təhsilini davam etdirməli idi. Buna görə də indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub.
Bu universitetdə memarlıq fakültəsində 3 il təhsil alıb, müharibə başladığı üçün hərbi xidmətə yollanıb. Təhsilini yarımçıq qoysa da, tələbəlik illərini yaxşı xatırlayırdı, hətta hansı müəllimlərin hansı fənni tədris etdiyini belə unutmamışdı. Bu barədə mənə danışardı. Heydər Əliyevin arzularından biri də Rəssamlıq Akademiyasının yaradılması ilə bağlı idi.
O vaxt sovet dönəmində buna razılıq verilməmişdi, Mədəniyyət İnstitutu fəaliyyət göstərirdi, incəsənət bölməsi də artırıldı və adı dəyişdirilərək Mədəniyyət və İncəsənət İnstitutu oldu. İnstitutda rəssamlıq fakültəsi yaratmaqla kifayətləndilər. Heydər Əliyev prezident olanda heç kəslə məsləhətləşmədən Azərbaycan Rəssamlıq Akademiyasının yaradılması ilə bağlı sərəncam imzaladı. Hazırda sizinlə söhbətləşdiyimiz bu bina onun istəyi ilə tikilib.
- Sonra elə alındı ki, Siz həm də Heydər Əliyevin özünün qəbirüstü abidəsini yaratmalı oldunuz...
- Heydər Əliyevin nəşi ABŞ-dan gətiriləndə cənab İlham Əliyev məni çağırdı. Fəxri Xiyabanda görüş təyin olundu, ulu öndərin heykəlinin harada qoyulacağı barədə birgə qərar verilməli idi. Səhəri gün mən İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdüm. Heydər Əliyevin dəfn olunduğu yerdə heykəlin ucaldılması barədə razılığa gəldik. Mənə bir il vaxt verildi. Heykəlin bir neçə variantı vardı, prezident son variantı seçdi.
- Ölkə başçısı heykəlin hazırlanması prosesini emalatxanada izləyirdi?
- Bəli, bu işlə şəxsən İlham Əliyev özü və Mehriban Əliyeva məşğul olurdu. Bir neçə dəfə onlar emalatxanamda olublar, heykəlin gil variantına da, son variantına da baxıb təsdiqləyiblər. Mən bu işə çox məsuliyyətli yanaşırdım. Texniki cəhətdən çox mürəkkəb iş idi. Heykəlin arxası böyük qranit bloklardan ibarətdir. Bu blokların uzunluğu və eni 3 metr, dərinliyi isə təxminən 1 metrdir. Onu hazırlamaq və quraşdırmaq çox çətin idi. Heykəl üzərində iki briqada çalışırdı. Məzarın üstünə hər gün gəlib qızılgüllər və şəkillər qoyulurdu. Hər gün orada vaqonlarla qızılgül toplanırdı. Biz ümummilli liderin ildönümünə abidə kompleksini çatdırmalıydıq, bir gün belə geciksəydik, fövqəladə hal olardı. Bu, xalqın qarşısında inanılmaz məsuliyyət idi.
- Dediniz, vaqonlarla qızılgül toplanırdı...
- Hə, Heydər Əliyev qızılgülləri çox sevirdi, qərara gəldim ki, xalq qızılgüllərlə axın edirsə, bu qızılgülləri abidədə əks etdirim. Fiqurun aşağı hissəsində qızılgüllər əks olunub. Gülləri biz qırmızı qranitdən yox, parfirdən düzəltdik. Parfir özü al qırmızı rəngli şüşə materialıdır. Vaxtilə ondan Leninin mavzoleyində istifadə etmişdilər. Bu metal yalnız Kareliyada olur və mən xahiş etdim ki, onu gətirsinlər. Şüşə materialı olduğu üçün ona forma vermək çox çətin oldu. Diqqət etsəniz, qızılgül fiquru əkilmiş formadadır, rəng olaraq da qranitdən fərqlənir. Bu iş üzərində çox adam işləyib. Memarların, heykəltaraşların, qranit ustalarının briqadaları birgə çalışırdı. Abidəni ucaltmaq da asan iş deyildi.
Heydər Əliyev dahi insan idi. O, bir rəhbər kimi dövlətimizin əsasını, fundamentini qoydu. İndi isə bu fundamenta əsaslanaraq, İlham Əliyev onun işini uğurla davam etdirir. Onu əbəs yerə dövlətin memarı adlandırmırlar.
- Olubmu, hansısa abidəni yaradıb müəyyən zaman keçəndən sonra hansısa detalı və ya ümumilikdə həmin heykəli bəyənməyəsiniz?
- Sizə bir şey danışım, biz uzun müddət Şəhidlər Xiyabanındakı abidə ilə bağlı müzakirələr aparmışıq. Mən bir heykəltaraş kimi cənab Prezidentə məsləhətlər verirdim. Heydər Əliyev çox seçim edirdi, bəyənsə də, təsdiqləmirdi. Sonradan mən anladım ki, mən heykəltaraş kimi 20 Yanvar hadisələrini faciə kimi görürdüm, güllələnmiş hərbçinin heykəlini təsvir edirdim. O isə abidənin faciəvi olmasını istəmirdi. Sonda təklif etdi ki, memarlıq mavzoleyi yaradılsın. Hansısa bir əsgərin şəkli yox, abstrakt bir abidə olsun. Buna görə də belə bir mavzoley yaradıldı və bu, onun xoşuna gəldi. Abstrakt bir şeydir, amma uzun illər insanlar orada toplaşıb şəhidləri yad edə biləcək. O, bu memarlıq abidəsindən çox razı qaldı. Mən daha çox məsləhətçi kimi orada iştirak edirdim, abidənin yerini də mən tövsiyə etdim.
Əvvəllər iki fikir vardı, düşünürdülər ki, abidənin biri Şəhidlər Xiyabanının girişində, digəri isə indiki yerində olsun. Prezident Administrasiyasının nümayəndələri dedilər ki, necə olacaq, Prezident piyada o biri başa gedəcəkmi? Mən təklif elədim ki, hər iki fikir saxlanılsın, amma əmin idim ki, prezident mənim ideyamı daha çox bəyənəcək.
Yer elə seçilməli idi ki, şəhərin görüntüsü əks edilsin. Abidə elə yerdə qurulmalı idi ki, o, abidəyə getmək özü bir mərasim kimi olsun. Bu, çox vacib idi. İnsanlar düşünürdülər, Prezident o boyda yolu piyada necə gedəcək. Mən isə dedim ki, gedəcək, özü də təntənəli şəkildə gedəcək. Naxçıvandakı abidənin yerini də mən tövsiyə etdim. Prezident razılaşdı.
- Şəhərin görüntüsü və memarlıq abidələrindən söz düşmüşkən, bizdə daha çox tanınmış şəxsiyyətlər, mədəniyyət xadimləri, şairlər və başqalarına abidələr daha çox qoyulur. Xarici ölkələrdə kiçik, kreativ heykəllərə rast gəlirik. Bizdə niyə bu ənənə yoxdur?
- Sovet dövründə bizə heykəlləri ucaldılacaq şəxsiyyətlərin siyahısı verilmişdi. Bu siyahıda ilk növbədə mədəniyyət xadimlərinin adları var idi. Nizami, Füzuli, Natəvan, Sabir və digərlərinin. Qəhrəmanların heykəllərini düzəltməyi çatdırmadıq. Çünki sonradan bu işlə vəzifəli ,lakin bu işə aidiyyatı olmayan şəxslər məşğul oldular. Ola bilsin, onları maliyyələri var, amma bu məsələdən bixəbərdirlər. Əksəriyyət Prezidentə sürpriz etmək istəyir, lakin düşünmürlər ki, bu sürpriz bəyənilməyə də bilər. Nəticədə xüsusən bu heykəllər artıq ucaldılanda məlum olur ki, pul hədər gedib. Bu, bizim mədəniyyətimiz və incəsənətimiz üçün biabırçı haldır. Qonşu ölkələrin nümayəndələri Azərbaycanda qoyulan Nizaminin heykəlinə baxırlar və bəyənirlər. Tbilisidə Şota Rustaveli, yaxud şəhərin yaradıcısı Qordasalinin möhtəşəm şəkildə ucaldılmış abidəsinə baxırlar. Bu abidə çox da böyük deyil, amma böyük görünür. Bu da düzgün ucaltmadan asılıdır.
Böyük abidəni elə ucaltmaq olar ki, o, balaca görünsün. Məsələn, Moskva Dövlət Universitetinin yanında heykəl ucaltsaq, o, balaca görünər. Buna görə də onlar heykəli universitetdən uzaq yerləşdiriblər. Biz Heydər Əliyevin Naxçıvandakı büstünü bunları nəzərə alaraq, Mömünə xatun meydanında ucaltmışıq. Meydan boşdur, genişdir, hətta dağlar büstdan balaca görünür. Əslində o büstün hündürlüyü 3 metrdir, amma çox hündür görünür. Məkanın seçilməsi çox vacibdir. Əcnəbilər İrəvana gedəndə David Sasulovskinin heykəlinə, sonra da Azərbaycanda Koroğlunun heykəlinə baxırlar.
Fikirləşirlər ki, müsəlmanlardılar, İslam heykəltəraşlığın inkişafına imkan verməyib. Xüsusilə böyük abidələri pis hazırlamaq olmaz. Bu xalq və tarix üçün rüsvayçılıq əlamətidir. Böyük adamlar, administratorlar yaxşılıq etmək istəyirlər deyə öz öhdələrinə lazım olmayan məsələləri götürməklə böyük səhvə yol verirlər. Prezidentin ola bilsin, buna vaxtı olmasın, ölkə sürətlə inkişaf edir, bu insanlar az da olsa savadlı olsaydılar, ölkə başçısı ilə məsləhətləşərdilər, onun rəyini alardılar . Onlar isə yalnız sürpriz etmək istəyirlər.
Mən düşünürəm ki, Prezidentin etibar etdiyi peşəkarlardan ibarət şura olmalıdır. Qeyri-rəsmi formada da ola bilər, amma mütləq orada peşəkarlar təmsil olunmalıdır. Layihəyə baxan ona rəy bildirə biləcək. Memarlar, inşaatçılar, rəssamlar və hətta bəzi musiqiçilər də orada ola bilər. Mən düşünürəm ki, bizdə bu səhv Koroğlunun heykəli ilə bağlı baş verib. Axı bu heykəl hansısa yazıçıya və yaxud bəstəkara aid deyil. Bu heykəl meydan üçün ucaldılıb. Böyük heykəllər isə rayon üçün ucaldılır. Məsələn, Kirovun heykəli bütün şəhər üçün ucaldılmışdı. Heykəllərin inşaat-planı çox dərin məna kəsb edə bilər. Əgər kimsə bu məsuliyyəti öz üzərinə götürürsə, o, bu işə çox məsuliyyətlə yanaşmalıdır.
- Yeri gəlmişkən, dünyaşöhrətli alim Lütfi Zadənin qəbirüstü abidəsi çox tənqid edildi. Deyilənlərə münasibətiniz necədir?
- Lütfi Zadənin heykəlini qınayanlar axmaqdırlar. Onlar heykəlin mənasını anlamırlar. Orada hər şey çox aydın görünür. Mən heykəlin müəllifi kimi düşünürəm ki, heykəl uğurlu alınıb. Mənim məqsədim Lütfi Zadəni tanıtmaq idi. Lütfi Zadəni tanıyanlar azdır. O fiqurda Lütfi Zadənin elmin daş divarlarını necə açaraq yeni bir işıq saçdığı göstərilib. Mən məhz bunu çatdırmaq istəyirdim. Bunu anlamayanlar soruşurdu ki, axı o, neyləyir?! Yeri gəlmişkən, heykəl onun özünə çox oxşayır.