17 Dekabr 2018 14:01
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını politoloq Qabil Hüseynli cavablandırıb. Müsahibəni təqdim edirik:

– Qabil müəllim, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dohada keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin ekstradisiyası məsələsi üzərində iş aparıldığını söyləyib. Siz bu açıqlamanı necə qiymətləndirirsiniz?

– Zənnimcə, bunun heç heç bir nəticəsi olmayacaq. Tramp iş aparıldığını deyəndə məhkəmənin bununla bağlı apardığı təhqiqatları nəzərdə tutur. Amerikada siyasi iradə olsa belə, bir şəxsin məhkəməsiz başqa ölkəyə verilməsi baş tutmur. Amerika məhkəməsi də kifayət qədər ədalətə söykənən bir məhkəmədir. Eyni zamanda Fətullah Gülən haqqında ABŞ-a təqdim edilmiş sübutlar məhkəmə tərəfindən o qədər də rəğbətlə qarşılanmır və bu sübutları Gülən haqqında qərar çıxarmaq üçün yetərli sübutlar kimi qəbul etmirlər. Bu səbəbdən Çavuşoğlunun bu açıqlamasından yola çıxaraq “Ərdoğanla Tramp arasında Gülənlə bağlı razılaşma əldə edildi” söyləmək hələ çox tezdir.

– Yəni, siz bu məsələyə skeptik yanaşırsınız…

– Bəli, mən buna skeptik yanaşıram. Hətta, Gülənin ekstradisiyasının baş tuta bilməyəcəyi qənaətindəyəm. Çünki məhkəmə qərarı olmadan heç kim o şəxsi Türkiyəyə verə bilməz. Məhkəmə isə bu işə əvvəldən axıradək şübhəli yanaşır və müsbət qərar çıxarmağa hazır deyil.

– Mövlud Çavuşoğlunun digər bir açıqlaması ABŞ-ın Suriyadan çəkilməsi ilə bağlı olub. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Suriyanı tərk etmək imkanlarını nəzərdən keçirir. Hazırda ABŞ-ın Suriyada iştirakı hansı formadadır?

– ABŞ Suriyada fəaliyyət göstərən böyük bir koalisiya yaradıb. Bura 20-dən artıq dövlət daxildir. Amerikanın başçılığı altında olan bu koalisiya Suriyada həm İŞİD qalıqlarına qarşı mübarizə aparır, həm də yeri gələndə təhlükəsizlik tədbirlərini həyata keçirir. Amerikanın bu məsələdə yalnız bir səhvi var. Bu da ondan ibarətdir ki, o, hərbi əməliyyatlar apararkən, Suriya Demokratik Qüvvələri adı altında bir birlik yaradıb. Bu birliyin əsas özəyini də Suriya kürdləri, hətta PKK-nın müəyyən dəstələri təşkil edir. Bu nöqteyi-nəzərdən Amerikanın Suriyadakı kürdlərə gələcəkdə muxtariyyat vəd etməsi Türkiyə ilə ABŞ arasındakı narazılıqların əsas mənbəyidir. Türkiyə dəfələrlə bu birliyə 4500 TIR-dan artıq silah-sursat göndərildiyi barədə məlumata malik olduğunu açıqlayıb. Bütün bunlar ABŞ-Türkiyə münasibətlərində yaranmış gərginliyin əsas səbəblərindən biridir.

– Sizcə ABŞ-ın Suriyanı tərk etməsi realdırmı?

– Zənnimcə, bu məsələyə də ehtiyatla yanaşmaq lazımdır. ABŞ və onun başçılıq etdiyi koalisiyanın Suriyanı tərk etməsi Suriyanı birdən-birə Rusiyaya təslim etmək deməkdir. ABŞ-Rusiya qarşıdurmasının getdikcə dərinləşdiyi indiki şəraitdə bunu etmək o qədər də asan deyil. Üstəlik, Tramp belə bir siyasi iradəyə malik deyil. Amerikanın maraqlarını müdafiə edən “dərin dövlət” deyilən siyasi qüvvələr Trampın belə bir qərar qəbul etməsinə müsbət yanaşmazlar. Üstəlik, Trampı qarşıda hələ çox ciddi sınaqlar gözləyir. Nəzərə alsaq ki, bura impiçment də daxildir. Bütün bunlar çox böyük ehtimalla Trampın Suriya ilə bağlı hansısa mövqe nümayiş etdirməsini mümkünsüz edir.

– Suriyanın İdlib əyalətinin qubernatoru vəzifəsinin icraçısı Məhəmməd Fadi Saun Türkiyəni Soçidə əldə olunmuş razılaşmalara dair öz öhdəliklərini yerinə yetirmək istəməməkdə ittiham edib. O qeyd edib ki, Türkiyə tərəfi silahlı qrupların demilitarizasiya zonasından kənarlaşdırılması üçün öz öhdəliyini yerinə yetirmir…

– Əvvəla, qubernator vəzifəsinin icraçısı milliyyətcə kürddür. O, “ağ yalan” danışır. Vladimir Putin özü dəfələrlə bəyan edib ki, türkiyəli tərəfdaşları Soçidə əldə edilmiş razılaşmaları çox vicdanla yerinə yetirirlər. Soçidə razılıq əldə olunmuşdu ki, silahlı qüvvələr, xüsusilə “Əl-Nüsra” cəbhəsinin silahlıları həmin bölgədən 15 kilometr şimala doğru çəkilməlidirlər. Türkiyə bunun üçün təxminən 1 ay vaxt tələb etmişdi. Ancaq Rusiya 15 gün istəyirdi. Buna baxmayaraq, Türkiyə 15 gün ərzində həmin qüvvələri İdlib rayonundan tamamilə uzaqlaşdırmağa nail oldu və onları Afrinin dağlıq bölgələrinə tərəf çəkilməyə, ağır silahları isə həmin bölgəyə daşımağa məcbur etdi. Yəni, Türkiyə bütün öhdəliklərini yerinə yetirib. Bəlkə kimlərsə bu bölgədən suriyalıların tamamilə çxarılmasını, onların öz Vətənlərini tərk etməsini istəyir. Amma Türkiyə belə bir hərəkətdə buluna bilməz. Suriya Azadlıq Ordusu, müəyyən anti-hökumət qüvvələri sözsüz ki, Türkiyə ilə əməkdaşlıq edir, onun əmrlərini yeritə yetirir. Buna görə də Əl-Nüsra” cəbhəsi xaric Türkiyə onları himayə etməyə borcludur. Burada kimlərsə hansısa avantüranı düşünürlərsə, bu avantüra Türkiyə ilə Suriya Azadlıq Ordusu və digər müxalif qüvvələrin arasını vurmaq, Türkiyənin özünün Suriya məsələsinə dair mövqeyini sarsıtmaq və Suriya ilə bağlı qərarların qəbulunda onu iştirakdan məhrum etmək istəyənlərin arzularıdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər