“Cənab prezident düzgün olaraq vurğuladı ki, Ermənistanda baş vermiş hadisələrin əsas səbəbi ədalətsizlik və özbaşınalıqdır”.
Bunu Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri
Teleqraf.com-a şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Partiya rəsmisi hesab edir ki, Azərbaycan prezidentinin Ermənistanda baş verənlərlə bağlı fikirləri həqiqəti əks etdirir:
“Ermənistandakı hakimiyyətlərin hamısı səhra komandirlərindən ibarət olub. Yəni, onların hamısı Qarabağda azərbaycanlılarla vuruşan qatillərdir. İstər Robert Köçəryan, istərsə də Serj Sərkisyan səhra komandirləri olub. Buna görə də, onlar Ermənistanı hərbi xunta kimi idarə ediblər. İşğal etmək, məhv etmək və öldürməyə olan hərislikləri də buradan irəli gəlir. Xocalıda dünyanın qəbul etdiyi dəhşətli bir soyqırımı həyata keçirən – silahsız insanları, uşaqları qətlə yetirən Serj Sərkisyan məhz hərbi dəstəklə hakimiyyətə gəlmişdi. Köçəryan da hakimiyyətə bu yolla gəlib çıxıb.
Ermənistandakı mövcud vəziyyət də demokratik ənənələrə söykənmir. Bu günədək Ermənistanda hakimiyyətdə olan bütün qüvvələr öz komandalarını qohumlarından və öz yaxın ətraflarından formalaşdırıblar. Köçəryan-Sərkisyan klanının tayfabazlığı cəmiyyətin kütləvi etirazına və bu qanlı rejimin devrilməsinə gətirib çıxardı. Yəni cənab Prezidentin də dediyi kimi, Ermənistanda baş vermiş hadisələrin əsas səbəbi bu kimi özbaşınalıqlar oldu”.
Niyaməddin Orduxanlının fikrincə, hazırkı Nikol Paşinyan rejimi də Köçəryan və Sərkisyan dönəmindən qalmış mühiti dəyişə biləcək:
“Təsəvvür edin ki, Sərkisyan dönəmində müdafiə nazirinin müavini olmuş Qriqor Manvelyan pul verərək, həbsdən azad oldu. Paşinyan isə açıqlama verərək bildirdi ki, məhkəmənin qərarından təəssüf hissi keçirir. Bu isə o deməkdir ki, Paşinyan hələ də, hakimiyyətə nəzarət etmək imkanında deyil. Buna görə də düşünmürəm ki, Paşinyanın hakimiyyəti uzun çəkəcək, onun üçün asan olmayacaq. Çünki keçmiş hakimiyyətdə təmsil olunmuş şəxslərin əllərində kifayət qədər böyük kapitallar var. Bu da Ermənistan cəmiyyətinə öz təsirini göstərəcək”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edərkən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı önəmli mesajlar verib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Ermənistanda baş vermiş hadisələrin əsas səbəbi səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır.