“Gələcəkdə bir-birinə qonşu olan ölkələr arasında inteqrasiya güclənə bilər, yəni subregional birliklər ortaya çıxa bilər. Lakin unutmaq olmaz ki, SSRİ-nin dağılmasından sonra Şərqi Avropa, Çexiya, Polşa və digər ölkələr Avropanın ayrılmaz tərkib hissəsinə çevrildilər. Ukrayna və Belarus da artıq siyasi mənada “Rusiyanın qərbi” adlandırılmır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Qazaxıstandan olan politoloq, Almatı Universitetinin professoru Askar Nurşa deyib.
Onun Ermənistanda nəşr olunan “Lragir” qəzetinə müsahibəsini təqdim edirik:
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində narahatlıq var. Yuri Xaçaturovun vaxtından əvvəl istefaya göndərilməsindən sonra yeni baş katib məsələsi ətrafında yaranmış toqquşmaları artıq gizlətmək mümkün deyil. Yeni baş katibin təyin edilməsi adi texniki məsələ olsa da, bu, mürəkkəb hala gəldi və təşkilat daxilində ciddi problemlərin olduğunu üzə çıxardı. Niyə müttəfiqlər arasında belə bir prosesin şahidi oluruq?
- Yazda Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Məlumdur ki, yeni siyasi qüvvələr keçmiş hakimiyyətə təzyiq etməyə, onların iqtidardakı nümayəndələrini dəyişdirməyə başladı. Bu, bəzi prosessual problemlərə səbəb oldu. Ermənistanın bu problemləri asanlıqla həll etməsi və baş katibi yeni bir nümayəndə ilə əvəz etməsi texniki cəhətdən mümkün idi. Lakin Ermənistanın yeni hakimiyyəti etibarsızdır. Buna görə də texniki məsələ mürəkkəbləşdi, çünki bu posta digər ölkə rəhbərlik edəcək, Ermənistan yox… Yeni baş katibin digər ölkədən təyin edilməsi Ermənistan variantının üstündən xətt çəkəcək.
- Ermənistanın yeni rəhbərliyi bəyan edir ki, bu, ölkənin xarici siyasət kursunu dəyişdirmək niyyətində deyil, yəni əvvəlki rəhbərliyin xarici siyasət vektoruna sadiqdir. Yəni, KTMT və Avrasiya İttifaqına inteqrasiya siyasəti davam etdiriləcək…
- Ermənistanın yeni hakimiyyətinin davranışları və baş katibə qarşı cinayət işinin açılması, Rusiya ilə oyun qaydalarının pozulması kimi şərh olunur. Biz yazılmamış qaydalar haqqında danışırıq. Aydındır ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs edilməsi və Yuri Xaçaturova cinayət işinin açılmasına cavab olaraq, Rusiya onları müdafiə edir. Lakin bunu Ermənistanın daxili işlərinə qarışmadan da edə bilməz. Yəni, Ermənistanın KTMT daxilindəki davranışlarında olduğu kimi, bu ölkədə baş vermiş hakimiyyət dəyişikliyinə də mənfi münasibət var.
- Belə mübahisələrin yaranmasının əsas səbəbi KTMT və Avrasiya İttifaqı çərçivəsində müttəfiqlərin ümumi maraqlardan çıxış edə bilməməsidir. Məsələn, Ermənistan və Belarus, Ermənistan və Qazaxıstan arasında təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqları var. Bütün bunların da Rusiyaya bağlı olduğu ehtimalı var. Bu fikirlə razısınız?
- Keçmiş Sovet coğrafiyası daxilindəki münasibətlər artıq əvvəlki kimi deyil. Bu münasibətlər tamamilə çürüyüb. 30 il ərzində bu münasibətlər bir neçə böhrandan keçib. Məsələn, Orta Asiya bölgəsində olan dövlətlər, sadəcə olaraq, bir-birlərini tanıyırlar, yəni aralarında o qədər də isti münasibətlər yoxdur. Lakin Belarus və Rusiya kimi müttəfiq dövlətlər və proseslərə fərqi prizmadan yanaşmağa çalışan Qafqaz bölgəsi də var. Keçmiş Sovet coğrafiyasında olan ölkələrin demək olar ki, hamısı Rusiya ilə ikitərəfli münasibətlərə üstünlük verməyə çalışırlar.
Məsələn, Ermənistan və Qazaxıstan… Rusiya ilə ikitərəfli əlaqələrə üstünlük verirlər, amma öz aralarında bunu istəmirlər. Qazaxıstan və Ermənistan arasında güclü bağlar yoxdur. Bəli, təhlükəsizlik baxımından KTMT üzvü olsalar da, bir sıra məsələlərdə ciddi fikir ayrılıqları var. Bunu da unutmamaq lazımdır ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bir neçə il əvvəl savaş baş verəcəyi halda, hərbi qüvvələrini Orta Asiyaya göndərməyəcəyini bildirmişdi. Yəni, bir-birlərinə münasibətdə isti görünmələrinə baxmayaraq, müstəqil olduqlarını göstərirlər.
Sistemli bir iqtisadi əlaqə də yoxdur. İttifaq daxilində Qazaxıstan, Belarus və Rusiya arasında iqtisadi bağlar var, amma bu münasibətləri siyasiləşdirmək istəmirlər. Ermənistan da belədir, Ermənistan KTMT müttəfiqi olmasına baxmayaraq, Orta Asiyanı yox, Avropa bazarını seçir. Digər müttəfiqlər də, ayrı-ayrı məsələlər baxımından uzlaşa bilmirlər. Digər yandan da, Qazaxıstan Rusiyanın münasibətlərinin gərgin olduğu Şərqi Avropa ölkələri ilə münasibətlərini inkişaf etdirir. Yenə də Qazaxıstan Avropa bazarına çıxmaq üçün Türkiyə, Azərbaycan və Gürcüstanla təmaslarını sıxlaşdırır. Ermənistan isə bu xəttin kənarında qalır. Hava əlaqələrinin olmaması da, Ermənistanla yanaşı, Moldova da Qazaxıstan üçün cəlbedici gəlmir.
- Bu məkanda yerləşən ölkələr arasında əlaqələri gücləndirmək üçün hansı alternativlər irəli sürülə bilər?
- Əlbəttə, gələcəkdə bir-birinə qonşu olan ölkələr arasında inteqrasiya güclənə bilər, yəni subregional birliklər ortaya çıxa bilər. Lakin unutmaq olmaz ki, SSRİ-nin dağılmasından sonra Şərqi Avropa, Çexiya, Polşa və digər ölkələr Avropanın ayrılmaz tərkib hissəsinə çevrildilər. Ukrayna və Belarus da, artıq siyasi mənada “Rusiyanın qərbi” adlandırılmır. Baltikyanı ölkələri də, keçmiş Sovet coğrafiyasına daxil olduğuna inanan az insan var. Yəni, yeni kimlik və yeni birlik axtarışları gedir. Orta Asiyaya gəlincə, bu bölgədə yerləşən dövlətlər Əfqanıstan, Xəzər dənizi və Azərbaycan üzərindən digər ölkələrlə münasibətlərini gücləndirirlər, bu proses gələcəkdə də davam edəcək.