İran səfərimiz yüksək səviyyədə baş tutdu. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Hadı Rəcəbli, İsa Həbibbəyli, Şəmsəddin Hacıyev və mən İrana səfər etdik. Orada maraqlı görüş və müzakirələrimiz oldu. Səfərin birinci günü İran prezidenti Həsən Ruhani ilə görüşdük.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov dekabrın 25-26-da İrana səfəri haqqında danışarkən deyib.
Deputat bildirib ki, prezident Həsən Ruhani ilə görüş yüksək səviyyədə keçirilib: “Açığı görüşlə bağlı təəssüratım çox yüksəkdir. Prezident Həsən Ruhaninin bizim xalqımıza, ulu öndərimiz Heydər Əliyevə, möhtərəm prezidentimiz İlham Əliyevə olan ehtiramını hiss etdim. Həsən Ruhani görüş zamanı dedi ki, 1990-cı illərdə Azərbaycan-İran münasibətlərində gərginlik yaranmışdı. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu gərginliyi aradan qaldırdı. Bu fikirləri Prezident Həsən Ruhani etiraf etdi. Prezident dedi ki, iqtisadiyyat, ticarət əlaqələri düzələn məsələlərdir, təki xalqlarımız və rəhbərlərimiz arasında dostluq olsun. Bu fikirləri mən də bölüşürəm. Bütün problemlər dostluq fonunda düzəlir. Hesab edirəm ki, İran və Azərbaycan arasında dostluq və yüksək səviyyəli əlaqələr var”.
Deputat əlavə edib ki, Azərbaycan nümayəndə heyəti İran prezidenti Həsən Ruhanidən ilə yanaşı digər yüksək səviyyəli dövlət adamları ilə də müzakirələr aparıb: “Səfər zamanı İran Məclisinin sədri, xarici işlər naziri, təhlükəsizlik komitəsinin sədri ilə də görüş keçirdik. Daha sonra Tehrandan Urmiyəyə getdik. Urmiyədə bizi yüksək səviyyədə qarşıladılar. Qərbi Azərbaycan valisi ilə görüşüb müzakirələr apardıq. Urmiyədə maşınqayırma zavodunda olduq. Çox yüksək səviyyəli texnologiya ilə tanış olduq, bizi maraqlandıran məsələlər haqqında suallar verib müvafiq cavablar aldıq. Sonda da mətbuat konfransı oldu”.
Deputat söyləyib ki, səfər zamanı Tehranda da azərbaycanlılarla rastlaşıb: “Urmiyə əhalisinin 99 faizini azərbaycanlılar təşkil edir. Orada özümüzü evimizdəki kimi hiss etdik. Farslar da bizə doğma qardaşları kimi baxır. Ümumiyyətlə, əlaqələrin səviyyəsi ölkə başçıları arasında olan münasibətlərdən asılıdır. Dövlət başçılarının dostluğu elə xalqların dostluğu deməkdir. Urmiyədə şəhərdə gəzdik. Biz orada özümüzə qarşı doğmalıq gördük. Bu mənada səfərdən yüksək əhval-ruhiyyə ilə qayıtdıq. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə maraqlı görüşlərimiz keçdi”.