4 Fevral 2019 21:13
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın İraqdakı hərbi bazadan İrana qarşı istifadə olunduğuna dair açıqlaması Bağdadda narahatlıq doğurub.

Teleqraf.com xəbər verir ki, Tramp İŞİD-in son sığınacaqlarını məhv edəndən sonra ABŞ hərbçilərinin İraqdakı hərbi bazada yerləşdiriləcəyini qeyd edib.

Tramp əlavə edib ki, ABŞ İsraili qorumaq zorundadır: "İraqdakı bazanı saxlayacağıq. Məqsədimiz həm də İranı izləməkdir, çünki İran əsl problemdir".

İraq prezidenti Bəhram Saleh Trampın açıqlamasına cavab olaraq qeyd edib ki, ABŞ əsgərlərinin İranı nəzarətdə saxlamaq məqsədilə İraqda olduqlarından xəbərsizdir və bunun üçün onlardan icazə alınmayıb.

Politoloq Elxan Şahinoğluna görə, ABŞ prezident Donald Tramp məlum açıqlaması ilə İraqa problem yaradıb: "Tramp bir neçə gün əvvəl deyib ki, ABŞ vaxtilə İraqdakı hərbi bazasının qurulmasına böyük pullar xərcləyib və ona görə də bu bazadan daha çox faydalanmaq fikrindədir. Trampın sonrakı cümləsi İrana aid olub: “İraqdakı hərbi bazadan İranı nəzarətdə saxlamaq üçün istifadə edəcəyik”.

E.Şahinoğlu hesab edir ki, bu açıqlamaya ehtiyac yox idi: "Çünki hamı bilir ki, onsuz da ABŞ İraqdakı hərbi bazadan yalnız terrorçulara qarşı mübarizədə istifadə etmir, qonşu İranda kəşfiyyat məlumatlarının toplanması üçün faydalanır. Ancaq heç bir Amerika prezidenti bunu açıq dilə gətirməzdi... Trampdan başqa. İndi İraq prezidenti and-aman edir ki, Bağdad heç zaman imkan verməz ki, onun torpaqlarından qonşu İrana qarşı istifadə edilsin. Tramp bu açıqlamasıyla özünə başqa bir problem də yaradıb. Ağ Ev sahibinin məlum açıqlamasından sonra İraq parlamenti tələb edir ki, Amerika ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığa yenidən baxılsın və bu çərçivədə hərbi bazanın qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılsın. Tramp qaş düzəltmək istəyərkən, gözü vurub çıxartdı".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər