“Beynəlxalq hüquq normaları çərçivəsində müstəqil Gürcüstanın daxili işlərinə qarışa bilmərik. Gürcüstan müstəqil dövlətdir, istənilən ölkə ilə də, münasibətlərini özünün milli maraqları kontekstindən qura bilər. Amma Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət əlaqəsi saxlamasına imkan verməklə, Ermənistanı iqtisadi blokada vəziyyətindən çıxarır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspert hesab edir ki, Abxaziya və Cənubi Osetiya üzərindən Ermənistan və Rusiya arasında dəmir yolu xəttinin çəkilməsinə razılıq vermək, Gürcüstandan çox Ermənistanın xeyrinə olan addımdır:
“Amma Gürcüstan Şevardnadze, Saakaşvili və İvanişvili dönəmlərində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayıb. Amma indiki Gürcüstan hökuməti bu addımı atmaqla Ermənistanın yeni iqtidarına dəhliz açmış olur.
Nəzərə alsaq ki, Ermənistanın Rusiyanın strateji müttəfiqidir, gürcü hökumətinin bu addımı İrəvanın xeyrinə olacaq. Amma Paşinyanın yürütdüyü siyasət hələlik Rusiyanın maraqlarını əks etdirmir. “Qazprom”un Ermənistana satdığı qazın qiymətini artırması, Moskvaya səfəri çərçivəsində Vladimir Putinin Paşinyanı qəbul etməməsi də göstərir ki, ikitərəfli münasibətlərdə gərginlik var.
Amma Gürcüstan hökumətinin bu addımı yumşaq dillə desək, Azərbaycana, Azərbaycan xalqına badalaq gəlmək kimi qiymətləndirilə bilər. Lakin vaxtilə Gürcüstan Rusiyanın təcavüzünə məruz qalanda, Azərbaycanın atdığı addımla Gürcüstanı enerji blokadasından çıxardı.
Mən 2008-ci ilin məlum hadisələrini nəzərdə tuturam. O zaman Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan qazının Gürcüstana dünya bazarından daha aşağı qiymətlərlə satılması haqda qərar qəbul olundu”.
Elşən Manafov xatırladıb ki, ötən illər ərzində Gürcüstan ərazilərindən Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars və digər beynəlxalq əhəmiyyətli xətlər çəkilib: “Gürcüstan hər il bu xətlərdən 10 milyonlarla dollar dəyərində gəlir götürür. Yəni, Gürcüstan bu addımı atarkən bunları da nəzərə almalı idi. İkitərəfli iqtisadi əlaqələrdə Gürcüstanın xeyrinə olan bir çox faktorlar var ki, bunları da nəzərə alanda, Tiflisin atdığı bu addımlar təəssüf doğurmaya bilməz”.
Qeyd edək ki, Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin bərpasına razılaşmağa hazırlaşır. Bu mövzuda illərdir İsveçrədə rus və gürcü diplomatlar arasında danışıqlar gedir. Hazırda danışıqlar yekunlaşmağa yaxındır.