8 Fevral 2019 09:01
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə vaxt ki Güney Azərbaycandan olan bir soydaşımız etiraz edib, hansısa problemini dilə gətirib, dərhal İran hakimiyyəti ona hədə ilə cavab verib”.

Bunu Teleqraf.com-a açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, İran hakimiyyəti heç vaxt ermənilər də daxil olmaqla bütün millətlərə nümayiş etdirdiyi münasibəti Azərbaycan türklərinə göstərməyib:

“Həmişə təzyiqlərə, həbslərə, təhdidlərə, təhqirlərə Azərbaycan türkləri məruz qalıb. Digər millətlərə isə İran hakimiyyəti həmişə öz milli kimliklərini, tarixlərini, milli dəyərlərini qorumağa imkan yaradıb. İranda yaşayan həmin millətlərə bütün üstünlüklər tanınıb. İran isə həmişə bizi “din qardaşı” adlandırıb. Amma məlum olur ki, bu sözdədir.

Sən İran olaraq necə din qardaşısan ki, Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla bütün istiqamətlərdə əlaqələrin var? Sən necə din qardaşısan ki, Xocalı soyqırımını törətmiş, 1 milyondan çox insanı öz yurdundan didərgin salmış bir işğalçı ölkəyə göstərdiyin münasibəti bizə göstərmirsən? İranın Ermənistana bu münasibəti bütün zamanlarda bizdən qat-qat yaxşı olub.

Buna görə də İran hakimiyyətinin Abbas Lisani də daxil olmaqla Güneydən olan digər soydaşlarımıza qarşı apardığı bu təzyiq siyasəti təəccüblü deyil. Bu kimi məsələləri ictimailəşdirib beynəlxalq aləmin diqqətini İrana çəkmək lazımdır. Beynəlxalq qurumlar ayağa qaldırılmalıdır”.

Tənzilə Rüstəmxanlı bildirib ki, indiyədək olan beynəlxalq etirazlara baxmayaraq, İran hakimiyyətinin repressiya siyasətini davam etdirməsi onu göstərir ki, bu dövlətə qarşı kifayət qədər təzyiq edilmir:

“Bəzi dövlətlərin bəziləri iqtisadi, bəziləri siyasi maraqlarına görə İrana təzyiq etmir, bəzilərinin də gücü çatmır. Nəticədə orada ən çox zülmə Azərbaycan türkləri məruz qalır. Beləliklə qarşımızda Abbas Lisani kimi öz mədəni haqlarını dilə gətirənlərə işgəncə verən İran dövləti var”.

Qeyd edək ki, 23 gün əvvəl İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən həbs edilmiş güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqda ailəsinə məlumat verilmir. Fəalın hansı şəraitdə saxlanıldığı məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər