14 Fevral 2019 20:15
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş baş tutacaq. Rusiya Xarici işlər naziri Sergey Lavrovun da bu görüşə qatılacağı gözlənilir”.

Rusiya mediasında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə dair gizli danışıqların başlaması haqda yayılmış iddianı Teleqraf.com-a şərh edən politoloq Elxan Şahinoğlu belə deyib.

Onun sözlərinə görə, Rusiya bir sıra məsələlərin həllində aktivlik nümayiş etdirməyə çalışır:

“Mümkündür ki, bu üçlü görüşə qədər Rusiya münaqişə tərəfləri arasında hansısa məsələni razılaşdırmağa çalışır. Bu da belə bir iddianın ortaya çıxmasına şərait yaradır, ya da bunu bilərəkdən ortaya atırlar. Amma mən Münhen görüşündən də nəticə gözləmirəm. Çünki Nikol Paşinyan açıq formada danışıqlardan çəkilmək istədiyini bildirir və iddia edir ki, danışıqlar Qarabağdakı separatçı rejim və Azərbaycan arasında aparılmalıdır. Belə olan halda hansı nəticədən söhbət gedə bilər?”.

Elxan Şahinoğlu Azərbaycanın Qarabağdakı separatçı rejimlə danışıqlara getmək ehtimalından da danışıb:

“Azərbaycanın Qarabağ separatçıları ilə danışıqlara getməsi mümkün deyil. Qarabağdakı separatçı rejimlə ən yaxşı halda, Qarabağın azərbaycanlı icmasının rəhbəri görüşə bilər. Nə vaxt ki əraziləri tamamilə boşaldacaqlar, bu halda Qarabağ separatçıları ilə danışmaq mümkündür. Digər tərəfdən, torpaqları Ermənistan işğal edib və danışıqlar da bu ölkə ilə aparılmalıdır”.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Lenta.ru saytında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə gizli danışıqların başladığına dair analitik material dərc olunub.

Yazıda qeyd olunub ki, danışıqlar masasında baş verənləri yalnız təxmin etmək mümkündür: “Ancaq bir şey gün kimi aydındır ki, bağlı qapılar arxasında yeni nələrsə müzakirə olunur – hər iki tərəfi maraqlandıran və potensial olaraq münaqişənin həllini daha da yaxınlaşdıra bilən bir variant. Dolayı əlamətlərlə artıq indidən bəzi nəticələrə gəlmək mümkündür. Ən mühüm nəticə belədir: aydındır ki, “Madrid prinsipləri” gündəmdən çıxarılıb və ya onun üzərində ciddi şəkildə işlənilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər